Brejnevin doğma şəhərində faciə və xalq üsyanı – sərxoş gənclərin maşında yanması itaətsizliyə səbəb olubbackend

Brejnevin doğma şəhərində faciə və xalq üsyanı – sərxoş gənclərin maşında yanması itaətsizliyə səbəb olub

Bu şəhərin xüsusi statusu olub. Çoxları Dneprodzerjinskini “Ukraynanın cənnəti” adlandırıb. Leonid İliç Brejnev hakimiyyətə gəldikdən sonra Kiyev və Moskva baş katibin doğma vətəninə xüsusi diqqət ayırıb. Şəhər mağazaları ərzaq və sənaye mallarının bolluğu ilə fərqlənib. Ayrı-seçkilik bununla bitməyib. Təkcə Dneprodzerjiniskdə deyil, bütövlükdə Dnepropetrovsk vilayətində maaşlar 20 faiz yüksək olub.

Təbii ki, bu və digər fərqlərin mövcudluğu heç nə ilə əsaslandırılmayıb. Həm də bu haqda heç soruşan da olmayıb. Kremldəki Brejnev klanının (Dnepropetrovsk klanı) mütləq hakimiyyəti dövründə, sözsüz ki, heç kim özünə problem yaratmaq istəməyib.

Fərqli şəhərin ictimai mühiti də fərqli olub, sakitlik, sabitlik hökm sürüb, əhalinin narazılığı, etiraz səsləri heç vaxt eşidilməyib.

Amma “Gənclər günü”ndə baş vermiş bir hadisə Dneprodzerjinskdə “sükut”u pozub və elə bir səs-küy yaradıb ki, hətta Kremldə eşidilib.

SSRİ dövründə 1958-ci ildən başlayaraq hər ilin iyun ayının sonuncu bazar günü “Sovet gəncləri günü” kimi qeyd olunub.
Bu əlamətdar gün 1972-ci ildə 25 iyun tarixinə təsadüf edib. Ölkənin digər şəhərlərində olduğu kimi, Dneprodzerjinskdə də sakinlər bayram əhvalında olublar. Kafe və restoranlarda qələbəlik müşahidə olunub. Bayram məclislərində spitli içkilər tədbirlərin əsas “atribut”una çevrilib. Bunu əvvəlcədən nəzərə alan hüquq-mühafizə orqanları xüsusi rejimdə işləyiblər, könüllü drujina və milislərdən ibarət patrullar digər günlərdən fərqli olaraq daha çox sayda şəhərin küçələrində asayişi qoruyublar.

Həmçinin ayıltma məntəqələri də gücləndirilmiş iş rejiminə keçib. Xüsusi tibb avtomobilləri sərxoş vəziyyətdə milis bölmələrinə gətirilənləri milislərin müşaiyəti ilə ayıltma məntəqələrinə daşıyıblar.

Həmin gün xidmətdə olan milis serjantı Vinoqradov və kiçik serjant Kolesnik növbəti çağırışı qəbul ediblər. Onlar “İnşaatçılar” sarayının yanındakı ərzaq mağazasından sərxoş vəziyyətdə olan 24 yaşlı gənci milis bölməsinə aparıblar. Serjantlara səhərin digər milis bölməsindən də iki nəfəri götürüb xüsusi tibb maşını ilə ayıltma məntəqəsinə aparmalarını tapşırıblar. Beləliklə, Vinoqradov və Kolesnik hər üç sərxoş gənci çətinliklə maşının kuzasına otuzdura biliblər. Təlimata əsasən serjantlardan biri maşının kabinində, digəri yük banında getməli idi. Amma bu qaydaya əməl olunmayıb. Hər iki serjant kabinə minib. Yolda su almaq üçün milislər maşını saxlatdırıblar.Onlar yaxınlıqdakı su köşkündə su içəndə qəfil partlayış baş verib. Belə ki, xüsusi tibb avtomobilinin sürücüsü ehtiyat üçün banda 20 litrlik qabda benzin saxlayıb. Banda aparılan sərxoş gənclərin birində isə alışqan olub. Ayıqlığını itirmiş gənc özü də bilmədən alışqanı əsəbi şəkildə tez-tez yandırıb söndürüb. Sonuncu dəfə isə alışqanın qığılcımı benzinin üstünə düşüb və yanğınla nəticələnən güclü partlayış baş verib. Yük banının dəmir qapısından asılmış qıfılı açmaq mümkün olmayıb. Ətrafdakılarının köməyi ilə qapı armaturla açılıb. Amma artıq gec olub. Sərxoş gəncləri xilas etmək mümkün olmayıb.

