“Burada vətəndaşlar yox, torpaqları onlara satan şəxslər və qurumlar cərimələnməlidir” – ÖZƏLbackend

“Burada vətəndaşlar yox, torpaqları onlara satan şəxslər və qurumlar cərimələnməlidir” - ÖZƏL

Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikənlərin cərimələnməsinə başlanılıb. Belə ki, bu cür təyinatlı torpaqlarda ev tikib yaşayan fiziki, hüquqi və vəzifəli şəxslərin müvafiq olaraq cərimələnməsi nəzərdə tutulub. Mövcud proses isə insanlar tərəfindən narazılıqla qarşılanır. Belə ki, vətəndaşlar onların deyil, bu torpaqları satan qurumların cərimələnməsini məqbul hesab edirlər.

Mövzunu KONKRET.az-a şərh edən əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, bu gün təkcə Bakı və Abşeron ərazisində çıxarış ala bilməyən 500 mindən çox fərdi həyət evləri var: “Onların torpağının təyinatı fərqlidir, yaxud tikililər şəhərsalma və tikinti normativlərinə uyğun deyil. 500 mindən çox fərdi həyət evlərinin isə bu və ya digər formada müxtəlif sənədləri mövcuddur. Vətəndaş bələdiyyələrdən, müvafiq icra hakimiyyətlərindən və digər qurumlardan verilən sənədlər əsasında tikinti aparıb. Çox az sayda fərdi həyət evləri var ki, onların ümumiyyətlə sənədləri mövcud deyil. Lakin bu evlərin tikildiyi torpaqlar da müəyyən idarələrin balansındadır. Bələdiyyə fərdi yaşayış evinin tikintisi üçün vətəndaşa torpaq satıb. Vətəndaş evini tikib və illər sonra həmin mənzilə çıxarış almaq istəyəndə məlum olur ki, torpağın təyinatı kənd təsərrüfatlıdır. Qanunvericilikdə isə bu cür torpaqlar üzərində tikilən həyət evlərinə çıxarış vermək nəzərdə tutulmayıb. Bununla bağlı dəfələrlə müəyyən çıxışlar olub. Hətta həmin ərazilərə “torpaq aministiyası” tətbiq edilməsi haqda fikirlər də səsləndirilib. Amma bu gün 500 mindən artıq evi sökərək, onların sahiblərinə kompensasiya vermək mümkün deyil. Üstəlik bu evlərin hər birində kommunal xidmətlərdən istifadə üçün sayğaclar quraşdırılıb. Deməli, ən azı 3 dövlət qurumu fərdi yaşayış evinin vətəndaşa aid olduğunu təsdiqləyib. Bu problemin birdəfəlik həll olunmasının bir yolu var. O da həmin ərazilərə aministiya elan olunmasıdır. Daha sonra isə torpaqların təyinatı dəyişdirilməli və çıxarışla təmin olunmalıdır. Amma bir çox qadağan olunan ərazilərə (neft buruqları, yüksək gərginlikli elektrik xətləri, qaz kəmərləri və sairə) bu aministiya şamil edilə bilməz”.

Mənzillərin təmirsiz satışı niyə təhlükəlidir - ekspert şərhi - 12.09.2019,  Sputnik Azərbaycan

Ekspert əlavə edib ki, bu cür ərazilərdə tikilən evlərə mütləq sənəd verilməlidir: “Çünki burada itirən tərəflər var. Dövlət, büdcə və vətəndaş bu problem həll olunmadığı üçün əziyyət çəkir. Bu gün statistikaya nəzər yetirsək, ən çox alqı-satqının məhz sənədsiz evlər üzərindən aparıldığını görə bilərik. Çünki bu evlərin bazar qiyməti nisbətən ucuzdur. Ona görə də, alıcı kütləsi çoxdur. Çıxarış olanda bütün alqı-satqılar notarial formada həyata keçirilir və kvadrata görə dövlətə vergi ödənilir. İndiki vəziyyətdə isə dövlətə vergi verilmir, həm də sənədləşmə işlərinə görə ödənilən gəlirlərdən yayınmalar olur. Digər tərəfdən çıxarış yoxdur deyə 500 mindən çox ev sığortalana bilmir. Yəni bir şəhərin içində yarım milyona yaxın evin sənədsiz olması fəlakətə bərabər məsələdir və problem həllini tapmalıdır”.

Elnur Fərzəliyevin sözlərinə görə, cərimələrin ödənilməsi bir halda məqbuldur ki, vətəndaşlara bunun müqabilində çıxarış verilsin və torpağın təyinatı dəyişdirilsin: “Təcrübədə bu cür hallar baş verə bilər. Bu gün hər bir vətəndaş cərimə ödəməyə və əvəzində torpaqlarının təyinatının dəyişdirilməsinə razıdır. Yaxud da həmin torpaqlar cüzi bir məbləğ müqabilində vətəndaşlara yenidən satıla bilər. Bu baş verərsə, büdcəyə on milyonlarla vəsait daxil olar. Amma ümumi yanaşdıqda burada vətəndaşlar yox, torpaqları onlara satan şəxslər və qurumlar cərimələnməlidir. Bu torpaqların təyinatının dəyişdirilməsi isə dövlət tərəfindən həyata keçirilməlidir. Yəni vətəndaşlar əldə olan sənədlərlə birgə yerli icra hakimiyyətinə müraciət etməlidir. Daha sonra isə yerli icra hakimiyyəti həmin torpaqlara baxış keçirməli və müvafiq sənədləri Nazirlər Kabinetinə göndərməlidir. Çünki torpaqların təyinatının dəyişdirilməsi birbaşa Nazirlər Kabinetinin səlahiyyətindədir. Düşünürəm ki, bu proses fərdi şəkildə deyil, kütləvi xarakterli olmalıdır. Vətəndaşların cərimələnməsi isə doğru deyil. Çünki vətəndaş vicdanlı alıcıdır və pul ödəyərək torpaq əldə edib. Bu ərazilərdə tikinti işlərinin aparılması qadağandırsa, zamanında bunun qarşısı alınmalı idi. Əgər vətəndaş cərimələnirsə, onda problem də həllini tapmalıdır. Əks halda isə məqsəd boş yerə vətəndaşı cərimələməkdir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az    

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*