“Bundan biz niyə narahat olmalıyıq ki?” – Natiq Cəfərli ilə MÜSAHİBƏbackend

“Bundan biz niyə narahat olmalıyıq ki?” – Natiq Cəfərli ilə MÜSAHİBƏ

Brüsseldəki üçtərəfli görüş Rusiyanın hərbi müttəfiqi olan, təyyarələrinı və pilotlarını Ukraynaya qarşı döyüşməyə göndərən Ermənistanın təriflənməsi və maliyyə yardımı vədi ilə başa çatdı.

KONKRET.az bu görüşlə bağlı Respublikaçı Alternativ Partiyasının icraçı katibi Natiq Cəfərlinin fikirlərini öyrənib.

– Görüş barədə təəssüratınızı bilmək maraqlıdır…

– Təəssüratım belədir ki, sensasiya baş vermədi. Həmin görüşdə Azərbaycanın birbaşa ziyanına olacaq qərarlar alınmadı. Avropa İttifaqının 4 illik 270 milyon avroluq (ilə cəmi 67,5 milyon avro düşür), ABŞ-nin isə 65 milyon dollarlıq illik yardımı, əsasən, Xankəndi və ətrafından Ermənistana könüllü köç edən qaçqınlar üçün nəzərdə tutulub. Bu vəsaitin onların Ermənistana inteqrasiya edilməsinə xərclənəcəyi bildirildi. Bu, bizə ziyandır?! Məncə, yox.

Azərbaycanın çoxsaylı çağırışlarına, təhlükəsizliklə bağlı təminatlarına baxmayaraq, etnik ermənilər Qarabağa qayıtmaq istəmirlər. Özləri bilər, qoy orada qalıb, Ermənistanın məhv olmuş ağır demoqrafiq durumuna dəstək olsunlar. Əslində onları Rusiya qaytarmaq istəyir. Çünki Xənkəndi və ətrafında qalmış  “rusməramlıları”nın 2025-ci ildən sonra da Qarabağda qalması üçün bəhanə lazımdır. Qərb isə deyir ki, ermənilər Qarabağa qayıtmasınlar, Ermənistana inteqrasiya olunsunlar, bunun üçün pul da verirlər. Bu, bizə strateji baxımdan sərf edir.

– Avropa Komissiyasının sədri Ursula fon der Leyen bir tərəfdən Rusiyanın hərbi müttəfiqi olan Ermənistanın Avropa İttifaqı və Ermənistanın getdikcə daha çox dəyərlər və maraqlar bölüşdüyünü vurğulayır. Digər tərəfdən danışıqlardan əvvəl Azərbaycan prezidentinə zəng edib, ölkəmizlə “bərpa olunan enerji mənbələri, nəqliyyat əlaqələri, enerji təhlükəsizliyi və sair” sahəsində əməkdaşlığın davam etdiriləcəyinə inandırmağa çalışır. Belə ziddiyyətli davranış nəyə gətirib çıxara bilər?

– Əgər Ermənistan–Qərb münasibətlərindən bizim üçün tarixi və ekzistensial təhlükə mənbəyi olan Rusiya və İranı narahat olursa, bundan öz maraqlarımız üçün istifadə etməyə çalışmalıyıq. Qərblə yaxınlıq Ermənistanın Rusiya və İranla münasibətlərin daha da gərginləşməsinə səbəb olacaq. Bundan biz niyə narahat olmalıyıq ki? Sadəcə, biz bu gərginlikdə tərəf olmasaq yetərlidir, yerdə qalanını özləri bilər.

– Xarici media yazır ki, görüş ərəfəsində Ermənistan tərəfi Aİ və ABŞ liderlərinə sənədlər təqdim edib. Həmin sənədlərdə Azərbaycanın İsrail və Pakistandan külli miqdarda hərbi texnika topladığı iddia edilib. Ermənistan iddia edir ki, ilin əvvəlindən Azərbaycana orta hesabla gündə birdən çox silah göndərilib. Bu sənədlərin Qərb siyasətçilərinə təqdimi nəyi dəyişəcək?

– Ermənistan daha heç vaxt Azərbaycan üçün hərbi təhlükə olmayacaq. Buna nə gücləri, nə təpərləri, nə də resursları çatır. Ermənistana “bir əllə” qalib gəlmək qüdrətimiz var. Azərbaycan–Türkiyə hərbi ittifaqı, Şuşada imzalanan və ratifikasiya olunan bəyannamə, hər iki ölkənin ərazi bötövlüyü və suverenliyinin birlikdə müdafiəsi öhdəliyi ölkəmizi şimaldan və cənubdan gələn təhlükələrdən qorumaq məqsədi daşıyır. Düşünmürəm ki, Ermənistanın Qərbə doğru getməsi prosesi asan olacaq. Unutmayaq ki, bunun baş verməsi ancaq və ancaq Türkiyə və Azərbaycanla normal münasibətlərdən asılıdır. Yeri gəlmişkən, dünən Brüssel görüşündən sonra yayılan sənəddə də bu məsələ yer alıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*