Böyük Qayıdışın qarşıya qoyduğu vəzifə və öhdəliklər – ŞƏRHbackend

Böyük Qayıdışın qarşıya qoyduğu vəzifə və öhdəliklər - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərə qayıdışdan danışankən deyib ki, tarixi Zəfər nəticəsində əldə etdiyimiz yeni dövrün reallıqları həm Böyük Qayıdışın başlanmasını sürətləndirir, həm də Azərbaycanı dünyaya əsl qurucu dövlət kimi tanıdır.

Dövlət başçımızın dediyi kimi 44 günlük müharibədən sonra Azərbaycan dünyaya yenidən doğuldu. Özünü dünyaya tam fərqli formada təqdim etməyə başladı.

Məlumdur ki, 30 illik mübarizə, səbr və əzmin gücü ilə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun şücaəti ilə Qarabağ işğaldan azad edildi. Bu gün bu torpaqlara yeni bir həyat vermək üçün bütün qüvvələr səfərbər edilib, dağılan şəhərlərimizin, məhv edilməyə çalışılan tarixi irsimizin bərpası işləri davam etdirilir.

Böyük Qayıdış ilham verir - VİDEO

Azərbaycan öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələyə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması, ölkə prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətimizin Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində, əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir.

Məlumdur ki, Böyük Qayıdış üçün qarşıdakı 30 il ərzində Ermənistanın işğal altındakı əraziləri minalardan təmizəmək vəzifəsi durur. Çox təəssüf ki, Azərbaycan minaları təmizləməkdə təkbaşına qalıb. Sivilizasiyaya böyük dəyərlərdən danışan böyük dövlətlər bu gün Azərbycanı minalarla mübarizədə tək qoyub. Məhz bunun nəticəsidir ki, 44 günlük müharibədən ötən müddətdə 400-ə yaxın soydaşımız minaların qurbanı olub.

Bununla belə, Azərbaycan höküməti öz ali və ülvi məqsədlərinin ardınca getməyə başladı. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın göstərdiyi istiqrarlı davranış ölkəmizin beynəlxalq arenadakı nüfuzunu və bölgəyə olan marağı günü-gündən artıraraq, xarici investisiyaların prioritetlərinin dəqiq müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud olan enerji mənbələri, qiymətli yeraltı sərvətlər, xammal yataqları və çox sayda cəzbedici investisiya üstünlükləri bölgəyə parlaq gələcək vəd edir.

BÖYÜK QAYIDIŞ: Azərbaycan quruculuq meydanında

Bu gün Qarabağ və Şərqi Zəngəzurun inkişafı üçün investisiya iqliminin şərtləndirilməsində əsas olan siyasi, iqtisadi, hüquqi və sosial amillərin normallaşması prosesi gedir. Qarşımıza qoyulmuş hədəflərinin reallaşdırılmasında “Böyük Qayıdış”ı təmin edən infrastrukturun yaradılması ön plana çəkilmiş və hazırlanarkən mütərəqqi beynəlxalq təcrübəyə istinad olunub. Bundan başqa, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb.

Heç təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilərin tam mənada inkişafına nail olmaq üçün birinci növbədə ən böyük təhlükə hesab edilən minaların və partlamamış hərbi sursatın zərərsizləşdirilməsidir. Bu, çətin bir iş olmaqla bərabər təəssüf ki, həm də uzun müddət tələb edən bir işdir. Bununla həmin ərazilər bütövlükdə tam təhlükəsiz yaşayış və sosial-iqtisadi həyatın bərpası üçün uyğun olacaq. Strateji əhəmiyyət kəsb edən işlərin çevik həlli və ərazilərin inkişafı üçün Azərbaycanın artıq konkret yol xəritəsi var. Bununla biz həyat əlaməti qaytarılacaq ərazilərimizi ölkənin sosial, iqtisadi, mədəni həyatına bağlayacaq, əhalinin layiqli həyat şəraitini təmin edəcəyik.

Qarabağ və Şərqi Zəngəzurda yeni yolların çəkilməsi, bölgədə müasir rabitə infrastrukturunun qurulması, ətraf mühitin qorunması, ekoloji cəhətdən təmiz enerji mənbələrinin yaradılması prosesi artıq başlayıb. Ermənilər tərəfindən 30 il ərzində məqsədli şəkildə tamamilə dağıdılmış ərazilərdə hazırda ardıcıl və sürətli şəkildə tikinti işləri aparılır.

İşğaldan azad olunmuş Füzulidən Şuşaya çəkilən ilk yol dönüşün uğurlu simvoludur. Hazırda dövlət büdcəsindən ayrılan vəsait hesabına işğaldan azad olunan ərazilərdə 15 avtomobil yolunun tikintisi həyata keçirilir və bütün avtomobil yolu layihələrinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulur. Nəqliyyat şəbəkəsi ilə yanaşı, paytaxtla işğaldan azad olunmuş ərazilər arasında əlaqələrin yaradılması, yükdaşımaların daha sürətli və səmərəli həyata keçirilməsi üçün“Qarabağın hava qapısı” adlandırılan Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları artıq istifadəyə verilmişdir. Hazırda üçüncü hava limanı Laçın şəhərində tikilməkdədir. Bunlar quru yol, hava yolu, dəmir yolu ilə bağlı işlərin ilkin qismidir, əlbəttə, Dövlət Proqramlarına uyğun olaraq bu proses davamlı şəkildə gedəcək.

Füzuliyə Böyük Qayıdış başlayıb

Erməni işğalı dönəmində ərazilərimizdəki təbii resurslardan qeyri-insani istifadə və ətraf mühitin qəsdən çirkləndirilməsi ölkəmizin iqtisadiyyatına ciddi ziyan vurub. Torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması, əkilib becərilməsi, heyvandarlıq təsərrüfatlarının bərpa olunması üçün su anbarlarının gələcək istismarı, hidroehtiyatların ölkənin su təsərrüfatı sisteminə inteqrasiyası da bərpa prosesinin və Böyük Qayıdışın tərkib hissəsidir.

Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə də xüsusi əhəmiyyət verilir. Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl Enerji Zonası” elan edilməsi, bu ərazilərin bərpası və inkişafında strateji hədəflərdəndir. Artıq alternativ enerji mənbələrinin istifadəsi üçün dünyanın önəmli enerji şirkətləri ilə müqavilələr imzalanır. Qarabağ və Şərqi Zəngəzurun işğaldan sonra Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni elektrik stansiyaları və yarımstansiyalar tikilir. Qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun aparılan, “Yaşıl” texnologiyaların və “ağıllı” sistemlərin tətbiqi vasitəsi ilə həm külək, həm günəş enerjisindən istifadə edilərək, hərbi obyektlərin, yeni yaradılan sosial-iqtisadi infrastrukturun fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminatı təşkil ediləcək.

Qeyd etməliyik ki, Böyük Qayıdışın ilk qədəmləri kimi Zəngilan rayonunun Ağalı kəndinə, daha sonra Laçın şəhərinə dönüş isə işğaldan azad edilmiş ərazilərdə sürətli əlverişli iqtisadi və siyasi mühit formalaşdırılmasının bariz göstəricisidir. Bu gün Şuşada, Xankəndində, Laçıında, Cəbrayılda, Kəlbəcərdə, Zəngilanda və digər ərzilərdə həyat yenidən canlanır. Daha da gözəlləşən və abadlaşan rayonlarımıza köçən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunur.

Günel Mikayılova,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” mövzusuna uyğun olaraq dərc edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*