“Azərbaycan müəllimlərinin başına konkret oyun açırlar. Hamısı da sivil ölkədə dələduzluq kimi qiymətləndirilə bilər”.
KONKRET.az xəbər verir ki, ekspert Elçin Əfəndi Təhsil Nazirliyini kəskin tənqid edərək, fikrini aşağıdakı kimi əsaslandırıb:
“İlk olaraq qeyd edim ki, verdiyi təhsilə şübhə ilə yanaşıb bir də imtahan edərək işə götürür. Halbuki bunun üçün başqa şəffaf mexanizmləri tətbiq etmək olar, amma sərf etmir, pul yemək üçün belə yaxşıdır.
İkincisi, hər il 45 mindən 60 minədək müəllim müəllimlərin işə qəbulu üzrə imtahan versə də, onlar üçün cəmi 7-8, bəzən də 9 min vakant yer çıxarılır. Demək olar ki, 40 min nəfərdən çox müəllim hər il imtahanlardan kəsilərək işsizlər ordusu yaradır. Əslində isə belə olmaması üçün aşağıdakıları tətbiq etmək olar:
1. Gizlədilmiş vakansiyaları üzə çıxarmaq;
2. Ali və orta ixtisas təhsil müəssisələrində pedaqoji ixtisaslara qəbul üzrə plan yerlərini azaltmaq;
3. Siniflərin komplektləşdirilməsini apararaq, minimal say olaraq 18, maksimal say olaraq 25 nəfər şagird sayını müəyyənləşdirmək.
Üçüncüsü, verdiyi təhsil həqiqətən bərbad vəziyyətdədir ki, pedaqoji ixtisas üzrə təhsil alan tələbə imtahana girib daha çox 0-15 bal, ondan bir qədər az 15-30 bal aralığında nəticə göstərir. Bu isə birmənalı olaraq deməyə əsas verir ki, keyfiyyətli müəllim yetişdirməkdə maraqlı deyillər. Keyfiyyətli təhsillə təmin etmirlər. Tələbələr nə edirsə, öz gücünə edir.
Dördüncüsü, müəllimlərin işə qəbulu üzrə hər il bir kitab çıxarırlar. Kitablardan çox müəllifləri var. Bu da azmış kimi, çərçivə çıxarırlar. Bu da azmış kimi, indi də deyirlər ki, əlavə kurikuluma yeni mövzular salınacaq. Yenə də bu məsələ gedib dayanır işbazların pulbazlığına. Köhnə kitablara yeni mövzuları əlavə edib yeni nəşr adı ilə 15-20 manata müəllim olmaq istəyənlərə satacaqlar. Zatən universitet və ya kollec təhsili ilə nəticə əldə edə bilməyən müəllim hazırlıqlara gedərək pul xərcləyir, bir də əlavə olaraq hər il yeni nəşr adı ilə kitab alır.
Təhsil Nazirliyi əvvəldən korrupsiya yuvası idi, indi isə korrupsiyaya bulaşmış, batmış, əsas strukturlardan biridir. Bu nazirlikdə islahatlardan daha çox pul düşünülür. Belə olmasaydı, bu gün adi əməkhaqqı ilə keçinərdilər, daha hər ay verilən paketlərlə yox.
Bir gün, əlbəttə, bu xalq bərbad təhsil üçün hesab soracaq”.
KONKRET.az