Bu dəhşətli mənzərə hadisə baş verən ərazidə bayram gəzintisində olan şəhər sakinlərini hiddətləndirib. Onlar hadisənin baş verməsinə görə milis serjantlarını günahlandırıblar. Qısa bir müddətdən sonra yanmış avtomobilin ətrafına yüzlərlə adam toplaşıb. Milis serjantları isə aradan çıxıblar. Bu, hadisə yerində olanları daha da qıcıqlandırıb.

Toplaşanlar arasında hüquq-mühafizə orqanlarının və şəhər rəhbərliyinin ünvanına sərt ifadələr səsləndirilib. Etirazçılar yanmış avtomobili başqa bir yük maşınına bağlayaraq şəhər daxili işlər şöbəsinə üz tutublar. Yolboyu onlara mane olmaq istəyən milislər döyülüb. Şöbənin qarşısına çıxan növbətçi zabit narazı kütləni sakitləşdirmək istəsə də, ona məhəl qoyan olmayıb. Başqa çıxış yolu tapmayan milis zabiti tabel silahından göyə atəş açıb və xəbərdarlıq edib: “Tabe olmasanız atəş sizə açılacaq!”

Çaş-baş qalan kütlə geri çəkilib, bu dəfə onlar Lenin prospekti ilə şəhər İcraiyyə Komitəsinə istiqamət alıblar. Prospekt boyunca olan köşklərin, mağazaların şüşələri sındırılıb, milis formasında olanlar döyülüb. Min nəfərdən artıq narazı kütləyə qoşulanların sayı artıb. Şəhər dövlət orqanları tərəfindən nəzarətdən şıxıb.

Şəhərin İcraiyyə komitəsinin sədri Ktitaryev Ukraynanın birinci katibi Vladimir Şerbitski ilə telefon əlaqəsi yaradaraq baş verən hadisələr haqqında onu məlumatlandırıb. Şerbitski isə öz növbəsində hadisə ilə bağlı Leonid İliç Brejnevə məruzə edib. Brejnevin ilk göstərişi belə olub:

– Heç bir halda və heç bir variantda dinc əhaliyə atəş açılmasın. Daxili qoşunlar və əlavə milis qüvvələrinin köməyi ilə şəhərdə dövlət orqanlarının fəaliyyəti bərpa edilsin.

Bu göstərişdən sonra daxili qoşunlar şəhərə yeridilib. Dzerjiniski meydanında gözyaşardığcı qazdan istifadə edilib və narazı kütlə dağıdılıb. Əlavə milis qüvvələrinin də cəlb olunması ilə şəhərdə sabitlik bərpa olunub.

Səhərisi gün hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılıb. 9 nəfər 5 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Milis serjantları Vinoqradov və Kolesnik də 8 il azadlıqdan məhrum olunublar.

Şəxsən Brejnevin göstərişi və nəzarəti altında bütövlükdə Dnepropetrovsk vilayətində ciddi kadr dəyişikliyi aparılıb.
Qeyd edək ki, Dneprodzerjinsk hadisələrində daxili qoşunlardan 22, milis əməkdaşlarından 7, narazı kütlədən isə 35 nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*