Pandemiya ilə əlaqədar artıq iki ildən çoxdur ki, dərslərin keçirilməsində müəyyən məhdudiyyətlər var. Bu da təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Artıq bir çox universitet yeni tədris ilində dərslərin ənənəvi formada keçiriləcəyi ilə bağlı məlumat yayıb. Yeni tədris ilinin başlamasına sayılı günlər qalsa da, ölkənin ən böyük və nüfuzlu təhsil ocağı olan Bakı Dövlət Universitetindən (BDU) bu haqda ictimayyətə hələ də dəqiq məlumat verilməyib.
KONKRET.az-a məsələ ilə bağlı mövqeyini açıqlayan professor Qulu Məhərrəmli bildirib ki, vəziyyət mövcud şəraitdən asılıdır. Universitetlərin hansı formada dərslərə başlamasını tək təhsil ocağı həll etmir, bu, respublika miqyaslı bir məsələdir:
“Mən də, BDU-nun digər professor-müəllim heyəti də dərslərin əyani keçirilməsinin tərəfdarıyıq. Onlayn təhsilin tələbələr üçün çox effektsiz və səmərəsiz olduğunu düşünürəm. Elmi Şuranın hansı qərarı çıxaracağını dəqiq deyə bilməsəm də, hər halda şura üzvləri də, universitet rəhbərliyi də tədrisin keyfiyyətinin yüksək səviyyədə olmasında maraqlıdır. Şübhəsiz ki, qərar necə veriləcəksə dərslər də o formada keçiriləcək. Amma məndə olan məlumata görə, dərslərin hibrid formada davam etməsi nəzərdə tutulur. Yəni mühazirələr onlayn, seminarlar isə ənənəvi keçiriləcək.
Amma mən istəyərdim ki, həm mühazirələr, həm də seminarlar əyani keçirilsin. Təbii ki, reallığa baxmaq lazımdır, yəni mövcud şərait necə diqtə edirsə, ona uyğun da qərar veriləcək. Ümumiyyətlə, pandemiya ölkədəki bütün fəaliyyətə çox ciddi zərbə vurub. Burada ən çox zərər görən sahələrdən biri də təhsildir”.
Məsələ ilə əlaqədar KONKRET.az-ın sorğusuna cavab olaraq BDU-nun mətbuat katibi Kəmalə Quliyeva isə bildirib ki, bir-iki günə Elmi Şuranın iclası keçiriləcək:
“Universitet olaraq biz də bu qərarı gözləyirik. Elmi Şura qərar qəbul edən kimi ictimayyətə bu haqda dəqiq məlumat veriləcək”.
Arifə Kərimzadə,
KONKRET.az