Bu gün güney azərbaycanlılar Berlində aksiya keçirəcək: Tələb İranla bağlıdırbackend

Bu gün güney azərbaycanlılar Berlində aksiya keçirəcək: Tələb İranla bağlıdır

Bu gün, mayın 20-də Almaniyanın paytaxtı Berlində 2006-cı ildə İranda baş verən 22 may (1 Xordad) hadisələrinin növbəti ildönümü ilə bağlı aksiya keçiriləcək.

KONKRET.az xəbər verir ki, mitinqin təşkilatçılarından biri, İsveçdə yaşayan güney azərbaycanlı fəal Saleh Kəmrani bildirib ki, bir neçə saata sonra başlayacaq aksiyaya hazırlıqlar işləri görülür.

Onun sözlərinə görə, “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı ilə keçiriləcək mitinq ikinci belə etiraz aksiyası olacaq: “Brüsseldə təşkil olunan ilk etirazda böyük nailiyyət əldə etdik. Həmin aksiya nəticəsində faşist və irqçi İran rejiminə qarşı milli mübarizə tarixində yeni səhifə açdıq. İnanırıq ki, Berlin mitinqi də uğurlu olacaq. Millətimizin haqlı tələblərini daha yüksək səslə dünyaya çatdıracağımıza ümid edirəm”.

S.Kəmrani deyib ki, aksiya yerli vaxtla 14:00-da, Berlində yerləşən “Unter Der Linden” meydanından başlayacaq.

Xatırladaq ki, 2006-cı il mayın 12-də İran hakimiyyəti “İran” rəsmi qəzetində 35 milyondan çox Azərbaycan türkünü həşərat kimi təsvir edən təhqiramiz karikatura çap edib. Bu hadisə Güney Azərbaycanda kəskin etirazla qarşılanıb və azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə etiraz aksiyalarına başlayıblar.

Təhlükəsizlik qüvvələri Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd şəhərlərində təşkil edilən nümayişlərə müdaxilə edib. Rəsmi məlumatlara görə, dinc aksiyaçılara atəş açılması nəticəsində az 30 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb.

Güney azərbaycanlı fəallar isə bildirirlər ki, hadisələr zamanı 5 mindən artıq etirazçı həbs edilərək, işgəncəyə məruz qalıb, 200 nəfərə yaxın şəxs öldürülüb və ya itkin düşüb.

Hər il, azərbaycanlılar və xüsusilə də Güney Azərbaycan fəalları dünyanın hər yerində, bu tarixi gündə – 1 Xordad hadisələri zamanı həlak olanların xatirəsi yad edirlər./Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*