Azərbaycan xalqına qarşı törədilən və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almayan 31 mart soyqırımı tariximizin faciəli səhifələrindən biri hesab olunur. Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Kürdəmir və digər ərazilərdə erməni daşnaklarının və onların havadarlarının silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı nəticəsində on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Soyqırımı siyasəti müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirilib, kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunub.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Cümşüd Nuriyev Azərbaycanın 25 ildir ki, 31 mart tarixini qeyd etdiyini açıqlayıb: “Məlumdur ki, 1998-ci ilin 26 mart tarixində Ulu Öndər Heydər Əliyev azərbaycanlıların soyqırımı haqqında fərman imzalayıb. Bundan sonra 31 mart Soyqırım Günü kimi qeyd olunur. Həmin fərmanda da, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Azərbaycan torpaqlarının zəbt olunduğu, azərbaycanlıların soyqırıma məruz qaldığı qeyd olunub. Bu, faciə olmaqla yanaşı həm də yaddaşların bərpası günü kimi xarakterizə edilməlidir. Çünki 1918-ci ilin 31 mart və 4 aprel tarixlərində (4 gün ərzində) Bakıda, Qarabağda, Naxçıvanda, Şirvanda, Lənkəranda, Zəngəzurda və digər bölgələrdə 30 mindən çox soydaşımızı qətlə yetiriblər. Bu ideya hələ 1890-cı ildə ermənilər “Daşnaksütyun” partiyasını yaradarkən formalaşıb. Məhz 1918-ci ildə “Daşnaksütyun” partiyasının 4, Bakı Sovetinin isə 6 minlik dəstəsi birləşib. Beləliklə 10 minlik silahlı dəstə 3 gün ərzində Azərbaycanda qırğınlar törətməyə başlayıb. İlk böyük qırğın Şamaxıda və paralel olaraq Qubada həyata keçirilib. Aparılan araşdırmalara görə Şamaxıda 7 min nəfər qətlə yetirilib. Onun 1653-ü qadın, 965-i isə uşaq olub. Eyni zamanda o vaxtın Fövqəladə İstintaq Komissiyası müəyyən edib ki, Şamaxıda 120 kəndin 86-sı erməni təcavüzünə məruz qalıb. Amma son illər aparılan tədqiqatlar göstərir ki, Şamaxıda soyqırım nəticəsində 14 min insan öldürülüb və 18 min nəfər didərgin salınıb.”
Politoloq erməni soyqırımı nəticəsində Qubada insanların vəhşicəsinə qətlə yetirildiyini diqqətə çatdırıb: “Bunu Qubada aşkarlanan kütləvi məzarlıqlardakı insan skeletləri də sübuta yetirir. Onların əksəriyyəti küt alətlərlə öldürülüb, kəllə sümükləri dağıdılıb və başları kəsilib. Ona görə də, Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il sərəncamı ilə “Soyqırımı Kompleksi” yaradılmasına qərar verilib. Hazırda Kompleks böyük bir ərazini əhatə edir və ziyarətçilərin erməni vəhşiliklərini əyani görməsi baxımından çox böyük əhəmiyyət daşıyır. Azərbaycan üçün nə qədər acı olsa da, 31 mart tarixi bizim yaddaşımızın bərpası günü kimi qeyd edilməlidir. Hesab edirəm ki, soyqırıma məruz qalsalar da, o insanların hamısı şəhid sayılır. Azərbaycan dövləti zaman-zaman verdiyi şəhidlərin hesabına ayaqda qalmağı bacarıb. Sevindirici haldır ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Vətən müharibəsində biz bütün şəhidlərimizin qisasını almışıq. İnanıram ki, biz ərazilərimizi tam bərpa etməklə öz heyfimizi düşməndən artıqlaması ilə çıxa biləcəyik”.
Müşviq Tofiqoğlu,
KONKRET.az