“Bakıda ictimai nəqliyyatda məsafəyə görə ödəniş sisteminin tətbiqi mümkün olsa da, bu addım yalnız daşıyıcıların maliyyə dayanıqlığı təmin edildikdən sonra reallaşdırıla bilər”.
Bu fikirləri nəqliyyat eksperti Rauf Ağamirzəyev KONKRET.az-a açıqlamasında səsləndirib.
“Hazırda daşıyıcılara edilən ödənişlər onların əməliyyat xərclərini tam qarşılamır. Bu, sürücülərin maaşları və texniki xidmət kimi vacib sahələrə də mənfi təsir göstərir. Dünyada bir çox şəhərlərdə ictimai nəqliyyat brutto müqavilələr əsasında fəaliyyət göstərir və bu model daşıyıcılara subsidiya formasında dövlət dəstəyi verilməsini nəzərdə tutur. Azərbaycan da bu praktikanı tətbiq etməyi planlaşdırır.
Artıq bu istiqamətdə ilkin addımlar atılıb. Son bir il ərzində Bakıda 112 km uzunluğunda xüsusi avtobus zolaqları təşkil olunub və bu rəqəmin yaxın zamanda 160 km-ə çatdırılması planlaşdırılır. Növbəti mərhələ kimi brutto müqavilələrə keçid nəzərdə tutulur ki, bu da hər kilometrə görə subsidiya mexanizmini əhatə edir”.
Ekspertin sözlərinə görə, brutto modelin tətbiqi sərnişinlər üçün bir sıra üstünlüklər yaradacaq. Belə ki, məsafəyə görə ödənişlə yanaşı, gündəlik, həftəlik, aylıq, 6 aylıq və illik bilet paketlərinin təklif olunması mümkündür. Bu paketlər öncədən alındıqda sərnişinlər üçün daha sərfəli olacaq.
“Bundan əlavə, tələbələr, təqaüdçülər və müharibə iştirakçıları üçün güzəştli şərtlər də məhz brutto müqavilələr çərçivəsində həyata keçirilə bilər. Yeni model həmçinin sürücülərin maaşlarının artırılması üçün stimul yaradacaq və dövlətin daşıyıcılara daha ciddi tələblər qoymasına imkan verəcək. Belə ki, bu sistem avtoparkın sürətli şəkildə yenilənməsini və daha dayanıqlı fəaliyyət göstərməsini tələb edəcək.
Hazırda Bakı şəhərində avtobusların yarıdan çoxu 10 ildən artıq yaşı olan nəqliyyat vasitələridir. Respublika üzrə vəziyyət isə daha da acınacaqlıdır. Bununla belə, Naxçıvan, Gəncə, Mingəçevir və Bakı da daxil olmaqla bir sıra şəhərlərdə avtobus parkının yenilənməsi ilə bağlı işlərə start verilib”.
R Ağamirzəyev vurğulayıb ki, ictimai nəqliyyatda müasir, aşağı gövdəli və ekoloji cəhətdən təmiz avtobusların istifadəyə verilməsi insanların hərəkətliliyinə və ölkənin iqtisadi həyatına müsbət təsir göstərəcək. Bu da uşaqlar, uşaqlı valideynlər, yaşlılar və fiziki məhdudiyyətli şəxslərin daha rahat hərəkəti üçün əlavə imkanlar yaradacaq. Eyni zamanda, bu addım fərdi avtomobillərdən istifadənin azalmasına və şəhər daxilində tıxacların aradan qaldırılmasına da şərait yaradacaq”.
Aynurə İsmayıl
KONKRET.az