“Biz çox böyük, səs-küylü həbslərin şahidi olacağıq” – Çingiz Qənizadə backend

“Biz çox böyük, səs-küylü həbslərin şahidi olacağıq” – Çingiz Qənizadə 

Hüquq müdafiəçisi Çingiz Qənizadə sensasion açıqlamaların daolduğu müsahibə verib.

KONKRET.az onun Yenisabah.az-a müsahibəsini təqdim edir:

– Çingiz müəllim, Vüqar Səfərlinin həbsindən sonra mətbuatda çoxlu sayda tələb və təklif səsləndirildi. Əsas tələblərdən biri də o idi ki, istintaq eninə və uzununa aparılsın. Bu ifadənin alt qatında yatan məna yükü nədən ibarətdir? Hüquqda bu termin varmı?

– Yəqin ki, bu, loru dildə  deyilmiş bir ifadədir. Əslində, düzgün istintaqın aparılmasında, baş verən hadisənin hərtərəfli araşdırılmasından söhbət gedir. Çünki Səfərlinin həbsi sadə, sıravi həbslərdən biri deyil. Hesab edirəm ki, kifayət qədər nöqsanların olduğu üzə çıxdıqdan sonra məsələnin ən yüksək səviyyədə araşdırılması və onun həbsi reallaşıb. Səfərli bu proseslərdə təbii ki, tək ola bilməz. Kifayət qədər mətbuata açıq olan, jurnalist dostları çox olan bir şəxs kimi hesab edirəm ki, o şirkətlərin seçilməsi, kimə məxsus olması, tenderin elan  olunması, tikintinin özündə mənimsəmələrin baş verməsi, həmçinin mənzillərin bölgüsü zamanı müəyyən qeyri-obyektivliyə yol verilməsi ilə bağlı məqamların araşdırılılmalıdır. Bu məsələyə qiymət verilməlidir.

Hüquqşünas olaraq  düşünürəm ki, o bölgünün cənab prezidentin tapşırığına uyğun formada aparılıb-aparılmaması məsələsi ciddi şəkildə araşdırılacaq. Əldə edilən məlumata görə, orada heç jurnalistika ilə məşğul olmayan müəyyən adamlara evlər verilib. Bu, vətəndaş-dövlət arasındakı münasibətlərin formalaşmasına da mənfi təsir edən məqamdır. Əslində, dövlət tapşırığını, siyasətini yerinə yetirən adamlar belə hərəkətlərə yol verməməlidir.

– KİV DF-nin fəaliyyətinə birbaşa nəzarət edən müvafiq şöbə mövcuddur. Söhbət Prezident Administrasiyasının İctimai-siyasi şöbədən gedir. Əgər Vüqar Səfərli təxminən 26 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunursa, bu fakt onun fəaliyyətinə nəzarət edən adamlar üçün məsuliyyət yaradırmı?

– Biri var cinayət məsuliyyəti, biri də var hansısa bir formada mənəvi, inzibati məsuliyyət…  Həbs olunan icra başçısının da fəaliyyətinə nəzarət edən müəyyən strukturlar vardı. Biz hamını günahlandıra bilmərik. Hüquqşünas olaraq heç kimi əsassız ittiham edə bilmərəm. Çünki təqsirsizlik prezumpsiyası anlayışı var. Həmçinin istintaqın işinə də müdaxilə edə bilmərəm, çünki müəyyən sirlərin yayılması ola bilər. Müəyyən məlumatlar məndə də var, amma bunu demək haqqına sahib deyiləm. İndi obyektiv istintaqın getməsi barədə danışılmalıdır.

Mənimsənilən vəsaitlər dövlətə qaytarılmalıdır. Hətta ola bilər ki, o mənimsənilən vəsaitlər hesabına bir neçə bina tikib jurnalistlərə versinlər. Əgər bir binanın tikintisinə 5-6 milyon pul ayrılırsa,  26 milyona 4-5 bina tikilə bilər. Dəqiq rəqəmləri bilmirəm. Sadəcə Səfərlinin həbs olunduğunu, istintaqın getdiyini bilirəm və düşünürəm ki, əgər dövlətdən alınan vəsaitlərin mənimsənilməsi halları varsa, həmin vəsait geri qaytarılmalı, yeni binaların tikintisinə start verilməlidir.

