Bayramov Klaara “Qisas” əməliyyatından DANIŞDIbackend

Bayramov Klaara "Qisas" əməliyyatından DANIŞDI

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı baş tutub.

XİN-dən KONKRET.az-a verilən məlumata görə, telefon danışığı zamanı tərəflər arasında bölgədə cari vəziyyət və yaranmış gərginlik müzakirə olunub.

C.Bayramov son günlərdə Ermənistan tərəfindən həm iki dövlətin sərhəd bölgəsində, həm də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində təxribatlar törədildiyi, avqustun 3-də qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin intensiv atəşə tutulması nəticəsində bir hərbi qulluqçumuzun şəhid olması faktını qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycan Silahlı Qüvvələrinin öz suveren ərazilərində hərbi təxribatlara adekvat cavab tədbirləri həyata keçirdiyi vurğulanıb.

Nazir Ermənistan tərəfinin bu təxribatlarının Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında bəyanatların kobud pozuntusu olduğunu və vasitəçilik səylərinə xələl gətirdiyini bildirib. C.Bayramov 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər Ermənistan silahlı qüvvələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığını və bunun yolverilməz olduğunu vurğulayıb. Ermənistan tərəfindən götürülmüş öhdəliklərin yerinə yetirilməməsinin bölgədə yaşanan gərginliyin əsas səbəbi olduğu diqqətə çatdırılıb.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*