“Bizdə Qusman bakılı sayılır, Moskvada – yəhudi” – MÜSAHİBƏbackend

"Bizdə Qusman bakılı sayılır, Moskvada – yəhudi" - MÜSAHİBƏ

Yaddaşın ənginliklərində

Qonağımız Aydın Sadiqdir. Onu təqdim etmək çətindir, çünki müxtəlif, bəzən bir-birinə bənzəməyən sahələrdə çalışıb. Bu şəxsi indi yəqin az adam tanıyır. Odur ki, yeni tanışlıq zamanı deyir filosofdur: “Axı, daim mühakimə yürüdürəm…”. Əvəzində ölkə Əli Həsənovu, televizor ekranlarını zəbt etmiş eyni simaları – politoloq və deputatları tanıyır…

– Aydın müəllim, şayiə gəzir ki, Siz məktəbli olarkən məsul şəxslərin kabinetlərini dolaşmış, hətta Şən və Hazırcavablar Klubunun fəaliyyətini qismən bərpa etmisiniz.

– Yaxşı görək! Heç bir şayiə yoxdur. Mən ki, elə dünən özüm danışdım. Həmin hissəni “qayçılayın” və təzədən başlayaq.

– Olsun. Beləliklə, Bakı məktəblisinin ŞHK naminə avantürist sərgüzəştləri haqqında nə deyə bilərsiniz?

– Bakının ŞHK komandası yarışların debütantı ikən əvvəl çempion adına layiq görüldükdə, bir il ötəndən sonra çempionlar arasında qalib gəldikdə ürəyimdə xoşbəxtlik aşıb-daşdı. Yarışları dayandırmaq haqqında qərar isə məzh həmin ürəyimi – o zaman məndə başqası yox idi – parçaladı.

8-ci sinifdə oxuyurdum. Gündəlik yazmamışam. Yarım əsr ötüb. Nə danışsam – yaddaşdandır. Başlıcası odur ki, heç nə uydurmuram. Həmişə olduğu kimi, hər şey həqiqətdir.

Beləliklə, ŞH Klubunun taleyi üçün güclü həyəcan hissinə qapılaraq yaralı qəlbimin qalıqlarını yaşadarkən təsadüfən xəbər tutdum ki, tanınmış şair Tofiq Mütəllibovun ŞHK ilə necəsə əlaqəsi var. Axtarıb tapdım onu. Birbaşa iş yerinə getdim – “Azərbaycan gəncləri” qəzetinin redaksiyasına. Orada şöbə müdiri idi. Ona və ADU-nun jurnalistika fakültəsinin şöbədə təcrübə keçən iki tələbəsinə özümü Bakı məktəblisi deyil, Odessa Tibb İnstitutunun tələbəsi kimi təqdim etdim. Dedim ki, atam elə orada dərs deyir, ailəmiz, təbii, Odessada yaşayır.

Gözəl tələbə qızlardan komplimentlər eşitdim. Məsələn, dedilər ki, odessalı kimi azərbaycanca çox yaxşı danışıram. Yox bir! Axı, azərbaycanlı ailəsində böyümüşdüm, məktəbin milli bölməsində təhsil alırdım… Dedim ki, Bakının Şən və Hazırcavablar Klubu ilə əlaqə arayıram, məqsəd – yoldaşlıq görüşü keçirməkdir.

Şair mehriban dayday imiş. Cavab qaytarmağa hazır olanlarla onu ləkələyə biləcək bütün əlaqələrini inkar etdi, başqasını “baqaj”a qoydu: dedi ki, bütün günahlar vətəndaş Emil Şərifovdadır. O isə, nə az, nə çox – Bakıda rayon partiya komitəsinin ikinci katibi işləyirdi.

Təşəbbüsüm – geriyə getməyən maşın idi. “Yalnız irəli!” dedim və budur, katibin kabinetindəyəm. Hər şeyi redaksiyada olduğu kimi danışdım. Görüşdə raykomun digər işçisi də, deyəsən, təşkilat şöbəsinin müdiri iştirak edirdi. Yalnız illərdən sonra, özüm də raykomda işlədikdə, bildim ki, orada təkcə maymaqlar çalışmırlar. O zaman isə düşünürdüm ki, partiya orqanında yalnız ağıllılardır. (Habilsayağı: “Uşaq idim, qanmırdım”). Həmin müdir hansısa ifadəmin “uc”undan tutdu, səhv axtardı. Lakin burada da mehriban dayı tapıldı. Şərifov işçisini yerində oturtdu. Lakin şair kimi o da ŞHK ilə əlaqədən yaxasını qurtarıb, başqasını ələ verdi…

Bakı şəhər komsomol komitəsinin katibi İqor Plavski məni sevindirdi: Yuli Qusman Moskvadan tətilə gəlib və onunla görüşüb söhbət edə bilərəm. Əhsən! Hətta Qusmana telefonla zəng vurdu, xəbərdar etdi. Mənə Yulinin ev telefon nömrəsini verdi.

Onu da deməliyəm ki, bu görüşdən ikicə gün sonra rayon komsomol konfransında nümayəndə qismində iştirak edərək zalda əyləşmişdim. Mənimlə üzbəüz rəyasət heyətində şəhər komsomol komitəsini təmsil edən Plavski oturmuşdu. Konfrans “burnumdan gəldi”: bütün vaxt ərzində katibin gözündən yayınmaq üçün kiminsə arxasında gizlənirdim.

