backend

Bu günlər diqqətli olmağımız çox vacibdir - SƏBƏBLƏR

Dünən Xankəndindən qaynaqlanan bir xəbər bütün Ermənistanı silkələdi. Belə bir məlumat yayıldı ki, qondarma “dqr”-in rəhbəri Arayik Arutyunyan 17 fevral tarixində bir fərman imzalayıb. Fərmana əsasən 1 mart 2022-ci ilə qədər “Artsax” icmalarında yerli özünüidarə orqanlarına seçkilər keçirilməyəcək. Seçkilərin təxirə salınmasını separatçıların lideri hərbi vəziyyətlə əlaqələndirib. Amma hər kəs, xüsusilə də Ermənistandakı siyasətbazlar çox gözəl bilirlər ki, Arutyunyanın bu qərarının hərbi vəziyyətlə heç bir əlaqəsi yoxdur.

Ona görə ki, Dağlıq Qarabağda rəsmi qaydada hərbi və yaxud fövqəladə vəziyyət elan olunmayıb. Bu barədə nə 10 noyabr sülh anlaşmasında hansısa bənd var, nə də ki Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı yoxdur. Sadəcə, bu, erməni cəmiyyətində reallıqlarla barışmaq istəməyən qüvvələrin narahatlıqlarının son akkordlarıdır.

Doğrudur, Arutyunyanın qərarı radikal erməni qüvvələri tərəfindən aqressiya ilə qarşılanıb. Bəziləri hətta Arayiki Bakıya satılmaqda günahlandırıb. Amma fakt faktlığında qalır və bu millətçi və korazehin ermənilər tərəfindən böyük zərbə kimi qiymətləndirilir.

Bu da təsadüfi deyil. Qarabağda ən xırda uğursuzluq erməni millətçiləri tərəfindən böyük narahatlıqla qarşılanır. Çünki bu uğursuzluqlar həm onların on illər boyu mənasız yerə mübarəzə apardığını sübut edir, həm də ki, sıraları seyrəlir.

  • Nəzərə alaq ki, Arayik Arutyunyanın imzaladığı kağız Azərbaycan üçün heç bir əhəmiyyət daşımır. Çünki Azərabycan ərazisində hüquqi sənəd Respublika Prezidentinin imzaladığı fərman və sərəncamlar, eləcə də Azərbaycan Respublikasının müvafiq qanunlarıdır. Amma hər halda ermənilərin dünən başlayan və hələ bir müddət davam edəcək narahatlığı bizlər üçün xoş ovqat yaradır. Yada salaq ki, son günlər erməni cəmiyyətində ən çox müzakirə edələn məsələlərdən biri də Yuxarı Qarabağda qalan ermənilərin hansı rəsmi dildən istifadə edəcəyi sualıdır. Əslində bu məsələnin gündəliyə gətirilməsinin özü göstərir ki, ermənilər artıq Qarabağı itirdikləriylə barışmaq zorunda qalıblar. Lakin bəzi millətçi qüvvələr ictimai fikri yayındırmaq və heç də hər şeyin sonunun çatmadığı imitasiyasını yaratmağa çaılışırlar. Məsələn, radikal ermənilər gələcəkdə Yuxarı Qarabağda rəsmi dilin erməni dili olacağını söyləyirlər. Bəzi ermənilər isə rəsmi dilin rus dili olmasını arzulayırlar. Yeri gəlmişkən, Yuxarı Qarabağda rəsmi dilin rus dili olması fikrinə  Rusiyadakı bəzi millətçilər həmən reaksiya verdilər. Məsələn, tanınmış ekspert İqor Kuznetsov Qarabağ ermənilərinin rəsmi dil kimi rus dilindən istifadə etmələrinə isti baxdığını söyləyib.

Bütün bunlarsa onu göstərir ki, Qarabağ “itkisi” ilə ermənilər yavaş-yavaş barışırlar. Bu, həm də onu göstərir ki, Dağlıq Qarabağda Azərbaycanın maraqları baxımından pozitiv dinamilka var. Lakin proseslər gizli və davamlı şəkildə getdiyi üçün informasiya aclığı görən bəzi soydaşlarımız bəzi hallarda yersiz narahatlıq yaşayırlar. Eyni zamanda hadisələri diqqətlə izləməyən və məsələyə səthi yanaşan və sensasiya axtaran bəzi mətbu orqanları da cəmiyyətə dezinformasiya ötürürlər.

Yuxarı Qarabağda rəsmi dil haqqında ermənilərin saldığı hay-küyün mahiyyətini dərk eləmiyən bəzi sadə soydaşlarımız bir yana qalsın, bəzi  köklü mətbu orqan sayılan xəbər portalları da sensasiya axtarışı ilə cəmiyyətə yanlış informasiya ötürürlər. Məsələn, dünən “Turan” İnformasiya Agentliyi Milli Məclisin sədr müavini Fəzail İbrahimliyə bununla bağlı sual ünvanlayıb. Sədr müavini haqlı olaraq deyib ki, “Qarabağ söhbəti artıq Ermənistan insanlarını bezdirib. Ermənistandan xaricə kütləvi surətdə axın baş verir, aclıq, səfalət baş alıb gedir”.

O, daha sonra da əlavə edib: “Rus dilinin Dağlıq Qarabağda rəsmi dil ola bilməsi məsələsinə gəlincə, sözdür də deyirlər. Onlar çox şey deyə bilərlər. Dağlıq Qarabağın status məsələsi birmənalı şəkildə gündəmdə deyil. Cənab prezident İlham Əliyevin də dediyi kimi, status olmayacaq. Status yoxdursa, onların dediklərinin hamısı ancaq söz, özfəaliyyət ola bilər”.

Göründüyü kimi, istər rəsmi dil, istərsə də seçkilər məsələsini ermənilərin gündəmə gətirməsi bizim üçün hər şeyin qaydasında olduğunu göstərir. Yəni ermənilər nə qədər narahatdırsa, bu bir o qədər bizi rahatlaşdırır. Bu həm də onu göstərir ki, ermənilər boş-boş danışır, azərbaycanlılar isə konkret iş görür. Görülən işlərin qapalı aparılması vacib və məqsədə uyğundur. Bunu başa düşürük. Lakin məsələ hər iki tərəf üçün həssas olduğuna görə səsləndirilən istənilən fikrə heç kim laqeyd qalmır.

Cəmiyyətdəki marağı görən bəzi xəbər portalları da sensasiya dalına düşür, yersizi və əsassız məlumatlar tirajlayırlar. Nəzərə alaq ki, Ermənistanla Azərbaycan arasında hərbi münaqişə başa çatsa da, ideoloji və diplomatik mübarizə davam edir. Ona görə də indiki məqamda hər vətəndaş, xüsusilə də mətbuat çox diqqətli olmalıdır. Ermənilərin məqsədli şəkildə yaydığı dezinformasiyalar tirajlanmamalıdır. Çünki, millətçi ermənilər hər vasitə ilə bizi təxribata çəkmək istəyirlər. Bu dezinformasiyalarda iki hədəf güdürlər.

Birincisi, yenidən müharibəni alovlandırmaq və itkilərini sığortalamaq.

İkincisi isə ən azında Azərbaycandakı ictimai-siyasi və iqtisadi sabitliyi pozmaq.

Ona görə də diqqətli olmalıyıq. Hər informasiyanın ən doğru mənbəyinin Azərbaycanın müvafiq dövlət qurumları olduğunu unutmamalıyıq.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*