Bir qərarla bütün planları məhv etmək kimlərin marağındadır? – Lisey və gizmanizyalara qəbulun dəyişməsinə SƏRT REAKSİYAbackend

Bir qərarla bütün planları məhv etmək kimlərin marağındadır? - Lisey və gizmanizyalara qəbulun dəyişməsinə SƏRT REAKSİYA

2025-2026-cı tədris ili üçün Azərbaycanda lisey və gimnaziyalara qəbul qaydalarında mühüm dəyişiklik edilib. Əvvəlki illərdə 5-ci, 6-cı, 7-ci və 8-ci sinif şagirdləri bu təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edə bilirdilərsə, yeni qərara əsasən, bu il yalnız 6-cı sinif şagirdləri (yəni növbəti il 7-ci sinfə keçəcək olanlar) üçün qəbul imtahanları keçiriləcək. Ərizə qəbulu iyunun 5-dən 20-dək davam edəcək. Təhsil İnstitutu bu dəyişiklikləri şagirdlərin daha dolğun akademik və psixoloji hazırlıq səviyyəsində lisey və gimnaziyalara qəbulunu təmin etmək məqsədi ilə izah edir. Qurumun açıqlamasına görə, beynəlxalq təcrübələr göstərir ki, təmayül əsaslı seçimlər erkən yaşlarda deyil, müəyyən baza bilikləri formalaşdıqdan sonra aparıldıqda daha ədalətli və səmərəli nəticələr əldə edilir .

Lakin bu qərarın imtahanlara sayılı günlər qalmış, may ayının sonunda elan edilməsi valideynlər arasında ciddi narazılığa səbəb olub. Valideynlər bildirirlər ki, övladları uzun müddətdir bu imtahanlara hazırlaşır, repetitorlara və sınaq imtahanlarına xeyli vəsait sərf ediblər. Qəbul qaydalarının bu qədər gec dəyişdirilməsi onların planlarını alt-üst edib .

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndiyev KONKRET.az-a açıqlamasında bildirib ki, bu qərarın indi verilməsi kökündən yanlışdır.

Elçin Əfəndi: “Distant təhsil mütləq bərqərar olmalıdır”

“Artıq dünən və srağagün bu informasiya ictimaiyyətə açıqlanıb və həmin vaxtdan etibarən etirazımı bildirirəm. Valideynlər cari tədris ilinin əvvəlindən, yəni ötən ilin sentyabr ayından etibarən övladlarının liseyə qəbul olunması ilə bağlı müvafiq fənlər üzrə hazırlıqlara başlayıblar. Hər ay bu istiqamətdə müxtəlif təşkilatlar tərəfindən sınaq imtahanları keçirilib və şagirdlər bu imtahanlarda iştirak ediblər.İndi isə, liseylərə qəbul prosesinin başlandığı bir vaxtda qərar verilir ki, yalnız 6-cı siniflər üzrə qəbul aparılacaq. Bu, indiki mərhələdə verilməsi mümkün olan bir qərar deyil. Belə bir dəyişiklik ya tədris ilinin əvvəlində, ya da builki qəbul prosesi başa çatdıqdan sonra cari ilin avqust ayının sonunda elan olunmalı idi”.

Ekspertin sözlərinə görə, bu qərar lazımi təhlil və araşdırmalar aparılmadan qəbul olunub.

“Sanki məsələ dərindən öyrənilməyib və nəticədə belə qənaətə gəlinib ki, bu dəyişiklik ciddi təsir göstərməyəcək. Lakin bu, kökündən yanlış yanaşmadır. Artıq dünəndən bir çox valideyn və şagirdlər məyusluq içindədir. Onları da qınamaq olmaz. Bu müddət ərzində hazırlıqlara kifayət qədər maddi və mənəvi sərmayə qoyulub. Eyni zamanda, ailələr planlamalar həyata keçiriblər; bəziləri hətta yaşayış ünvanını dəyişmək qərarı alıblar ki, övladları istədikləri liseyə qəbul olunsun. Bir qərarla bütün bu planları ləğv etmək nə ədalətlidir, nə də düzgündür”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*