Bunları etmək olmaz, kartınızdan pul oğurlanacaq – Ekspertlərdən VACİB MƏSLƏHƏTLƏRbackend

Bunları etmək olmaz, kartınızdan pul oğurlanacaq - Ekspertlərdən VACİB MƏSLƏHƏTLƏR

Son zamanlar nəinki ölkəmizdə, bütün dünya ölkələrində bank kartlarından oğurluq hallarının artması müşahidə edilir. Hüquq-mühafizə orqanlarının silsilə xəbərdarlıqlarına, həyata keçirilən təhlükəsizlik tədbirlərinə baxmayaraq problemi həll etmək mümkün olmayıb.

Bir çoxları belə bir vəziyyətin yaranmasına görə bankları günahlandırır. Onlar hesab edir ki, banklar kartların və mobil tətbiqlərin təhlükəsizliyini gücləndirsələr, bu kimi hallar əhəmiyyətli şəkildə azalar. Bəs bu iddialar nə dərəcədə doğrudur? Həqiqətən günah banklardadırmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun rəhbəri, hüquq eksperti Qorxmaz Ağayevin sözlərinə görə, kibercinayətlərin baş verdiyi bu kimi halların 99 faizi müştərilərin məsuliyyətsizliyi üzündən baş verir:

Azərbaycanda son həftədə bank kartlarından 282.871 manat oğurluq olub

“Onlar fərdi identifikasiya nömrələrini, məlumatlarını kənar şəxslərə təqdim edirlər, nəticədə isə kartlarına müdaxilələr baş verir. Banklar hər dəfə öz müştərilərini məlumatlandırır, bununla bağlı maarifləndirici tədbirlər keçirirlər. Dəfələrlə xəbərdarlıqlar edilib ki, öz kart məlumatlarınızı heç kimə verməyin, güvənmədiyiniz saytlardan qeydiyyatdan keçməyin. Əksər hallarda bu, müştərinin öz səhvi üzündən olur”.

Nəzəri baxımdan bankların təhlükəsizlik sistemlərinin hakerlər tərəfindən sındırıla bildiyini vurğulayan müsahibimiz bunun başvermə ehtimalını aşağı dəyərləndirib:

“Çünki bankların informasiya təhlükəsizlik sistemləri çox qabaqcıl tələblər əsasında qurulub və Mərkəzi Bank buna nəzarət edir. Əgər müştərilər öz şəxsi məlumatlarını 3-cü tərəfə verirsə, banklar burada heç bir məsuliyyət daşımır. Bu ona bənzəyir ki, cibinizdə olan nağd pulu kiməsə verirsiniz. Pulunuzu kiməsə verirsinizsə, buna görə bank məsuliyyət daşıya bilməz”.

Digər müsahibimiz, bank mütəxəssisi Asif İbrahimovun sözlərinə görə, bank kartlarından oğurluq halları bir neçə halda baş verə bilər:

«Şirkətdə sistem düz qurulubsa, fərqi yoxdur, rəhbəri Condur, yoxsa Əhməd» - MÜSAHİBƏ | FED.az

“Hallardan biri budur ki, bank kiberhücumlardan müdafiə sistemlərini düzgün qura bilmədiyü üçün sistemə kənar müdaxilə olur və nəticədə müştərilərin kartlarından vəsaitlər çəkilir. Belə olduğu halda banklar məsuliyyət daşıyır. Ona görə də banklar tərəfindən kiberhucumlara qarşı mühafizə sistemi düzgün qurulmalı, beynəlxalq standartların tətbiqi həyata keçirilməlidir. Digər hal isə müştəri məsuliyyəti ilə bağlıdır. Müştərilər bank məlumatlarını kənar şəxslərə təqdim edirlər ki, bu da kartlardan vəsaitlərin oğurlanması hallarına yol açır. Amma bu halda belə bankların üzərinə məsuliyyət düşür. Maarifləndirmə işi həyata keçirilməlidir, bank öz müştəriləri bu kimi hallara qarşı hazırlamalıdır. Müdaxilə baş verdikdə yaşlı nəsil dərhal banka müraciət etməli, gənc nəsil isə tətbiq üzərindən kartı dərhal bloklamalıdır. Kartlarda mütləq “3D security” sistemi aktivləşdirilməlidir. Belə olduğu halda, telefona sms-lə kod gəlir və qarşı tərəfdən də bu kod tələb olunduğu üçün kartdaki vəsaiti oğurlaya bilmirlər”.

İqtisadçı ekspert Natiq Cəfərli isə əməkdaşımızla söhbətində deyib ki, məsuliyyətin bölgüsü hərtərəfli olmalıdır:

Natiq Cəfərli Ədalət Vəliyevlə görüşün səbəbini açıqladı - GlobalInfo.az

“Burada vətəndaşın da məsuliyyəti olmalıdır. Çox zaman reklamlara, zənglərə inanırlar. Öz kartlarının təhlükəsizliyini təmin etməkdə çətinlik yaradırlar. Bankların da məsuliyyəti var ki, onlar da təhlükəsizlik qaydalarını və protokollarını daha da sərtləşdirməlidirlər”.

N.Cəfərli bildirib ki, vətəndaş hər zəngə, reklama inanmamalı, onları araşdırmalı, haradansa onun kart məlumatlarını əldə etmək istəyənlərə bu məlumatları özü təqdim etməməlidir. Bu da çox ciddi və vacib məsələdir.

Mədinə Useynova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*