“IDEF-2021″ Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş olunan “Dəmir Yumruq”; Azərbaycan və Türkiyə erməni təxribatlarına qarşı birgə mübarizəyə başlaya bilər
Türkiyənin İstanbul şəhərində Türkiyə Respublikası Prezident Administrasiyasının himayəsi altında və Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “IDEF-2021″ Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçirilir.
KONKRET.az xəbər verir ki, dünyanın inkişaf etmiş 50-dən çox ölkəsindən 1000-dən çox qabaqcıl şirkətin qatıdığı “IDEF-2021″ Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycan da yüksək səviyyədə iştirak edir. İşğal olunmuş ərazilərini 44 günə azad etməklə dünyanın aparıcı mərkəzlərini belə, heyrətləndirən Azərbaycanın sahib olduğu hərbi arsenala iştirakçıların marağı gözlənilən idi. Azərbaycan ”IDEF-2021″də Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin stendi ilə təmsil olunur. Stenddə Vətən müharibəsinin rəmzinə çevrilmiş “Dəmir Yumruğun” nümayişi də xüsusi maraq doğurub. Qeyd edək ki, “IDEF-2021″ Beynəlxalq Müdafiə Sənayesi Sərgisi öz işini avqustun 20-dək davam etdirəcək.
Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla görüşüb. Nazirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılışını etdiyi 15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF-21) çərçivəsində bir araya gəliblər. Cənab Akar növbəti dəfə Azərbaycana dəstək bəyanatı səsləndirib, hər zaman qardaş Azərbaycanın yanında olacaqlarını bir daha bəyan edib. Bu bəyanatın Ermənistandan Azərbaycana qarşı təxribatların baş verdiyi günlərdə verilməsi təsadüfi deyil. May ayında imzalanmış Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi var ki, artıq bu sənəd Türkiyə və Azərbaycan ordusunun beynəlxalq hüquqa istinadən birgə hərəkətinə tam imkan verir. Bu mənada indiki situasiya keçənilkindən ciddi şəkildə fərqlənir, düşmən, havadarları da fərqindədir. Prezident İlham Əliyevin son xəbərdarlıqları fonunda Azərbaycan və Türkiyə müdafiə nazirlərinin bir araya gəlməsi heç şübhəsiz əməkdaşlığın perspektivlərinin müzakirəsinin zəruri edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Ermənistanın təxribatları, Rusiyanın davam edən oyunları da Şuşa Bəyannaməsinə nəzər salmağa əsas yaradır. Ötən ilin bu günlərində də iki ölkənin müdafiə və xarici işlər nazirləri vaxtaşırı aralarında telefon danışığı aparır, canlı görüşlər keçirirdilər. Bəs budəfəki təmaslar, məsləhətləşmələr nə ilə nəticələnə bilər?
Deputat: “Ehtiyac yaranarsa, Şuşa Bəyannaməsi mütləq işə düşəcək, buna heç kəsin şübhəsi olmasın”
Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, hazırda Azərbaycanla Türkiyə arasında bölgədə cərəyan edən hadisələrlə bağlı sıx təmaslar davam edir: “Türkiyə hər zaman Azərbaycana dəstəyini tam ifadə edib. Ermənistan unutmasın ki, Azərbaycanın da Türkiyə kimi strateji müttəfiqi var. Ehtiyac yaranarsa, Şuşa Bəyannaməsi mütləq işə düşəcək, buna heç kəsin şübhəsi olmasın. Heç kim unutmasın ki, Şuşa Bəyannaməsi elə-belə imzalanmayıb. Ermənistan və onun havadarları anlamalıdır ki, bu kimi təxribatlarla, atəşkəsi davamlı pozmaqla heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan haqlı mövqeyindən bir qarış da geri çəkilməyəcək”. Millət vəkili qeyd etdi ki, Azərbaycanın güclü lideri, ordusu və Türkiyə kimi strateji müttəfiqi var: “Odur ki, Ermənistanın cəhdləri yalnız vaxt itkisidir. Ermənistan razılaşmanın bəndlərini nə qədər tez yerinə yetirsə, sülh müqaviləsini imzalamağa hazır olsa, bir o qədər onun xeyrinədir. Cənab Prezident dəfələrlə bu məsələni xüsusi vurğulayıb. Ermənistan 44 günlük müharibədə baş verənlərdən ciddi nəticə çıxarmalıdır. 30 il bu xəbərdarlıq Ermənistana edildi, nəticə olmadı. Sonda Ermənistanın başı möhkəm əzildi. Ermənistan bunun yenidən baş verməsini istəmirsə, sülhə hazır olmalıdır. Ötən dəfə olduğu kimi bu dəfə də Ermənistanı heç kim sona kimi xilas edə bilməyəcək. Ermənistan hakimiyyəti sifarişləri yerinə yetirmək əvəzinə, ölkəsinin gələcəyi barədə düşünməlidir. Müharibə, kiminsə əlində alət olmaq Ermənistana yalnız faciə və müsibətlər gətirdi. Ermənistan eyni faciələri yenidən yaşamaq istəyirsə, biz bunu onlara bir də yaşatmağa hazırıq. 44 günlük müharibə bunu açıq-aydın göstərdi. Nə qədər gec deyil, Ermənistan bunu anlamalı və səhv yoldan geri dönməli və əməkdaşlıq barədə düşünməlidir”.
