Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun professoru, əməkdar jurnalist Qafar Cəbiyevin doğum günüdür.
KONKRET.az xəbər verir ki, 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində dünyaya göz açan, 1973-cü ildə H.B.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə başa vuran Qafar Cəfər oğlu Cəbiyev 1981-ci ildən etibarən Akademiyanın əvvəlcə Tarix İnstitutunda, daha sonra isə Arxeologiya və Etnoqrafiya İnstitutunda laborant, kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, 2012-ci ildən isə baş elmi işçi vəzifəsində işləyib.
1985-ci ildə namizədlik, 2008-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1986-cı ildən başlayaraq Qəbələ, İsmayıllı, Kürdəmir, Ağsu və Şamaxı rayonları ərazisindəki antik və orta əsr abidələrinin arxeoloji tədqiqi ilə məşğul olan ekspedisiyalara rəhbərlik etmişdir. Azərbaycan tarix və arxeologiya elminin inkişafı istiqamətindəki bir sıra ilklər məhz Qafar Cəbiyevə məxsusdur.
Məsələn, Azərbaycanda son orta əsr arxeologiyası problemi ilk dəfə Q.Cəbiyevin tədqiqatları əsasında öyrənilib.
Ötən əsrin 30-40-cı illərindən başlayaraq Moskvanın və erməni tarixçilərinin səyləri ilə qədim Azərbaycan dövləti olan Albaniyanın Girdiman vilayətinin tarixi və lokalizəsi ilə bağlı tarix elmimizdə hökmran olan saxta və ermənipərəst yanaşma ilk dəfə onun doktorluq dissertasiyası əsasında büsbütün alt-üst edilib.
Qədim Azərbaycan dövləti olan Albaniyanın tarixi mənbələrdə adı çəkilən və son vaxtlaradək yeri elm aləminə bəlli olmayan mühüm şəhərlərdən biri olan Mehrəvan ilk dəfə məhz onun rəhbərliyi ilə 2004-2015-ci illərdə aparılmış arxeoloji tədqiqatlar əsasında aşkara çıxarılaraq öyrənilib.
Son 100 ildə Azərbaycan arxeoloqları içərisində ilk dəfə olaraq qızıl pullardan ibarət dəfinə məhz onun rəhbərlik etdiyi Ağsu arxeoloji ekspedisiyası tərəfindən aşkar olunub və tədqiq edilərək Milli Azərbaycan tarixi Muzeyinə təhvil verilib.
Q.Cəbiyevin rəhbəri olduğu Ağsu arxeoloji ekspedisiyası tərəfindən 2010-2014-cü illərdə Orta əsr Ağsu şəhəri yerində 1.5 ha ərazi tədqiq olunmuş, konservasiya edilmiş və orada Azərbaycanda analoqu olmayan müasir dünya standartları səviyyəsində olan arxeoloji-turizm kompleksi yaradılmışdır. Hansı ki, ölkə prezidenti cənab İ.Əliyevin 22 oktyabr 2019-cu il tarixli sərəncamı ilə həmin ərazi dövlət qoruğu elan edilib.
2008-2010-cu illərin tədqiqatları zamanı Q.Cəbiyev tərəfindən Azərbaycanın qədim paytaxt şəhəri olan Qəbələnin Qala adlanan hissəsində ilk dəfə olaraq e.ə. I – bizim eranın I əsrinə aid qala divarının qalıqları və şəhərin baş su xətti aşkara çıxararaq tədqiq olunub.
O, Azərbaycanla yanaşı, Misir, İtaliya, İspaniya, Monqolustan, Şotlandiya, Türkiyə və Şimali Makedoniyada keçirilən beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan tarixinin müxtəlif problemlərinə dair məruzələrlə çıxış etmiş, həmin tədbirlərin bir qismində panel müzakirələrə rəhbərlik etmişdir.
O, “Arxeologiya və romantika”, “Can Azərbaycan”, “Bura Vətəndir”, “Azərbaycan keramikası”, “Girdman tarixi”, “Orta əsr Ağsu şəhəri”, “Muradxan dəfinəsi”, “Yazılan qalacaq”, “Girdman. Tarixi və tarixi coğrafiyası”, “Qəbələdə arxeoloji tədqiqatların ən mühüm nəticələri”, “Гирдиман. История и историческая география”, “Düşüncələr” adlı elmi və elmi-kütləvi əsərlərin, ali məktəblər üçün “Azərbaycan tarixi” və “Azərbaycan arxeologiyasının əsasları” dərsliklərin müəllifidir.
2008-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunda ictimai əsaslarla İctimai fənlər kafedrasının müdiri vəzifəsini icra edib. Arxeologiya ixtisası üzrə elmi iş üzərində çalışan 6 doktorantın elmi rəhbəridir.
O, Azərbaycan Respublikasının Əməkdar jurnalisti və “Qızıl qələm” mükafatı laureatıdır. 2003-2019-cu illərdə Milli Televiziya və Radio Şurasının üzvü və sədr müavini vəzifələrində çalışıb.
2012-ci ildə Türkiyənin Səlcuq Universiteti elmi Şurasının qərarı ilə “Türk dünyasının elm adamı”, “Girdiman tarixi” əsəri isə “Humay” mükafatına layiq görülüb. Bunlardan əlavə, Azərbaycan tarixi və arxeoloji abidələrinin tədqiqinə həsr olunmuş çoxsaylı qəzet və jurnal məqalələrinin, televiziya və radio verilişlərinin müəllifidir. Xocalı faciəsi, Girdiman tarixi və Orta əsr Ağsu şəhərinin tarixinə dair bir neçə sənədli filmin, habelə ATV kanalında efirə getmiş olan “Azərbaycan sirrləri” silsilə verilişinin baş məsləhətçisi olub.
2015-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Ekspert Şurasının üzvü, 2017-ci ildən isə Ekspert Şurası sədrinin müavinidir.
2021-ci ilin noyabrından AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəridir.
KONKRET.az