Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb. Görüşdə Azərbaycan-İran-Türkmənistan qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanıb.
Bəs Bakı-Tehran-Aşqabad arasında imzalanan tarixi sazişin bizim üçün dividentləri nədir?
Bu barədə KONKRET.az–a açıqlama verən politoloq Zaur Məmmədov bildirib ki, Türkmənistan-Azərbaycan-İran arasında dünən bağlanan saziş, sözsüz ki, rəsmi Bakıya xeyli dividentlər gətirəcək:
1) 2 milyard kub metr türkmən qazının İran vasitəsilə Azərbaycana çatdırılması ciddi rəqəmdir. Misal üçün deyim ki, bu il Qərb istiqamətinə təxminən 5 milyard kub metrə yaxın qaz ixrac etmişik.
2) üçtərəfli saziş faktiki olaraq “Cənub-Şimal”, “Cənub-Qərb” tranzit xəttinin Azərbaycan üzərindən dirilməsidir.
3)Bu sazişlə İran və Azərbaycan geosiyasi ziddiyyətləri kənara qoyaraq iki tərəfin maraqlarına cavab verəcək və tərəfləri iqtisadi-siyasi sahədə bir-birinə yaxınlaşdıracaq yeni layihələrə start verirlər. Təsadüfi deyil ki, dünəndən Ermənistandakı ekspertlər narahatdırlar. İndi Paşinyan daha yaxşı anlayacaq ki, cənub-şimal və cənub-qərb xətti Bakının kurasiyasındadır və İran Azərbaycan, Azərbaycan isə Gürcüstan yolu ilə bu və digər ticarət əlaqələrini həyata keçirəcək. Əgər İrəvan Zəngəzur dəhlizini açsa o da divindentlər əldə edə bilər.
4)Bu sazişlə Avropa İttifaqı və Azərbaycan arasında iqtisadi-siyasi sahədə istiləşmə baş verə bilər. Transxəzər layihəsini sözdə dəstəkləyən Brüssel, ilk dəfə olaraq Azərbaycanın köməyi ilə Türkmənistan qazını əldə edə bilər.Avropa İttifaqının maye qaz məsələsinə aktual baxmasını nəzərə alsaq, bu saziş Qarabağ məsələsində Avropanın ermənipərəst siyasət aparmasını minimallaşdıracaq.
Müşviq Tofiqoğlu
KONKRET.az