Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
KONKRET.az report-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O bildirib ki, Rauf Pənahov rəhmətə gedəndən sonra BŞİH-nin keçmiş icra başçısı Hacıbala Abutalıbov müavin vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etmək üçün ona həvalə edib:
“Mən Rauf Pənahovdan sonra onun rəhbərlik etdiyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Fövqəladə Hallar Komissiyasına rəhbərlik etmişəm. Bu vəzifələri isə maaşla deyil, ictimai əsaslarla həyata keçirmişəm. Mən müavin vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəndən sonra Hacıbala Abutalıbov Baş nazirin müavini təyin edildi. Amma buna baxmayaraq o, həm də Bakı Şəhər İcra Hakimyyətinin başçısı vəzifəsinə nəzarət edirdi”.
Təqsirləndirilən şəxs deyib ki, o, sərəncam imzalamamışdan əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Dilarə Əliyeva 141 və 145 ünvanlarındakı binaların sökülməsi barədə sərəncam verib:
“Sərəncamda göstərilib ki, həmin ünvanlarda söküntü-abadlaşdrma işləri aparılsın. Bu sərəncam məndən qabaq olub”.
Növbəti proses sentyabrın 9-na təyin edilib.