“Azərbaycan dostluq və mehriban qonşuluq niyyəti göstərərək Rusiyaya beynəlxalq imicini yüksəltmək şansı verib”.
KONKRET.az xəbər verir ki, bu fikirləri millət vəkili Bəhruz Məhərrəmov bildirib.
O vurğulayıb ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb: “Azərbaycanda xalq, ordu və dövlət birliyi olduğu üçün rus əsgərinin bölgəyə gəlməsinə skeptik yanaşan kəsimlər, eləcə də çoxsaylı sualları və narazılığı olanlar belə məsələyə sükutla yanaşaraq Rusiya sülhməramlılarının öz öhdəliklərinə əməl edəcəklərinə inandılar. Lakin Rusiya sülhməramlıları 10 noyabr razılaşması ilə müəyyən olunmuş səlahiyyət hüdudlarını aşdı. Azərbaycan üçün kağız parçasından fərqli məna kəsb etməyən xəritələr dövriyyəyə buraxıldı ki, bu da artıq özbaşınalıq sayılır, Azərbaycanda Rusiya sülhməramlılarına olan etimad sual altına alınır.
Sülhməramlıların bölgədə fəaliyyət istiqaməti beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir. Bu səlahiyyətləri aşaraq suveren bir dövlətin ərazisini əhatələyən xəritənin cızılması yolverilməzdir. Rusiya bununla öz öhdəliklərini pozur. Şimal qonşumuz bir şeyi aydın bilməlidir ki, yeni güc mərkəzi olan Azərbaycanı artıq kənd təsərrüfatı məhsullarına məhdudiyyətlər tətbiq etmək kimi primitiv üsullarla nəyəsə məcbur etmək olmaz. Biz göy-göyərti satıb ordu qurmamışıq. Azərbaycan dünyanın aparıcı iqtisadi oyunçularındandır, heç kimdən tam mənada asılılığı olmayan neft-qaz ixracatçısı, habelə müdafiə sənayesi, habelə kosmik sənaye ölkəsidir. Bu mənada, əksinə, Rusiyaya bölgədə sülhməramlı missiyaya sahib olmaq kimi bir şans verməklə Azərbaycan dostluq və mehriban qonşuluq niyyəti göstərərək bu ölkəyə beynəlxalq imicini yüksəltmək şansı verib. Habelə Rusiya tərəfi unutmamalıdır ki, Azərbaycan ciddi daxili birliyə malik olmaqla yeni nəsil müharibədə tək Ermənistana yox, eyni zamanda bölgədə onun havadarlarına qalib gəlmiş bir dövlətdir”.
Deputat bildirib ki, Azərbaycan Rusiyanın Gürcüstan, Ukrayna, Moldova, Belarus və digər ölkələrdə reallaşdırdıqları planları təkrarlaya biləcəyi dövlət deyil: “Bizə hansısa separatçı qurum və silahlı quldur dəstələri vasitəsi ilə təzyiq göstərmək ağılsızlıqdır. Bəli, Biz Rusiyanın müharibə dövründə Prezident səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirik. Lakin, onu da açıq demək lazımdır ki, müharibə dövründə Rusiya KİV-i Azərbaycana qarşı informasiya müharibəsi apardı. Habelə Rusiya Ermənistanı intensiv olaraq və əvəzsiz şəkildə silahlandırırdı. Azərbaycanın böyük şəhərlərində dinc əhali məhz Rusiyanın Ermənistana bağışladığı yeni silahlarla atəşə tutulurdu. Nəticə nə oldu? Rusiyanın qürur mənbəyi olan və ermənilərin çox güvəndiyi S-300-lər cəmi 12 dəqiqə ərzində Azərbaycan pilotsuz aparatları vasitəsi ilə yerlə yeksan edildi. Əminəm ki, Ermənistana hədiyyə etdiyi texnikalarının qənimət formasında və ya məhv edilmiş şəkildə Bakıdakı Zəfər Paradındakı nümayişini Rusiya tərəfi uzun müddət unutmayacaq. Bu mənada ümid edirəm ki, dost Rusiya dövləti Azərbaycanı digər dövlətlərlə qarışıq salmamalı, bu regiondakı fəaliyyətində Azərbaycan xalqının maraqlarını nəzərə almalıdır. Xüsusən də sülhməramlı missiyanın həyata keçirilməsində… Əks halda yanlış addımların acısını Ermənistan çəkəcək”.
Nərgiz Mirzəyeva,
KONKRET.az