Xəbər verdiyimiz kimi, Azərbaycanda 1 400 bələdiyyə birləşdirilir və ümumi say 684-ə endirilir.
Qeyd olunub ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında qanunda dəyişiklik edilməsi barədə” qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində əhalisinin sayı 3 000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1 000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir. Birləşən bələdiyyələrdən ən böyüyü mərkəz hesab edilərək adı müəyyənləşəcək.
Görəsən, sözügedən addımın atılması nə dərəcədə effektiv olacaq?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı bunun faydasız olacağını düşünür:
“Bələdiyyələrin birləşdirilməsinin faydası olmayacaq. Effeksizlik say çoğluğuna görə yox, qanunvericilikdəki səlahiyyət azlığı ilə bağlıdır. Kəmiyyətin azaldılması, keyfiyyətə təsir etməyəcək. Baxın, ya bələdiyyələrin səlahiyyətini artırmalıdırlar, ya da ləğv etməlidirlər. Yaranan gündən heç bir təsir imkanına malik olmayan bu struktur indi də fəaliyyətsizdir. Onlara daha çox hüquq və səlahiyyətin verilməsi idarəetmənin üfüqi istiqamətidir. Yəni bu zaman bələdiyyələr müstəqil olurlar, sanki muxtariyyət formalaşır. Mərkəzdən idarəetmə zəifləyir. Azərbaycanda bu yöndə keçirilən seçkilərdə daha çox bitərəf şəxslər namizəd olur. Ona görə də iqtidar istəməz ki, əlindəki təsir vasitəsini həmin qrupa və ya insana versin. Baxın, adətən Türkiyə modelinə keçməkdən söhbət gedir. Ancaq orada seçkilərdə partiyalar iştirak edir, fərq etmir qalib müxalifət oldu, ya iqtidar. Nəticədə, idarəetmə bir mərkəzdən formalaşır. İndiki məqamda hökumətin belə bir addımı atacağını düşünmürəm”.
Məlik Məlikov,
KONKRET.az