– İkinci binadan ev alan jurnalistlərin hər biri fərdi qaydada prokurorluğa dəvət olunub və ifadə verib. Yəni istintaq bu qədər incəlikləri nəzərə alırsa, hətta 250 nəfərin dindirilməsini təmin edirsə, həmin vaxt birbaşa Vüqar Səfərlinin fəaliyyətinə  nəzarət etməli olan adamın bir dəfə belə ifadəsinin alınmaması necə mümkün olur?

– İstintaqın aparılma qaydası belədir: Əvvəlcə aşağılardan başlanılır, kifayət qədər dəlil toplanılır, ondan sonra daha ciddi addımların atılması prosesi gedir. Mən indi dəqiq bilmirəm ki, Vüqar Səfərli həbs olunarkən hansı ifadələri verib, burada kim məsuliyyət daşıyır. Ona görə də bu məsələyə digər bir fikir yürütməyim düzgün olmaz, bu, hüquqşünas kimi reputasiyama müəyyən problemlər yarada bilər. Fikrimcə, hələlik  aparılan istintaqın özü ədalətlidir, ümid edirəm ki, ədalətli qərarlar qəbul olunacaq.

– Mətbuatda təxminən 20 mənzilin qeyri-qanuni verildiyinə dair iddialar var. Elə siz də bayaq bu məsələyə toxundunuz. Əgər həmin mənzillərin qeyri-qanuni verildiyi sübuta yetirilərsə, onların sahiblərindən alınıb başqalarına verilməsi üçün hüquqi baza varmı?

– Məndə olan məlumata görə bu mənzilərin verilməsi üçün müəyyən tələblər mövcud idi. Oraya təcrübə, təqdimatların verilməsi, jurnalistlərin fəaliyyəti və s. daxildir. Deyilənə görə, 20-ə yaxın mənzilin bu formadan kənar verilməsi halı var. Əgər istintaq zamanı müəyyən olunsa ki, kriteriyalara cavab verməyən şəxslərə şəxsi münasibətlər üzərində mənzillər verilib, onlar hazırkı sahiblərindən geri alınaraq jurnalistikada daha çox çalışmış, tələblərə cavab verən  digər jurnalist dostlarımıza təqdim edilməlidir. Bunu qanun tələb edir.

– Vüqar Səfərliyə qarşı irəli sürülən ittihamla tanışsınız?

– Mətbuatdan oxumuşam.

– Prokurorluğun elan etdiyi bu ittihamları nəzərdən keçirdikdə məlum olur ki, onlar sübuta yetirilərsə, Səfərlini 10-14 il arası cəza gözləyir. İrəli sürülən bu ittihamların məhkəmə prosesində öz təsdiqini tapma ehtimalını  necə qiymətləndirirsiniz?

– Bu bir qaydadır. Biri həbs edir, ittiham verir, sonra məhkəmədə bu məsələyə baxılır. İndi deyə bilmərəm ki, verilən ittihamların hamısı məhkəmədə öz təsdiqini tapacaq. Çünki belə olsa, mən məhkəmənin işinə müdaxilə etmiş olaram. Amma düşünürəm ki, prokurorluq orqanları kifayət qədər əsaslandırılmış ittihamlar olmasa, onu verməz, mətbuata açıqlanmazdı. Dəymiş zərər əgər dövlətə qaytarılmayacaqsa, onda həbs edilənlərin sayı artırılmaqla biz gələcəkdə çox böyük, səs-küylü məhkəmə prosesinin, həbslərin şahidi olacağıq. İstintaq zamanı dövlətə və vətəndaşlara dəyən zərər müəyyənləşdiriləcək, məhkəməyə göndəriləcək. Gələcəkdə bu məsələyə siz jurnalistlərin iştirakı ilə baxılacaq. Gəlin, bunu zamanın öhdəsinə buraxaq. Bu sahədə baş verən qanunsuzluqlara dövlət və hüquq-mühafizə orqanları ciddi reaksiya verərək artıq həbs və istintaqa başlayıblar. Bu həbs olunmanın dairəsi genişlənəcək. Dövlətə və vətəndaşlara dəyən zərər bərpa olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*