Aprelin son günü Azərbaycan üçün yağış, dolu və sellə yadda qaldı. Qara buludlar siyasi çözümlərin də başının üstünü aldığından, insanlar regional diplomatiyadakı ab-havanın aydınlaşmasına ümid edirlər. Buna görə də xarici işlər naziri Ceyhun Bayramovun Entoni Blinkenin dəvəti ilə baş tutan ABŞ səfəri diqqətlə izlənilib.
KONKRET.az xəbər verir ki, Bayramovun erməni həmkarı ilə görüşündə Ağ Evin təklif etdiyi sülh variantı ətrafında müzakirələrin aparılacağı nəzərdə tutulub.
Xatırladaq ki, aprelin 17-19 aralığında Ermənistan və Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonun hər iki ölkəyə sülhün Vaşinqton variantını təqdim etdiyi iddia olunur. Yəni siyasi arenada heç nə təsadüfən baş vermir. Bütün səfər və görüşlər arasında ümumi bağ mövcuddur. Amma bu bağ “Qordi düyünü”nə bənzəyən sülhə yol açmaq mahiyyəti daşıyır. Sadəcə, keçmişdə qalan konflikt düyününü salan, öz vasitəçiliyi ilə sülhə mane olmaq istəyənlər də az deyil. Belə vasitəçilikdən bəhs edəndə ilk ağıla gələn Rusiyadır. Sülh səylərindəki təzadlı pauza bir yana, Kremlin sülhməramlı komandanları “babat” keçmişi olanlardır. Təkcə onu demək kifayətdir ki, sülhməramlıların yeni komandanı Aleksandr Lentsov Əfqanıstan müharibəsi, hər iki Çeçen savaşlarının iştirakçısıdır.
• O həm də Cənubi Osetiyadakı hərbi konfliktdə döyüşüb. Belə komandanların yardımı ilə Moskva Gürcüstanın Abxaziya və Cənubi Osetiyasına qondarma müstəqillik verib.
Qarabağda da özünü zəhmli tərəfdən göstərməyə çalışır. Belə ki, aprelin 27-də teleqram kanallarda belə bir xəbər yayılmışdı ki, sülhməramılılar Azərbaycanın Laçın yolunda hərəkəti məhdudlaşdırmasına etiraz edir və maneələr aradan qalxmasa, buna güc yolu ilə nail olacaqlar. Aprelin 28-də isə Laçın-Xankəndi yolunda ekofəalların etiraz aksiyası müvəqqəti dayandırıldı. Ekoaksiyanı məlumat üçün xatırlatdım, yəni hazırda Bakı yetərincə siyasi gücə malikdir ki, sanksiyalı Rusiyanın sülhməramlı kontingentinin Cənubi Osetiya parodiyalı xoxundan qorxmasın. Həm də Azərbaycan məqsədinə çatıb. İsbat kimi Laçındakı sərhəd-buraxılış məntəqəsini göstərmək olar.
Ermənistan və Azərbaycan XİN rəhbərlərinin ABŞ müzakirələrindən əvvəl Nikol Paşinyanın Entoni Blinkenə zəng vurması və Azərbaycanın Laçın yolundakı fəaliyyətinə Qarabağda etnik təmizləmə donu geyindirməyə çalışması sözügedən sərhəd-buraxılış məntəqəsinin nə dərəcədə əhəmiyyətli olduğuna sübutdur. Hər nə isə, Nikolun arvad vay-şivənlərindən cana doyan Blinken kişi səsi eşitmək və əslində nə baş verdiyini bilmək üçün Prezident İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Entoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib. ABŞ Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı məhz Azərbaycan olub. Bu xüsusda da Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip Ermənistana təklif edilib. Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar Prezident İlham Əliyev bildirib ki, bu məntəqənin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Azərbaycan Prezidenti vurğulayıb ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir.
Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağı qeyd edilib.
Sonuncu cümlənin nə qədər mühüm olduğunu anlamaq üçün bir neçə gündür ki, separatçıların keçirdiyi aksiyaya diqqət yetirmək kifayətdir. Belə ki, Qarabağdakı ermənilər qondarma rejimə “müstəqillik” qazandırmaq naminə imza toplamaqla məşğuldurlar. Bu halda siyasi analiz həvəskarlarında belə bir zənn-güman yaranır:
– Görünür, Rusiya ordusunu Ukraynadan çıxartmağın əvəzində Qərbin qarşısına Qarabağın dağlıq hissəsi şərtini qoyub.
Necə ki, İslamda zənnə, gümana qapılmaq bəyənilmir, politologiyada da “ehtimal nəzəriyyəsi”nə ciddi yanaşmırlar. Siyasət başqa, riyaziyyat başqa! Müəyyən şübhələri, tərəddüdləri aradan qaldırmaq üçün yazını Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayılın sözlərilə yekunlaşdırırıq:
“Şuşa bəyannaməsi əsasında öz müdafiə gücünü möhkəmləndirən Azərbaycan Türkiyə ilə birlikdə regionun geosiyasətini dəyişir. Ölkələrimizin regional oyunçu olaraq əhəmiyyəti artır və bizim razılığımız olmadan bölgədə nəsə dəyişmək mümkün olmayacaq”.
Anar Rəhimov,
KONKRET.az