BMT-nin Livandakı “UNİFİL” missiyasında xidmət edən bir irland əsgəri konvoyun atəşə tutulması nəticəsində həlak olub, daha üç əsgər isə yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə İrlandiya Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, hadisə çərşənbə günü axşam saatlarında baş verib.
Məlumata görə, İrlandiya Silahlı Qüvvələrinin 121-ci piyada batalyonunun səkkiz əsgərinin olduğu iki zirehli transportyor atıcı silahlardan atəşə tutulub.
“Hadisə nəticəsində 4 hərbçi Səidə şəhəri yaxınlığındakı Raiya xəstəxanasına aparılıb. Xəstəxanada bir hərbçi ölüb, digər iki əsgər isə yüngül xəsarət alıb”, – məlumatda deyilir.
“The Independent” nəşrinin məlumatına görə, İrlandiya Müdafiə Qüvvələrinin 121-ci Piyada Batalyonunda 333 əsgər xidmət edir. Onlar 2022-ci ilin noyabrında BMT-nin sülhməramlı missiyasında iştirak etmək üçün Livanın cənubuna göndərilib.
İqbal Rzayev,
KONKRET.az