Ölkədə yaxın günlərdə hava şəraitində qeyri-sabitlik müşahidə olunacaq. Ümumi proqnozlara görə, şənbə və bazar günləri havanın temperaturu 2 dərəcə aşağı düşəcək. Gələn həftənin cümə gününə qədər isə bu günlə müqayisədə ümumilikdə 6 dərəcə temperatur fərqi olacaq və havanın temperaturu 29-34 dərəcəyə çatacaq.
Maraqlıdır, temperaturun bu cür dəyişməsi kənd təsərrüfatına, xüsusilə yay məhsullarına hansı təsiri göstərə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov bildirib ki, Avropanın şimal hissəsi və Rusiyanın qərb hissəsində siklonik fəaliyyətin aktivləşməsi səbəbindən bu dəyişikliklər baş verəcək.
“Bəzi bölgələrdə yağıntı da müşahidə olunacaq. Temperaturun bu cür enməsi kənd təsərrüfatı bitkilərinin fenoloji fazalarında gecikmələrə və ya ardıcıllığın pozulmasına səbəb olmayacaq. Əksinə, havaların çox isti və quraq keçməsi bəzi bitkilərdə rütubət çatışmazlığı yarada bilər ki, bu da məhsuldarlığa mənfi təsir göstərə bilər,” – deyə o, qeyd edib.
Aynurə İsmayıl
KONKRET.az