“Biz heç 1992-ci ildə buna razılaşmadıq, indi niyə razı olaq ki?!”backend

“Biz heç 1992-ci ildə buna razılaşmadıq, indi niyə razı olaq ki?!”

“Bizim insanları qələbəyə inandırmaq bir az çətinləşib”.

KONKRET.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, Şuşa bizdə olandan sonra erməni mülki əhalinin Xankəndidə, Xocavənddə, Xocalıda, Əsgəranda yaşaması heç bir problem vəd etmir:

“Ermənini məğlub olmağına inandırmaq daha asan oldu. Biz heç vaxt Azərbaycan vətəndaşı olan Qarabağ ermənilərini oradan çıxaracağımızı deməmişik, biz silahlıların çıxarılmasını demişik və bu proses də gedir. Artıq 3 böyük rayon da bizim nəzarətimizdədir. Ermənistanla sərhəddimiz bərpa olandan sonra, Laçında bayrağımız dalğalanır, Şuşa bizdə… Bu ərazilərə erməni köçkün əhalinin qayıtması üçün mütləq sülhməramlıların yerləşdirilməsi vacib idi. Bu, bütün dünyada qəbul olunmuş bir praktikadır, bu sadəcə Azərbaycan üçün deyil. Bütün dünyada bütün münaqişələr sona çatdıqda sülh müqaviləsi imzalanması üçün məcburi köçkünlərin əraziyə qayıtması nəzərdə tutulur. Bizdə indi bu proses gedir.

Şuşa bizdə olandan sonra erməni mülki əhalinin Xankəndidə yaşaması və yaxud da Xocavənddə, Xocalıda, Əsgəranda yaşaması heç bir problem vəd etmir bizdən ötrü, mümkün olan şey də deyil. Biz 1992-1994-cü ildəki o zəif vaxtlarımızda belə Ermənistanın Qarabağda ikinci müstəqil qondarma erməni dövləti yaratması şərtlərilə razılaşmadıq. İndi niyə razı olaq ki?! Əlimiz daha güclü, qalib olan tərəf biz, diktə edən tərəf biz, Türkiyənin dəstəyi də sonsuz.

Ali Baş Komandan nə vaxt deyir ki, Laçın bizimdir?, – Laçına bayrağı sancandan sonra. İndi Xankəndini bizimdir deyirmi?, – Yox. Bayrağımız varmı orada?, – Yox. Bəs ona görə də sülhməramlıların burada iştirakı üçün 5 il və ya tərəflərin narazılığı olmadığı təqdirdə növbəti 5 il. Yəni iki xalqın, bir-birinə düşmən kəsilən iki etnik icmanın bir yerdə yaşaması, bir-birinə etibar etməsi, Azərbaycanın həqiqətən də erməni əhali ilə problemi olmadığını sübut etmək üçün bəlkə də 5 il yetməyə bilər. Biz hadisələri tələsdirməyə çalışmamalıyıq. İki ay bundan öncə biz hansısa idmançının hansısa qələbəsinə sevinirdik, papağımızı göyə atırdıq, amma bu gün 9 rayon bizdədir. Qarabağla muxtariyyət məsələsi ləğv olunub, TURAN Koridoru yaradılıb. Orta Asiyanın birbaşa Türkiyəyə, o cümlədən İranın Türkiyəyə, Qərbə, Gürcüstana birləşməsi üçün imkan yaranıb, Naxçıvan blokadadan çıxıb.

Laçından ətraf yol çəkiləcək. Bunu Prezident də vurğuladı ki, 3 il müddət qoyulub, amma daha tez başa çatacaq. Mən də buna əminəm ki, bunu təxminən 1 ilə bitirəcəyik. Ondan sonra rus sülhməramlısı Laçın dəhlizindən çıxıb, Laçına girmədən Xankəndiyə gedəcək. Bu 5 il bir müddət onların nəzarətində qalacaq. Bu, 5 il imzalanıbsa, deməli, buna uyğun bir müddət olacaq. Əgər erməni əhalisi özünü normal vətəndaş kimi apararsa, qanunlarımıza riayət edərsə, onlarla inteqrasiya məsələsi (birgə yaşayış) sovet dönəmində olduğu kimi bizim üçün problem daşımır. Ermənistan sərhəddi mənim əlimdə olduqdan sonra, Kəlbəcər, Laçında mən öz sərhəddimi Ermənistanla möhkəmləndirdikdən sonra, Laçına giriş Azərbaycanın nəzarətində olduqdan sonra, Xankəndidə 50, 60 və ya 90 min erməninin yaşaması nəyi dəyişər?! 5 ildən sonra Qarabağ əhalisinin sayı erməni etnosundan dəfələrlə çox olacaq. Bunu mən sizə əminliklə deyirəm. Bunu reallaşdırmaq üçün dövlətin müxtəlif “rıçaq”ları var. Ora köçən əhaliyə ev tikmək üçün kredit, orada doğulan uşaq üçün əlavə ödənişlər və s. bu yollarla bir də görəcəksiniz ki, necə ki, Bakıda gözə dəymir qalan ermənilər, orada da elə normal həyatını sürəcək. Gərəkdiyində gəlib mənim ordumda mənim torpağımı qoruyacaq və buna borcludur”. /Milli.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*