Keçmiş təhsil naziri Misir Mərdanovun “11 il məktəbdə rus dilini öyrədə bilmirik, amma o şagird sonra Rusiyaya gedib bazarda bir neçə ay işləyib rus dilini öyrənir. Biz bu işin metodikasını yaxşı bilmirik” fikirlərinə təhsil eksperti Ramin Nurəliyev münasibət bildirib.
Ekspert KONKRET.az-a açıqlamasında bildirib ki, praktiki və nəzəri məsələləri bir-birinə qarışdırmaq düzgün deyil:
“Orta ümumtəhsil məktəblərində dil öyrədilməsi ilə bağlı müəyyən problemlər mövcuddur. Bu, həm ingilis, həm də rus dilinə aiddir. Amma “öyrədə bilmirik” fikri tam doğru deyil. Çünki rus bölməsi abituriyentləri məktəblərdə rus dilini kifayət qədər yaxşı öyrənirlər – həm nəzəri, həm də qrammatik baxımdan.”
Ramin Nurəliyevin sözlərinə görə, problem daha çox dərs saatlarının azlığından və şagirdlərin rus dilinə marağının aşağı olmasından qaynaqlanır:
“Bir çox məktəbdə rus dili həftədə 1–2 saat tədris olunur. Üstəlik, şagirdlərin əksəriyyəti ingilis dilini öyrənməyə üstünlük verir. Bu da rus dilinin kölgədə qalmasına səbəb olur.”
Ekspert qeyd edib ki, abituriyentlər arasında rus bölməsi şagirdləri rus dilinə xüsusi önəm verdiyindən bu dildə daha uğurlu nəticələr göstərirlər:
“Dil öyrənməkdə şagirdin şəxsi marağı və ehtiyac duyub-duymaması əsas rol oynayır. Əgər bir uşaq gələcək planlarında rus dilinə ehtiyac görürsə, onu həm məktəbdə, həm də kənar resurslarla mənimsəyir.”
Misir Mərdanovun “bazarda işləməklə dil öyrənmək” fikrinə gəlincə isə ekspert qeyd edib ki, praktiki təcrübənin dil biliyinin inkişafında rolu danılmazdır:
“Bu, təkcə Rusiyada deyil, Almaniyada, Fransada, İngiltərədə də belədir. Bir şəxs həmin ölkədə yaşayır, təmasda olur, gündəlik ünsiyyət qurursa, istər-istəməz dili mənimsəyəcək. Praktika dili həm danışıq, həm də qrammatik baxımdan inkişaf etdirir.”
Ekspertin fikrincə, məsələ nə müəllimdən, nə də metodikadan tam qaynaqlanır. Əsas səbəb ehtiyacın və marağın olmamasıdır. Bugünkü qlobal dünyada ingilis dilinin dominantlığı da rus dilinə marağın azalmasında mühüm rol oynayır.
Aynurə İsmayıl
KONKRET.az