“Bilirəm ki, veto ləğv ediləcək, amma…” – Gürcüstan prezidentibackend

“Bilirəm ki, veto ləğv ediləcək, amma…” – Gürcüstan prezidenti

“Gürcüstanda bu ilin payızında keçiriləcək parlament seçkiləri faktiki olaraq ölkənin xarici siyasəti ilə bağlı referenduma çevriləcək”.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, bu fikri EURACTIV-ə müsahibəsində Gürcüstan prezidenti Salome Zurabişvili deyib.

Onun sözlərinə görə, seçkilər yaxınlaşır və küçədə ifadə olunan mövqedən əlavə insanlar seçkilərdə öz sözlərini deməlidirlər: “Bu isə o deməkdir ki, bu, referendum kimi seçki olacaq: ölkə Avropa İttifaqına (Aİ) doğru irəliləməyə davam etməlidir, yoxsa başqa yolla getməlidir?”.

Onun fikrincə, “Gürcü Arzusu” hökuməti ölkəni Aİ üzvlüyünə apara bilməz və indi ölkə yolayrıcındadır. “Biz vaxt itiririk. Baş verənlər o deməkdir ki, bu hökumət bizi Avropa Komissiyasının müəyyənləşdirdiyi islahatlar yolunda ilin sonuna qədər lazım olan nəticələrə çatdırmaq istəmir. Əvəzində indi diqqətimizi bu qanuna və onun nəticələrinə yönəltmişik”.

Prezident vurğulayıb ki, “Xarici agentlər haqqında” qanun Gürcüstanın Qərb tərəfdaşları ilə münasibətlərini kökündən dəyişib. Bu təşəbbüsü müdafiə edən “Gürcü arzusu”nun liderləri Qərb tərəfdaşlarını təxribatçı fəaliyyətdə və inqilablar hazırlamaqda ittiham edir.

Zurabişvili qanuna veto qoyacağını təsdiqləyib, hərçənd bu, rəmzi addım olacaq. Çünki bunun öhdəsindən gəlmək üçün “Gürcü Arzusu” parlamentdə kifayət qədər səsə malikdir.

“Bilirəm ki, veto ləğv ediləcək, amma fərqi yoxdur, çünki mən bunu küçələrdəki insanlar adından edəcəm”, – deyə Zurabişvili əlavə edib.

Onun sözlərinə görə, yalnız seçkilərdə iştirak edən insanların özləri indiki vəziyyətin ümumi mənzərəsini dəyişə bilərlər.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*