“Biz Türkiyənin üzərinə “soyqırım”ın tanınması da daxil olmaqla heç bir şərt qoymayacağıq”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim partiyadan olan deputatı Vigen Xaçatryan deyib.
O bildirib ki, Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması yolunda ilkin şərtlər qoymayacaq.
“Erməni soyqırımı”nın tanınması və iddiaları Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasının gündəmində deyil.
Biz Türkiyə ilə münasibətləri bərpa edib, diplomatik əlaqələr qurduqda, tariximizdə üzləşdiyimiz bütün mürəkkəb məsələlər öz həllini tapacaq .
Münasibətlərin normallaşması yolunda və bundan sonra da biz Türkiyə qarşısında heç bir şərt qoymayacağıq, onlarla belə müzakirə aparmayacağıq”, – deyə Xaçatryan əlavə edib.
O deyir ki, Türkiyə xalqının öz hökumətindən “erməni soyqırımı”nı qəbul etməyi tələb etməsi hakim gücün vəzifəsidir. Onun fikrincə, ermənilərlə türklər arasında əlaqələr və ünsiyyət qurmaq lazımdır.
“Dünya oturub bizim tələblərimizi gözləmir. Dünyanın bir çox ölkələrinin “erməni soyqırımı”nı tanıması nəyi dəyişdi?
Türk cəmiyyəti öz ölkəsindən “soyqırım”ı tanımasını tələb etməlidir və cəmiyyətin tələb etməsi üçün ermənilərlə türklər ünsiyyət qurmalı, bir-birini tanımalıdır. O divarı yıxmalıyıq, iki toplum hələ bir-birini yaxşı tanımır”, – Xaçatryan deyib.
Xuraman Etibarlı,
KONKRET.az