İrəvan Türk Cümhuriyyətinin başqanı, politoloq Qafar Çaxmaqlı da bildirdi ki, Türkiyə ilə Azərbaycan Şuşa Bəyannaməsini imzalayarkən bu günlər baş verəcək olayları da nəzərə almamış deyildilər:
“Ermənistanın təxribatları və Rusiyanın oyun oynayacağı əvvəldən də bəlli idi. Rusiya bir sıra məsələdə özünü loyal göstərməyə çalışsa da, strateji müttəfiqinə silah-sursat və siyasi dəstək verəcəyi bəlli idi. Şuşa Bəyannaməsi ilə biz onun bir sıra oyunlarının qarşısını ala biləcəyik”.
Q.Çaxmaqlı qeyd etdi ki, Türkiyə Azərbaycanın təhlükəsizliyi üçün qarantorluğu öz imzası ilə təsdiq edib və bölgədə gərginliyi aradan qaldırmaq üçün söz sahibidir. Müdafiə nazirinin Türkiyə təmasları da bunun belə olacağı qənaətini doğurur. Ehtimal ki, 10 noyabr sazişini yerinə yetirməyən Ermənistan və Rusiyanın buna məcbur edilməsi üçün bəzi sərt tədbirlərin görülməsi lazım gələcək: “Ehtimal edirəm ki, budəfəki görüşdə qarşıdakı günlərlə bağlı hərbi-siyasi xəttimiz də müəyyən edilmişdir”.
Türkiyəli general-mayor Özgür Tör isə deyib ki, Azərbaycan Ermənistanın təxribatlarına istənilən an cavab verə bilər: “Bəzi vaxtlar dövlətlərin, xalqların doğmalığı çətin zamanlarda bəlli olur. Sülh, sabitlik olarkən, hər şeyin yaxşı getdiyi bir vaxtda dostluq, müttəfiqlik kəlmələrinə çox rast gəlmək olur, amma insanın dostu onun çətin günündə yanında olandır. Azərbaycan Türkiyədəki yanğınlar məsələsində bütün imkanlarını, əlindən gələni səfərbər etdi. Türkiyə hökuməti də əlindən gəldiyi qədər qardaş ölkə Azərbaycanı II Qarabağ müharibəsində dəstəkləyib”. General Milli.Az-a açıqlamasında daha sonra bildirib ki, Prezident İlham Əliyevin son açıqlamalarında diqqəti çəkən bir neçə məsələ var: “Müharibədən açıq-aşkar qalib ayrılmaq çox çətindir, xüsusilə də söhbət Qarabağ kimi çətin dağlıq relyefə malik bir ərazidən gedirsə. Qarabağ çox mürəkkəb relyefə malikdir. Belə bir ərazidə 44 günə bir müharibədən qalib ayrılmaq həqiqətən çox çətin məsələ idi. Təbii ki, 3 minə yaxın şəhidin qanı ilə sulanmış bir Zəfərdən söhbət gedir. Onun iki, üç qatı qədər də qazimiz var. Amma bu cür qələbə, açığı, gözlənilmirdi. Biz gözləyirdik, biz əmin idik ki, Azərbaycanın şanlı Ordusu missiyasının öhdəsindən layiqincə gələcək. Ancaq ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri belə bir qələbəni gözləmirdilər. Bu Zəfər regionda, bölgədə yeni dönəmə, yeni mərhələyə dönüşün, keçidin başlanğıcı idi”. Türk general qeyd edib ki, artıq Azərbaycan kiçik silahlı dəstələrlə, silahlı qruplaşmalarla torpağına göz dikiləcək bir ölkə olmadığını isbat etdi. “Və Prezident İlham Əliyevin son müsahibələrində söylədiklərinə əsasən deyə bilərəm ki, Azərbaycan bunu yenidən isbat etməyə hazırdır. Çünki 10 noyabr bəyanatının icra edilməməsi üçün Ermənistan tərəfindən bəzi təxribatlar törədilir. Azərbaycan Ermənistanın təhdidlərinə, təxribatlarına qarşı istənilən an cavab verə bilər, buna tam hazırdır”, Özgür Tör əlavə edib.
Göründüyü kimi, Türkiyə və Azərbaycanın ürəyi birgə döyünür. Bölgədə terrorun kökünün kəsilməsi istiqamətində birgə addımların uğurla nəticələnəcəyinə kimsə şübhə etməsin. Söhbət dünyanın ilk 50 güclü ordusu, 21-ci əsr silahlarına malik silahlı qüvvələrinə malik ölkələrindən gedir. Düşmən isə səksəkədədir…
Eyni gündə Şuşa ətrafındakı bir kəndin erməni silahlılarından boşaldılması xəbəri gəldi…
Davamı mütləq gələcək!