– Belə çıxır ki, gənc “matros” təcrübəli və hiyləgər kapitanın qarşısına gəldi…

– Məşhur ifadəni mövzuya uyğunlaşdırsaq, “Biz Qusman deyəndə ŞHK-nı nəzərdə tuturuq, ŞHK deyiriksə – Qusmanı düşünürük”.

Yuli həkim balası idi, tibbi təhsil alası olmuşdu. Lakin bir gün aradan çıxıb, müasir sözlə desək, özünü şou-biznesə verdi. SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Ali ssenariçi və rejissor kurslarına daxil oldu. Onu məhz qış tətili günlərində “ələ keçirdim”. Zəng vurdum, ünvanı aldım və yollandım. Ev, əgər hələ plana düşməyib, sökülməyibsə, “Vətən” kinoteatrından azacıq yuxarıda və sol tərəfdə olmalıdır.

– Doğrudanmı Siz Qusmana – klubun tanrısına da yalan söylədiniz?

– Əlbəttə, əlbəttə ki, yox! Onunla görüşə qədər “odessalı tələbə” əfsanəsini uydurmağıma səbəb bu idi ki, xalqım çox qonaqpərvərdir və yerli doqquzuncu sinif şagirdinə deyil, yad məmləkətdən gəlmiş tələbəyə etibar və yardım edər. Qusmandan isə dəstək tələb olunurdu.

Yuli məni açıq həyətdə ikinci mərtəbəyə aparan pilləkəndə qarşıladı. Otaqda iki nəfər komanda yoldaşı da var idi. Kimliyinə əmin olmadığıma görə, adlarını çəkməyəcəyəm.

Qoçaq məktəblinin sərgüzəştlərini açıb danışdım. Hamı şənləndi…

Klub üzvləri dedilər ki, işlərdən uzaqlaşıblar, amma bacardıqları qədər kömək edərlər. Mən …kədərləndim.

– Və Siz fikrinizdən daşındınız?

– Mən bəlkə də əl çəkərdim. Amma həmin 15 yaşlı oğlan tutduğunu buraxmadı. Dəstək vədi – ödənilməyəcək veksel idi, lakin əlimdə işə yaradı. Bir neçə orta məktəbə yollandım. Komsomol komitəsi katibləri, tərbiyə işləri üzrə direktor müavinləri ilə görüşdüm. ŞHK şəhər qərargahının təşkilati köməyini vəd etdim. Yalançı çıxmayım deyə Məktəb ŞH Klubunun nümunəvi Nizamnaməsini yazdım, yarışların reqlamentini, oyunlarda qiymətləndirmə prinsiplərini və bu kimi baza sənədlərini tərtib etdim. Təcrübədə belə şey görünməmişdi! Lakin, hər halda, bir neçə məktəbdə komandaların yarışı keçirildi. Mən hətta münsiflər heyətində əyləşdim.

– Həyatınızda belə qəhrəmanlıq çox olubmu?

– Səhvən Heraklın adına çıxarılan 12 qəhrəmanlığı saymasaq, bundan az olmaz.

– Deməli, daha neçə-neçə maraqlı macəra haqqında nəql edəcəksiniz.

– Şayiələr ayaq açıb gəzməyə başlayan kimi…

Müsahibəni qələmə aldı: A.Əziz,

KONKRET.az

P.S. Avqustun 8-də Yuli Qusmanın bir neçə yaşı tamam olur. Doğum günün mübarək, şən və hazırcavab həmyerlimiz!

  • Zamina Elturan
    Avqust 6, 2020 - 11:40

    “Bakı” məkan adıdı,burada doğulana ” bakılı” deyilir.Yəhudu millətdi.Məkanla,milləti qarışıq salmaq olmaz!Əgər Qusmana “türk” desəydilər,bu başqa məsələ.

    • Sülhsevər
      Avqust 10, 2020 - 11:10

      Zamina xanım!
      Müsahibəni oxudum – çox razı qaldım. “Ağıllandıran” şərhinizi gördüm – çox məyus oldum. O da çox, bu da çox. Deməli, siz də nəyisə yaxşı bacarırsınız. Davam edin və layiqli münasibət sizindir!

    • XXX XXX
      Avqust 18, 2020 - 21:02

      Ay uşaq, ayıb olsun!
      Sadiq, Qusman, Əziz olan yer sənlik deyil! Öz yerini bil!
      Sən müsahibədəki fikirləri, o üslubu anlamaq iqtidarında deyilsən. Get təhsil al. Heç olmazsa onlayn…

  • Xatirə Qasım
    Avqust 11, 2020 - 17:00

    Düz deyil, Aydın Sadiqin məqalələri unudulmayıb. O, yazmayanda da yerini tuta bilən olmayıb.

  • Hans Andersson
    Avqust 12, 2020 - 17:56

    Говорили, что Великий Сказочник – я.
    Айдын меня обошёл…

  • Sülhsevər
    Avqust 18, 2020 - 00:22

    Кто-нибудь может передать это Гусману? Наверное ему будет приятно порыться в памяти.

Xatirə Qasım üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*