Qazaxıstanlı aktrisa Arujan Cazilbekova “Bəstəkar” qazax-çin filmindəki roluna görə nüfuzlu müsabiqədə qalib gəlib.
KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, qazaxıstanlı aktrisa Arujan Cazilbekova Los Anceles Film Festivalında “Bəstəkar” filmindəki işinə görə “Ən yaxşı aktrisa” nominasiyasında mükafatı qazanıb.

Qazaxıstanlı aktrisa filmin yaradıcı heyəti ilə birlikdə Los Ancelesdəki Golden Screen Awards mükafatının təqdimetmə mərasimində iştirak edib. Aktrisa nüfuzlu yarışmada qələbəsini İnstaqram səhifəsində elan edərək, mükafatlandırma mərasimindən video yayımlayıb.
Bioqrafik lentin süjetində Çin bəstəkarı Xian Sinxayın SSRİ dövründə Qazaxıstana gəlməsi, həyat və yaradıcılığından, qazax bəstəkarı Baxıtjan Baykadamovla tanışlığından və dostluğundan bəhs olunur.
Filmin çəkilişləri iki il əvvəl başlamış, böyük bir hissəsi Qazaxıstanda çəkilmişdi. Layihədə Çin və Qazaxıstandan mütəxəssislər iştirak etmişdilər. Belə ki, filmin rejissorları Sabit Kurmanbekov və Şerzat Yakub idi. Rolları Berik Aytjanov, Hu Jun, Arujan Cazilbekova, Altınay Noqerbek, Dilnaz Nurseyt və Yuan Quan oynayıblar.
Filmin dünya premyerası IX Pekin Beynəlxalq Film Festivalında baş tutmuşdu.
Arujan Cazilbekova “Bəstəkar” filmində baş rollardan birini oynayıb. Qazaxıstan bəstəkarı Baxıtjan Baykadamovun bacısı – Danaş obrazını canlandırıb.