“Biz ilk növbədə bu problemin həllinə köklənməliyik” – Ekoloq HƏYƏCAN TƏBİLİ ÇALIRbackend

“Biz ilk növbədə bu problemin həllinə köklənməliyik” – Ekoloq HƏYƏCAN TƏBİLİ ÇALIR

Pandemiyadan sonra dünyanı daha böyük fəlakətlərin gözlədiyinə dair müxtəlif məlumatlar yayılır. Bu mənada bəşəriyyət üçün ən böyük təhdidlərdən biri də qlobal iqlim böhranı və ekoloji tarazlığın pozulmasıdır. Təəssüf ki, son illər artıq ekoloji problemlər ölkəmizdə də ciddi təhdidə çevrilib. Xüsuilə Bakıda havanın çirklənməsi son dövrlərdə hər kəsi narahat edir.

Bəs görəsən bu problem nədən qaynaqlanır? Vəziyyət belə davam edərsə bizi hansı təhülkələr gözləyir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını ekoloq Telman Zeynalov cavablandırıb. O bildirib ki, Bakının havasını çirkləndirən əsas faktor nəqliyyat vasitələridir: “Bu problem təkcə Azərbaycanda müşahidə edilmir. Dünyanın bir çox dövlətlərində pandemiya ekologiyaya ciddi zərər vurub. Dünyada çirkin oyunlar gedir. Maddi maraqlar uğruna dünyanın ekoloji tarazlığı tamamilə pozulub. Qərb və ABŞ-ın pul qazanmaq ehtirası dünyanı məhv edir. Azərbaycan da bu proseslərdən kənarda qalmır. Düzdür, hələlik Bakının havası çox çirklənməyib. Çünki Sovet dövründə açılan zərərli zavod və fabriklər öz fəaliyyətini dayandırıb. Bu zavodların çoxu yararsız vəziyyətdədir. Bakının havasını çirkləndirən əsas faktor nəqliyyat vasitələridir. Günü-gündən nəqliyyat vasitələrinin sayının artması paytaxtın havasına ciddi zərər vurur. Lakin yaşıllıqlar bu problemin öhdəsindən gələ bilir”.

Su bahalaşdı: bəs içdiyimiz təmizdirmi? - Ekoloq Telman Zeynalov efirdə...

Ekspert bildirir ki, Bakının havasında ağırlıq hiss olunur: “Bakıda ekoloji tarazlıq çox pozulmayıb. Lakin regionlardan Bakıya gələndə havanın çirklənməsini və ekoloji fərqi hiss etmək olar. Çünki kəndlə-şəhərin havası eyni ola bilməz. Bakıda 4 milyondan çox əhali yaşayır. Regionlarda isə bu rəqəm 100 mindir. Bölgələrdə əhalinin çoxu kənd təsərrüfatı ilə məşğul olur. Bununla yanaşı Bakı çökəklikdə yerləşir. Paytaxtda tikilən göydələnlərin sayı günü-gündən artır. Həmin binalar havanın axınına mane olur. Ona görə də Bakının havasında müəyyən çirklilik hiss olunur. Bu gün Azərbaycanda əsas problem su çatışmazlığıdır. Təəssüf ki, kommersiya şirkətləri dənizə çirkab suları axıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi təəssüf ki, bu məsələlərə nəzarət etmir. Nazirliyə bu barədə ictimai fəallar, ekoloqlar, media nümayəndələri dəfələrlə müraciət edib. Çirkab sular Xəzərə çay kimi axıdılır. Sudan zəhərlənmə halları çoxdur. Biz ilk növbədə bu problemin həllinə köklənməliyik”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*