Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres Livanda BMT-nin Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlılarına hər hansı hücumun müharibə cinayəti sayıla biləcəyi barədə xəbərdarlıq edib.
KONKRET.az Reuters agentliyinə istinadən xəbər verir ki, oktyabrın 13-də təşkilatın nümayəndəsi Stefan Dujarik BMT baş katibinin adından müvafiq xəbərdarlıq edib: “UNIFIL sülhməramlıları bütün mövqelərdə qalır və BMT bayrağı dalğalanmağa davam edir. Baş katib bir daha bildirir ki, UNIFIL personalı və onların mövqeləri heç vaxt hədəfə alınmamalıdır. Sülhməramlılara hücumlar beynəlxalq hüququn pozulmasıdır. Onlar müharibə cinayəti kimi təsnif edilə bilər”, – deyə Dujarik bildirib. Oktyabrın 10-da İsrail əsgərlərinin açdığı atəş nəticəsində Livanda 2, oktyabrın 12-də isə daha 2 sülhməramalı yaralanıb. Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu BMT-nin baş katibi Antonio Quterreşə müraciət edərək, BMT-nin Müvəqqəti Sülhməramlılarının Livandakı döyüş zonasından dərhal çıxarılmasını istəyib.
Vəli Həsənov,
KONKRET.az