Son günlər Sizin imzanızla işıq üzü görən yazılar cəmiyyətdə geniş müzakirə olunur. 28.08.2020-ci ildə müxtəlif saytlarda və sosial şəbəkələrdə tirajlanan müraciə t- məqaləniz diqqətimi çəkdi. Çünki orada toxunduğunuz bəzi sahələrlə uzun illərdir elmi cəhətdən məşğul olur, araşdırmalarımın nəticələrini həm ölkəmizdə, həm də xaricdə nüfuzlu nəşrlərdə dərc etdirirəm. Məhz ona görə də məqalənizi diqqətlə oxuyub sahəmə uyğun məqamları təhlil edərək Sizə suallar ünvanlamağı qərara aldım.
Məqalənin ümumi konteksindən anladım ki, Siz bütün zamanlarda olduğu kimi indi də Azərbaycanın ictimai-siyasi həyatında baş verən gedişatdan əhatəli xəbərdarsınız. İndi vətənpərvərlik ruhunda yazdığınız məqalə yəqin çoxlarına inandırıcı görünmür. Amma necə deyərlər, yenə də olsun…
Əgər bu hisslər Sizdə həqiqətən də indi baş qaldırıbsa bəlkə bundan sonra öz qələminizdən çıxan yazıları “qara dəftər”ə yox, həqiqətə tərəf ünvanlayasınız. Yəqin “qara dəftər” ifadəsini oxuyan kimi diksinib bir qədər fikrə gedəcəksiniz. Əgər cavabı əlüstü tapmaq fürsətiniz olmasa uzun illər boyu bütün əmrlərinizə müntəzir olan Fatma Abdullazadə və Əli Həsənovdan da soruşa bilərsiniz.
Bəzən ictimaiyyətdə belə fikirlər səslənirdi ki, xalqın istəyi, ictimaiyyəti narahat edən məsələlər, ümummilli maraqlar üzərində qurulan təkliflər Prezident Administrasiyasına çatdırılmır, yoxsa vaxtında tədbir görülərdi. Ancaq məqalədən tam aydın oldu ki, Sizin Almaniyadakı Azərbaycan səfirliyində baş verən dəhşətli hadisələrdən, ümumiyyətlə Diasporla İş üzrə Dövlət Komitəsinin və Multikulturalizm Mərkəzinin yarıtmaz fəaliyyətindən tam xəbəriniz olub.
2018-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsində yeni rəhbərliyin təyinatı zamanı Sizin mətbuata verdiyiniz açıqlamada qurumun işinə tənqidi yanaşmanız vəziyyətin həddindən artıq bərbad olmasından xəbər verirdi.
O illər ərzində Sizə ünvanladığım məktublar, diasporanın havadarı Əli Həsənova bildirdiyim etiraz və on altı il ərzində mətbuatdakı silsilə müsahibələrimdən xəbərdar deyildinizmi?
2006-cı ildə Almaniyanın dünyaca məşhur “Spiegel” jurnalında Azərbaycanın bu ölkədəki səfirliyində viza-sənəd qalmaqalı barədə yazılan tənqidi məqaləyə əsasən Azərbaycan Xarici İşlər Nazirliyinə ünvanladığım məktubun cavabsız qalması isə nazirin səriştəsizliyindən xəbər verirdi. Bəs həmin illərdə Siz hara baxırdınız?
Prezident Administrasiyasında yaratdığınız multikulturalizm şöbəsi əslində daha çox fəlsəfə və nəşriyyat şöbəsinə bənzəyirdi ki, nəticədə Varşavada keçirilən boş konfrans otağında edilən çıxışlar rüsvayçılıqla nəticələndi. Ölkədə ictimai-siyasi vəziyyəti nəzərə alaraq xalqın düşüncə tərzinə media vasitəsi ilə vurduğunuz zərbələrə nə deyirsiniz? Sizin nəzarətinizlə ölkə mediası siyasi cəhətdən tamam asılı, iqtisadi baxımdan isə kasıb, ələbaxımlı bir təsisata çevrildi. Rəzil günə saldığınız mətbuat və televiziyadan bu gün sanballı yazılar və verilişlər tələb etmənizə nə ad verək?
Diasporanı siyasi platformaya sürükləyərək müxtəlif səbəblərdən dünyanın hər yerinə səpələnən soydaşlarımızı vətənpərvərlik ruhundan yayındıraraq iqtidar və müxalifətə bölmənizə bəraət qazandırmaq olarmı?
Elmi təfəkkürlü, ləyaqətli yaradıcı insanların ölkədən didərgin salmağınıza, onları müxtəlif sovet üsulu ilə hədələməyinizə Sizcə nə ad verək?
Alman-Azərbaycan Cəmiyyətinin uğurlu layihələrindən, əsasən də Almaniya mətbuatında Azərbaycan adına obyektiv, rəngarəng məqalələrdən xəbərsiz idinizmi? Yoxsa Almaniyada bu Cəmiyyətin keçirdiyi tədbirlərdə sadəcə, iştirak edən və şəkil çəkdirən əlaltılarınıza orden, medal verməklə məndən vətənpərvərliyimə görə heyf çıxırdınız? Sadəcə, potensialımdan çəkinərək öz ətrafınızda daha çox gerizəkalı insanların toplanmasına üstünlük verməklə mənim kimi Vətənə faydalı olacaq ictimai xadimləri kölgədə saxlamağa çalışırdınız.
