BMT-nin daha hansı qətnamələri icra edilməyib? – Mehdiyevbackend

BMT-nin daha hansı qətnamələri icra edilməyib? - Mehdiyev

BMT-nin TŞ-nın 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələri 27 ildir icra edilmir. Bəs, görəsən, BMT TŞ-nin icra edilməyən başqa qətnamələri varmı?

KONKRET.az xəbər verir ki, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib ki, BMT nizamnaməsinin 7-ci fəslinə uyğun olaraq qəbul edilən istənilən qətnamə məcburi xarakter daşıyır və tez bir zamanda icra edilməlidir.

“Bununla belə, ATƏT-in Minsk Qrupunun iclasında razılaşdırılmış BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri BMT nizamnaməsinin 6-cı fəslinə uyğun olaraq qəbul edilib. Adıçəkilən bu qətnamələr işğal edilən torpaqların Azərbaycana məxsus olduğunu birmənalı olaraq təsdiqləyir. Bu isə çox vacib və əhəmiyyətli məqamdır. Eyni zamanda işğalçı qüvvələrin oradan dərhal çıxarılması da açıqca qeyd olunub. Lakin 6-cı fəsilə uyğun olaraq qəbul edildiyi üçün təəssüf ki, icrası üçün təsirli mexanizmlər yoxdur.

Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bir çox münaqişələr üçün də müvafiq qətnamələr qəbul edilib. Hətta bəzi münaqişələrdə qəbul edilən qətnamələrin sayı və icra edilməmə müddəti daha çoxdur. Bunlardan ən tanınanı və bizim üçün də vacib olanları Fələstin-İsrail, Abxaziya və Osetiya, həmçinin Kəşmir münaqişələridir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası (TŞ) Kəşmir münaqişəsinin həllinə dair 11 qətnamə qəbul edib. Onların hər biri Kəşmirin statusunun şəffaf və azad səsvermə ilə müəyyənləşməsini əhatə edir. Lakin Hindistan buna razılıq vermir. Hazırda Hindistan bölgədə 600 minlik qoşun saxlayır. Bura dünyanın ən çox silahlandırılmış zonası hesab edilir.

Fələstin münaqişəsində isə BMT Təhlükəsizlik Şurasının 86, BMT Baş Assambleyasının isə qəbul etdiyi 720 qətnamənin heç birinə indiyədək əməl edilməyib.

2008-ci ildən etibarən BMT Baş Assamleyasında Gürcüstanın işğal altındakı ərazilərdən olan məcburi köçkün və qaçqınların öz torpaqlarına qaytarılmasına dair qətnamə qəbul olunub. Lakin bu qətnamələr də bu gün belə icra edilmir. Bütün bu münaqişələr və qəbul edilən qətnamələrin yerinə yetirilməməsi özlüyündə dünyanın ən böyük təşkilatı olan BMT-də ciddi problemin olduğunu göstərir və nəticədə qurumun nüfuzuna zərbə dəyir”.

Hüquqşünas bildirib ki, Azərbaycan Ordusu BMT TŞ-nin qətnamələrini hazırda icra etməklə, bir növ bu qurumun da imicini qorumuş olur:

“Həmçinin Azərbaycan Ordusunun ədaləti bərpa prosesi və beynəlxalq hüquqa uyğun addımları BMT qətnamələrinin icrası üçün daha təsirli mexanimzlərin hazırlanması məsələsini də gündəmə gətirir. BMT TŞ öz qətnamələrinin məcburi icrası üçün iqtisadi-siyasi sanksiyalardan tutmuş hərbi müdaxiləyə qədər, bütün təzyiq metodlarının tətbiqi barədə düşünməlidir ki, dünyada ədalətsizliyin qarşısı alınsın və ölkələrin müqəddəs sayılan sərhəd toxunulmazlığı problemi aradan qalxsın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*