Məşhur “Buz adam”ın sağlam olduğu barədə deyilənlər populyar olsa da, mütəxəssislər iddia edir ki, buzlu suda ürəyiniz dayana bilər.
KONKRET.az xəbər verir ki, dünyaca məşhur “Buz adam” ləqəbli hollandiyalı Vim Hofa görə, bədəni buz suya batırmaqla təbii müalicəvi gücə sahiblənmək olar.
Lakin həkimlərin qənaətinə görə, buzlu suda çimmək tənəffüs yollarını məhv edir. 2015-ci ildən bəri 17 yaşlı qız da daxil olmaqla, buzlu suda çimənlər arasında 11 ölüm faktı qeydə alınıb.
Mütəxəssislər xəbərdarlıq ediblər ki, buz vannalarından həddindən artıq istifadə insanı öldürə bilər.
Tibbi ekologiya və kidroklimatologiya üzrə mütəxəssis professor Müfit Zeki Karagülle bunları bildirib: “Tibbdə belə bir təcrübə yoxdur. Bir xəstəliyin müalicəsi ilə bağlı buzlu vanna qəbul etmək ağılsızlıqdır. Buz vannasını çox şişirtmək düzgün deyil. Müalicədə ən çox sübut edilmiş üsullardan biri termal vannadır. Bəzi xəstəliklərin müalicəsində hipertermal və ya termal vannalardan istifadə olunur. Amma buz vannaları üçün heç bir tövsiyə yoxdur. Bədən kəskin soyuq havaya məruz qaldığına görə sinir sistemi zədələnə bilər. Avtonom sinir sistemi gözlənilməz bir vəziyyətə qarşı aktivləşir. Daha çox həyəcanlanma baş verir. Sağlam bir ürək üçün bu, təhlükəlidir. Bu zaman ürəkdə taxikardiya inkişaf edir, qan təzyiqi yüksəlir. Damarlarda qan dövranı aşağıdan mərkəzə doğru çəkilir. Ürək və təzyiq problemi olan və ya ürəklə bağlı müalicə alanlar belə bir vanna qəbul etməməlidir”.
Günel Mikayılova,
KONKRET.az