İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan hökumətinin sirkulyar iqtisadiyyata keçidi dəstəklədiyini bildirib.
O həmçinin əlavə edib ki, qlobal iqlim dəyişikliyini nəzərə alaraq, Azərbaycan hökuməti sirkulyar iqtisadiyyata keçidi, təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadənin təşviqi, təkrar emal və çirklənmiş ərazilərin təmizlənməsi ilə bağlı layihələri dəstəkləyir və bu proses davam edəcək.
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Natiq Cəfərli qeyd edib ki, Azərbaycan COP29 kimi böyük tədbirə ev sahibliyi olan ölkə kimi beynəlxalq trend, yaşıl enerjiyə, bərpaolunan enerjiyə keçid, yaşıl iqtisadi modelə keçidlə bağlı bir çox bəyanatlar verir:
“Əslində bu, COP29-un da mövzularına uyğundur. Azərbaycanın coğrafi olaraq böyük potensialı var. Bərpaolunan enerjinin, Günəş və külək enerjisindən istifadə edilməsi, onun iqtisadiyyatda aparıcı qüvvəyə çevrilməsində potensialımız var”.
Onun sözlərinə görə, Azərbaycanda bərpaolunan enerji ilə bağlı 2 önəmli problem var:
“Birincisi, həmin keçidi təmin edəcək avadanlıqların istehsalı yoxdur. İkincisi isə bizim mütəxəssislərimiz çatışmır. Biz qərar versək ki, bu keçidə keçmək sürətlə baş verəcək, o zaman bunun komponentlərini xaricdən almalıyıq. Komponentlərin xaricdən alındığı dövrdə texnologiya və avadanlıqlardan asılı vəziyyətə düşəcəyik. Mütəxəssislərin də hazırlanması zaman aldığına görə xaricdən mütəxəssislərin dəvət olunmasına çalışacağıq. Belə bir addım atılanda çox yaxşı olardı ki, Azərbaycan komponentlərin yerli istehsalını artırsın və yerli mütəxəssislərin yetişdirilməsi ilə bağlı daha fundamental qərarlar versin”.
Aygün Mirakif,
KONKRET.az