“Hazırda Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təmir-bərpa işləri gedir. Dərs vaxtında bu təmirin getməsi, toz-torpaq, boya iyi, təhlükəsizlik tədbirlərinin olmaması və s. kimi hallar orada oxuyan şagirdlərin sağlamlığı üçün ciddi təhlükə yaradır. Maraqlıdır ki, nəyə görə bu təmir-bərpa işləri yayda buraxılış vaxtı deyil, dərs vaxtı aparılır?”.
KONKRET.az-a bu şikayətlə vətəndaş Asim Əliyev müraciət edib.
Şikayətçi bildirir ki, hazırda məktəbin koridorlarında, dərs və müəllimlər otaqlarında qızğın təmir işləri gedir. “Nəyə görə şagirdlər toz-torpağın, boya və emusiya iyinin içərisində olmalıdır?”, – deyə narahatlığını ifadə edən vətəndaş sual edir ki, təmir vaxtı hansısa şagird yaralansa, buna görə kim məsuliyyət daşıyacaq?!”.
Asim Əliyev məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini də deyir:
“Fevralın 28-də Elm və Təhsil naziri Emin Əmrullayevə və Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciət ünvanlasam da, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mətləb Hüseynova “gözün üstə qaşın var” deyən olmadı. Mənim şikayətimdən sonra Peşə Təhsili üzrə Dövlət Agentliyindən bir xanım yoxlamaya gəlsə də, mərkəzin direktoru Mətləb Hüseynov həmin xanımı aldadıb yola salmağı bacardı”.
Məsələni aydınlaşdırmaq üçün sözügedən mərkəzin direktoru Mətləb Hüseynovla əlaqə saxladıq. Direktor bildirdi ki, haliyən məktəbdə heç bir təmir işi getmir:
“Sadəcə sanuzellərdə bərpa işləri aparılır ki, o da tədris saatı başa çatdıqdan sonra həyata keçirilir”.
Məktəbdə aparılan təmir işlərini əks etdirən video və foto görüntülərə gəlincə, M.Hüseynov həmin kadrların yay aylarında çəkildiyini dedi. Lakin şikayətçi tərəfindən redaksiyaya ünvanlanan həmin görüntülərin yayda deyil, məhz soyuq aylarda çəkildiyi açıq-aydın görünür. Və sözsüz ki, məktəb rəhbərliyinin faktla bağlı bu açıqlaması böyük çaşqınlıq yaradır.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Nəriman Kərimli isə məsələyə münasibətdə direktordan tam fərqli mövqe nümayiş etdirib. O qeyd edib ki, müəssisədə təmir-bərpa işləri təmsil etdiyi qurumun razılığı ilə təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən həyata keçirilir: “Bərpa işlərinin tədris prosesinə maneə yaratmaması üçün müəssisəyə işlərin əsasən dəhlizdə deyil, otaqların daxilində aparılması təlimatı verilib. Təmir prosesinin böyük hissəsi isə tətil günlərində həyata keçiriləcək”.
Faktla bağlı haçalı fikirlərdən də məlum olur ki, vətəndaşın şikayəti ilə əlaqədar narahatlığa ciddi əsaslar var. Belə ki, məktəb şagirdlərinin belə bir şəraitdə təhsillərini davam etdirməsi onların sağlamlığını hər an təhlükəyə ata bilər. Odur ki, məktəbdəki ümumi vəziyyət mütləq nəzarətə götürülməli və “qaş qoyan yerdə göz çıxaranlar”ın qarşısı alınmalıdır.
Sevinc Paşayeva,
KONKRET.az