Qardaş Türkiyədə baş verən zəlzələdən günlər keçməsinə baxmayaraq hər kəs bu dəhşətli faciədən danışır və belə təbii fəlakətlərə hazır olmaq üçün yaşadığı binanın davamlılıq məsələsini müzakirə edir. Təbii ki, zəlzələnin yaratdığı psixoloji sarsıntı Bakı sakinlərinin də yuxusunu ərşə çəkib. Ürəyi qardaş Türkiyə ilə döyünən vətəndaşlarımız həm də yaşadıqları binaların zəlzələyə davamlı olub-olmadığını öyrənməyə çalışırlar. Bir çox insanlar hətta bina evlərini sataraq həyət evlərinə köçməyi üstün tuturlar. Bəs görəsən yaşadığımız binaların güclü zəlzələlərə davamlı olub-olmadığını necə öyrənə bilərik?
Mövzunu KONKRET.az-a şərh edən daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, çoxmənzilli yaşayış sahələrində, xüsusən də istismar müddətini başa vuran 3,4,5 mərtəbəli köhnə binalarda hansısa qəzalı vəziyyət varsa, sakinlər ilk öncə aidiyyatı üzrə rayon icra hakimiyyətinə müraciət etməlidir: “Daha sonra icra hakimiyyətinin memarlıq şöbəsi həmin binaya baxış keçirməlidir. Əgər ilkin baxışda binada hansısa görünən və ya görünməyən problemlər aşkar olunsa, o zaman icra hakimiyyəti aidiyyatı üzrə məsələni FHN-in Tikintiyə Nəzarər şöbəsinə yönəltməlidir. Onlar ekspertiza keçirərək binanın qəzalı olub-olmadığına dair rəy verməlidirlər. Vətəndaşlara verilən rəy birbaşa aidiyyatı dövlət qurumlarının rəsmi sənədi hesab olunur”.
Ekspert çoxmərtəbəli binalarda məsələnin tam fərqli olduğunu diqqətə çatdırıb: “Çoxmənzilli binalar təhvil verilərkən aidiyyatı üzrə bütün dövlət qurumlarından lazımı sənədlər toplanılır, torpağın müayinəsi aparılır: “Daha sonra tikinti işlərinə başlanılır. Hər mərtəbədə tikintidə istifadə olunan armaturun, sement və betonun keyfiyyəti yoxlanıldıqdan sonra ondan istifadəyə icazə verilir. Tikinti tam başa çatdıqdan sonra isə binaya istismar aktı təqdim olunur. Yəni FHN tərəfindən yenidən yoxlanış aparılır. Əgər binanın keyfiyyəti layihələrə və standartlara uyğundursa, o zaman istismar aktı verilir. Yeni tikililərdəki mənzillər 8, 9, 10 ballıq zəlzələyə davamlı olmalıdır. Yəni standartlar bunu tələb edir. Lakin vətəndaşın istədiyi halda mütəxəssis gətirərək binanı yoxlatdırmasına icazə verilmir. Özəl ekspertiza şöbəsinə müraciət edilə bilər. Amma bu da qanuni formada və rəsmi qurumların iştirakı ilə həyata keçirilməlidir. Əgər söhbət köhnə binanın zəlzələyə davamlılığının yoxlanılmasından gedirsə, o zaman yaşayış sahəsinin hansı idarənin balansında olduğu dəqiqləşdirilməli və prosesdə onların iştirakı təmin edilməlidir. Çünki binanın qəzalı olub-olmaması haqda təsdiqi aidiyyatı qurumların da imzalaması vacibdir.
Müşviq Tofiqoğlu,
KONKRET.az