“Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar kontekstində, xüsusən də son dövrlərdə qoşunların çıxarılması məsələsi ətrafında müzakirələr yenidən intensivləşib”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının “Mənim şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.
O bildirib ki, 44 günlük müharibədən sonra Azərbaycan demək olar ki, bütün strateji istiqamətlərdə hərəkət edərək onun üçün əlverişli mövqelərdə qərarlaşıb.
“Bir çox yaşayış məntəqələrimiz, kommunikasiyalarımız onların bilavasitə nəzarətindədir. Əgər qoşunlarımız bir neçə kilometr daha geri çəkilsə, o zaman Ermənistan öz həyat qabiliyyətini tamamilə itirəcək. Azərbaycan daha bir fürsət tapacaq və irəli gedəcək. Ermənistan qoşunlarının çıxarılmasından sonra boş qalan əraziləri “zəbt edəcək””, deyə Abramyan qorxusunu gizlətməyib.
O deyib ki, hakimiyyət bütün bunlardan aydın şəkildə xəbərdardır.
“Mən iddia etməkdə davam edirəm ki, Ermənistanla Azərbaycan arasında danışıqlar sülh deyil, Ermənistanın sülh yolu ilə təslim olmasıdır” – deyə erməni deputat əlavə edib.
Günel Mikayılova,
KONKRET.az