“Mühüm məsələlərdən biri yüklərin xarab olması ilə bağlıdır. Lakin yüklər ən çox hansı hallarda xarab olur? Əsasən qanunsuz və əsassız saxlamalar zamanı”.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib.
“Qonşu ölkələrdə 1–2 saata həll olunan prosedurlar sərhədi keçdikdən sonra 1–2 gün yubadılır. Nəticədə mal xarab olur və məsuliyyət ekspeditorun üzərində qalır və ya müştəri ilə ciddi mübahisələr yaranır. Gələcəkdə beynəlxalq yükdaşımalar artdıqca bu problemlər daha çox üzə çıxacaq. Ona görə də indidən müvafiq qurumların məsuliyyəti qanunda dəqiq göstərilməlidir”, – F.Mustafa bildirib.
Deputat vurğulayıb ki, başqa bir məsələ qəzalı binalarla bağlıdır:
“Dünən dördmərtəbəli binada eyvanın uçması nəticəsində bir qadın xəsarət aldı. Bina qəzalı idi. Ötən gün Bakıxanov qəsəbəsində təxminən 170-ə yaxın qəzalı binanın vəziyyəti ilə tanış olmağa getmişdim. Gördüm ki, dövlət orqanlarına müraciət edilməsinə baxmayaraq, hər kəs yalnız özünü sığortalayır, məsuliyyəti üzərinə götürmür. Sabah həmin binalardan biri uçsa, heç kim cavabdehlik daşımayacaq.
Halbuki çox sadə mexanizm var: bir iş adamı gəlib qəzalı binanı götürür, müəyyən ödəniş edir, dövlət büdcəsindən əlavə vəsait xərclənmir. Məsələn, beşmərtəbəli binanı söküb yerində doqquzmərtəbəli bina tikir. 5 mərtəbənin sakinlərini bir il müddətinə kirayədə yerləşdirir, əlavə 4 mərtəbəni isə satır və öz investisiyasını geri alıb gəlir əldə edir. Bu həm tikinti sahibkarı üçün sərfəlidir, həm də qəzalı binaların yenilənməsinə imkan yaradır”.
