Müxtəlif zamanlarda dünyada baş verən ən dəhşətli hadisələrin təşkilatçısı rolunda çıxış edən terror təşkilatları haqda son zamanlar demək olar ki danışılmır. Hətta bir vaxtların “məşhur” terror təşkilatlarının adı tarixinarxivinə köçürülür desək, yəqin ki, yanılmarıq. Yəqin ki, bir çoxlarını “Əl-Qaidə”, “İŞİD”, “Əl-Şəbab”, “Boko Haram”, “İslami Cihad”, “Hizb-ut-Təhrir” və digər terror təşkilatlarının aqibəti maraqlandırır. Görəsən bu terror qruplaşmaları hara yoxa çıxıb?
Cəmi bir neçə il əvvələ qədər radikal sünni-islam terror təşkilatları bəşəriyyətin əsas problemi hesab olunurdu. Hətta terorçularla mübarizə adı altında Rusiya və ABŞ birləşmişdi. “Çarli-Hebdo”da baş verən atışmanı, Parisdəki konsert zamanı tamaşaçılara silahlı hücumu, eləcə də Türkiyə, İngiltərə və İspaniyadakı partlayışları yəqin ki, çoxları xatırlayır. Eləcə də, bu yaxınlara qədər nəinki ənənəvi dindar Dağıstan, Çeçenistan və ya İnquşetiyada, hətta daha dünyəvi və mötədil Kabardin-Balkariyada da partlayışlar və qətllər müşahidə olunub. Demək olar ki, hər gün terror hadisələrinə şahidlik edən Əfqanıstan, Pakistan kimi dövlətlərdən heç danışmağa dəyməz. Qısacası bir vaxtlar “İslam terror” adı altında törədilən hadisələr indi demık olar ki, səngiyib.
“İslam terror” hələ beş-altı il əvvələ qədər az qala dünyanı sarsıdır və dəhşətə gətirirdi. Amma indi sanki kimsə işığı söndürüb və mövzu bitib. Əvvəlcə koronavirus pandemiyasının, sonra isə Ukraynadakı müharibənin “İslam terror” mövzusunu başqa məcraya yönəltdiyini ehtimal etmək mümkündür. Eyni zamanda bu gün dünyanın termonüvə müharibəsi astanasında olduğunu nəzərə alsaq, “İŞİD”in artıq aktuallığnı itirdiyinə təəccüblənməməliyik. Amma məsələ bizim daha terrorçuların hücumlarını ciddi qəbul etməməyimizdə deyil. İş orasındadır ki, bu terror təşkilatları artıq mövcud deyil. Və bunun öz-özünə baş vermədiyi, müəyyən səbəblərin olduğu da bəllidir.
Ekspertlər “İslam terror” cəbhəsindəki “sakitliyin” iki səbəbi olduğunu açıqlayır. Birincisi fiziki, yəni real dünyada ətrafımızda baş verən səbəblərdir. İkincisi, insanların ruhunda və şüurunda baş verən mənəvi dəyişikliklərdir. Belə ki, Suriyaya kütləvi miqrasiya “İŞİD”in strukturunu əslində məhv edərək, meşələrdə qalan onlarla terrorçunu xüsusi xidmət orqanlarının asan hədəfinə çevirib. Odur ki, “İslam terrorizmi” məhz Suriya tərəfindən şikəst edilib. Çünki məhz Suriyadakı vətəndaş müharibəsi on minlərlə potensial fanatic terrorçunu özünə cəlb edib. Üstəlik Şimali Qafqazdan minlərlə cihadçının Suriyaya döyüşməyə getdiyini də unutmamalıyıq. Aydındır ki, Suriyada vətəndaş müharibəsi olmasaydı, FSB və Rusiyanın digər xüsusi təyinatlı qüvvələri Qafqazda islam terrorçularının öhdəsindən heç vaxt gələ bilməzdi. Beləliklə, görünən odur ki, dünyanın hər yerindən gələn cihadçıların əksəriyyəti üsyankar Suriyada əbədi sülh tapıb. Bir sözlə, “İslam terroru” Suriyada ən fanatic terrorçuların böyük hissəsini itirib, Söhbət bərpası mümkün olmayan itkilərdən gedir.
“İslam terrorizmi”nin yoxa çıxmasının ikinci səbəbi isə təkamüldür. Yeri gəlmişkən “İslam terroru”ndan danışarkən, xristianlığın əsrlər boyu aqressiv, vəhşi və tamamilə təhsilsiz kütlələrin törətdiklərini də unutmaq olmaz. Xristianların Səlib yürüşləri zamanı müsəlmanlara qarşı törətdikləri vəhşilikləri hər kəs tarixdən yaxşı xatırlayır. Əsrlər boyu xristian kilsələri və keşişləri dünyaya qaranlıqlıq, cəhalət, təcavüz və nifrət bəxş ediblər.
21-ci əsrin texnoloji inqilabı təkcə texniki deyil, həm də mənəvi- intellektual prosesləri sürətləndirib. Xristianlığın yüz illərlə əldə etdiklərini daha gənc olan İslam dini cəmi iki və ya üç onillikdə nail ola bilər. İndi hər şey dəyişib. Məsələn, Şimali Qafqazda bu gün artıq islami cihad deyil, rəsmi cihad dəbdədir. Dünənki üsyançıları və təxribatçılar bu gün artıq Ukraynaya qarşı vuruşmağa göndərilir. Yaxud, yüz minlərlə müsəlman gəncin “müqəddəs cihad”la bağlı arzusu vətəndaş sədaqəti hissləri ilə əvəz olunur. Beləliklə “İslam terrorizmi” ictimai-siyasi hadisə kimi nəhayət təqaüdə çıxmağa hazırlaşır.
Müşviq Tofiqoğlu,
KONKRET.az