2005-ci ildə parlament, 2017-ci ildə isə AMEA-nın müxbir üzvlüyünə seçkilər zamanı şansımın yüksək olmasından narahatlıq keçirərək vəzifə başında olan əlaltılarınız vasitəsi ilə seçimimə əngəl törətməyi ustalıqla bacarmışdınız. Bu gün isə həmin oyunlarınızı yada salmaq belə istəmir, müqəddəs dini kitabımızdan tez-tez sitatlar gətirir, şəffaflıqdan, ədalətdən yazırsınız, özü də geninə-boluna. Bunun bir izahı varmı? Multikulturalizm sahəsində yeganə professor olduğuma qısqanaraq 2016-cı ildə məni hətta Bakı Slavyan Universitetindən uzaqlaşdıran Sizin hər an əmrinizə müntəzir əlaltılarınız deyildimi?
Əslində məqalənin ümumi müstəvidən şəxsi müstəviyə keçirməkdə məqsədim yüzlərlə ləyaqətli elm, mədəniyyət və ictimai xadimlərin başına gətirdiyiniz oxşar cəhətləri nümunə göstərmək idi. Siz o zaman ədalətli cəmiyyətin qurulmasına nail ola bilsəydiniz, indi teatr səhnəsi üçün axtarılan saxta siyasi qəhrəmana çevrilməzdiniz.
Mubarizənizi düşdüyünüz vəziyyətə uyğun sadə insanlara güvənərək “qayğıkeşlik” prizmasında davam etdirə bilərsiniz, amma öncə az qala zorla əyləşdiyiniz kürsünü könüllü tərk edin. Bu addımınızla minlərlə ləyaqətli, fədakar elm xadimlərini sevindirərdiniz. Daxilinizi yeyən mübarizə Sizi tez-tez saxta vətənpərvərlik ruhunda Qarabağ problemindən, sadə insanların taleyindən, mediadakı səviyyədən, diasporadakı biabırçılıqdan və Sizə aidiyyəti olmayan alimlərə münasibətdən hiss olunur ki, ahıl yaşınızda bu istəklər təsəlli tapmaqla bağlıdır.
Axırda tanınmış jurnalist Əvəz Zeynallı demişkən, Sizə uzun ömür arzulayaq ki, cəmiyyətin başına açdıqlarınız bumeranq effektilə Sizə də tuş gəlsin. Görkəmli şairimiz Bəxtiyar Vahabzadə demişkən, axı dünya fırlanır…
Yeri gəlmişkən, yuxarıda xatırlatdığım məqalənizdə qurucu babalarımızdan, müqəddəs kitab və ədəbiyyat nümunələrindən sitat gətirməyiniz isə sovet siyasi düşüncənizə uyğun gəlmədiyindən süni qəbul olunur. Odur ki, sovetlər dönəmində çəkilmiş iki məşhur filmdəki maraqlı məqamlara toxunmaqla fikrimi yekunlaşdırmaq istərdim. Fikrimcə, bu Sizin üçün daha rahat ola bilər.
“Baharın on yeddi anı” bədii filmindəki hətta mənfi obraz Müller belə daim satqın və ikiüzlü şəxsləri cəzalandırırdı. Siz isə idarəçilik dövrünüzdə tez-tez əqidəsini dəyişən buqələmun xislətli və ikiüzlü adamlara vəzifə, müxtəlif statuslar verərək onları cəmiyyətə təmiz və qəhrəman obrazı ilə sırımaq istəyirdiniz. Çünki Siz və əlaltılarınız bizim bilik və bacarığımıza bələd olduğunuz üçün sovet siyasi fəlsəfəsinə uyğun olaraq “qovalayın ki, onlar göz önündə vəzifə başında olmasınlar”,- şüarı ilə yaşayırdınız. Sizin “Özüm bacarmıram başqasını da qoymaram”,- prinsipinə söykənən kadr siyasəti ümumilikdə idarəçilik mədəniyyətinə vurulan ən ağır zərbə oldu.
Sonda “Axırıncı aşırım” filmində Kərbəlayinin sovet şineli geymiş Naxırçı İmana obrazlı desək söylədiklərini xatırlatmaq istəyirəm:
Vəzifənizdən, inzibatı resurslardan istifadə edib çox evlər yıxmısınız, xalqımızın dəyərli alimlərinə, ziyalılarına divan tutmusunuz, çox oyunlar çıxartmısınız. Ancaq mənlik və kişiliyimizi sındıra bilməmisiniz. Onlardan biri də Sizə layiqli cavab verən bəndənizdir.
Son günlər yaman məhsuldar yazırsınız. Əvvəllər sovet fəlsəfəsindən, elmi ateizimdən yazırdınız, amma indi qatı dindar kimi çıxış edirsiniz. Mənim sadə suallarıma da cavab tapa bilsəniz yaxşı olar… azerforum.com
Çingiz Abdullayev,
Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor