“Çalış ki, mənim axırıncı ünvanımı həmişə saxla” – ÖLÜM MƏKTUBU – FOTOLARbackend

"Çalış ki, mənim axırıncı ünvanımı həmişə saxla" - ÖLÜM MƏKTUBU - FOTOLAR

Zakir Binnətli

Tariximiz. Yaddaşımız. Qan yaddaşımız.

Yalnız son bir əsrin, yəni müasir tariximizin qan yaddaşı olan hadisələr:

1905-07-ci illlər,1918-19-cu illər, 1934-48-ci illər, nəhayət, Xocalı soyqırımı da daxil 1988-94-cü illər.

Torpaqlarımızla, müstəqilliyimizlə birlikdə millətin üzdə olan ziyalı, vətənpərvər təbəqəsinin də çox hisssəsini itirdiyimiz illər…

Bu sadaladığım tarixlərin içində bir tarix də var. 1941-1945. Bu dövr bizim ata-babalarımızın üzləşdiyi yuxarıda sadaladığım dəhşətlərin ən ağırı olub.

700 minə qədər vətən oğlunun iştirak etdiyi və bunlardan 300 mindən çoxunun həlak olduğu, xəbərsiz-ətərsiz itkin düşdüyü amansız bir dövr.

Faktiki olaraq 1939-cu ildə başlayan və bizim yaddaşımızda 1941-ci ildən “Böyük Vətən Müharibəsi” kimi qalan bir qanlı, qadalı zaman kəsimi.

Bu müharibənin qara yelləri bizim ailədən də yan keçmədi. 6 qardaşın ən böyüyü olan əmim Şövkət xəbərsiz-ətərsiz itkin düşdü. Atam isə müharıbədə yaralanıb, əlil kimi qayıtdı.

1937-ci ildə babam Mahmud kişi ailəsi ilə birlikdə yaşadıqları Qərbi Azərbaycanın Cəlaloğlu rayonunun Soyuqbulaq kəndindən kəndimizdəki komsomolçu satqınlardan ibarət Fövqəladə Üçlüyün (чрезвычайная тройка) imzası ilə qolçomaq damğası ilə  Özbəkistanın Paxtaral rayonuna sürgün edildi. (İmza qoyanların adları məlumdur. İstəmirəm onların indiki nəsil davamçıları öz babalarının bir qol qoymaqla taleləri sındıran alçaq hərəkətlərinə görə xəcalət çəksinlər).

1939-cu ildə ailə sürgündə bir neçə üzvünü itirdikdən sonra, babam  hökumətdən icazəsiz Özbəkistandan qayıdaraq Gürcüstanın Qaratəpə rayonuna (Qarayazı), qohumlarımıza pənah gətirir. Geriyə, doğma kəndə qayıtmaq ikinci dəfə sürgünə məruz qalmaq demək idi.

1939-cu ilin sentyabrında evin böyük oğlu Şövkət Sovet Ordusu sıralarına çağrılır..

Artıq Avropada təlatümlər başlayıb. 2-ci Dünya müharibəsinin alovları Avropanı bürüyür get-gedə.

Atama yazdığı məktublardan sətirlər:

“Əziz qardaş, mən gələli 5-6 şəhərə dəyişiblər…

Hal-hazırda Qorki şəhərinin (indiki Нижний Новгород. Z.B) lagerindəyəm (hərbi düşərgə Z.B) Gündə 12 saat təlim alıram. Bizə ayda 6 manat 50 qəpik pul verirlər. Sentyabra bir ilim tamam olur. Məni istədilər siyasi komandir olmaq üçün məktəbə göndərsinlər. Razı olmadım. Çünki orada 3 il qalmalıyam. Mən dedim ki, leytenant olmaq istəyirəm. İndi sentyabrda məktəbə gedəsiyəm. 2 il oxuyandan sonra qurtaracam oranı. Sonra həmişəlik leytenant kimi burada qalmalıyam…Hələ sizə doğru xəbər yaza bilmərəm mənim işimdən..  Görək nə cür olur axırı…Məktubu mən gələnəcən saxlayın… 10.7.1940.”

Elə bil ürəyinə nəsə damıb, yazır ki, məktubu mən gələnə qədər saxlayın.

Məktubları oxuduqca, bu 80 il yaşı olan saralmış kağızlara nəzər saldıqca, bir nakam gəncin arzuları, ailəsinə, öz qardaş-bacılarına necə ürəkdən bağlılığı, və, nəhayət, yarı yolda qırılmış taleyi gözümün önünə gəlir.

Hər sətiri “istəkli, unudulmaz, hörmətli, sadiq balaca qardaşım”, – sözləri ilə başlayan və “əllərini sıxıb, üzündən, iki qara gözlərindən öpürəm”, – kəlməsi ilə bitən, uzun yollar qət edən, zamanın zorundan parça-parça olmuş həsrət dolu məktublar..

Kimin üçün vuruşduq? Kimə, nəyə görə öldük, torpağa gömüldük? Doğrudanmı, SSRİ adlanan o böyük ucsuz-bucaqsız, yarı ac, yarı tox ölkə, ziyalılarını planlı surətdə məhv edən, vətəndaşlarını süni aclığa məhkum edən, onları mülkiyyətlərindən zorla məhrum edən bu mənfur ölkə bizim vətənimiz olub?

Əvvəlcə ailəni müflis edib sürgünə göndərən, sonra isə həyasızcasına onun oğlunu ölümə göndərən ölkəmi olub mənim vətənim?..

Məktublardan sətirlər: “..Əziz qardaşım Möhvət, məlumunuz olsun ki, mən may ayının 2-dən Qorkidən çıxdım… Bu saat Moskvanın Leninqrad vağzalındayam. Doğrusu bilmirik, bizi hara aparırlar. Ancaq deyirlər Kalinin oblastına gedəcəyik.. Hara getsəm, onda adresimi sizə yazaram. Əziz qardaşım, özüm də komandirəm. İndi məndən heç bir fikir çəkməyin… Moskva, Leninqrad vağzalı, младший сержант Бинятов Шевкет Махмудович”

Məktub iki hissədən ibarət yazılıb. Yarısı mürəkkəb ilə səlis xətlə 2.5. 41-ci il tarixldə Qorki şəhərindəki hərbi hissədə, yarısı isə 3.5.41-ci il tarixdə (bir gün sonra) kimyəvi karandaşla tələsik xətlə Moskvanın Leninqrad vağzalında yazılıb. Görünür, məktubu yazan anda hərbi hissəni təcili olaraq dislokasiya yerindən qaldırıblar.

Və həmin andan ölümə, əbədi yoxluğa gedən yolun başlanğıcı başlanıb. Qorkidən çıxan, Belorusiyanın Almaniya ilə sərhəddə olan Belostok şəhərinə gedən hərbi eşalonu dartan parovoz öz müdhiş qəmli siqnalı və qara buludlara qarışan qara tüstüsü ilə bu ölümü, yoxluğu anbaan yaxınlaşdırır..

Məktublardan sətirlər..”..Əziz qardaşım, mən западны (qərbi) Belorusiyadayam. Lap sərhəddə yaxınam. Özüm də indi artilleriyadayam….

Əziz qardaş, Maralam, dağ gəzirəm,

                     Bülbüləm, bağ gəzirəm,

                     Bir canım var, yüz yaram,

                     Elə bilirsən, mən sağ gəzirəm?

Möhvət can, neçəkin sizə məlumdur, bura sərhəddir. Məktuba artıq şeylər yazma. Mən də çox yazmıram..” 25.05. 41-ci il.

Böyük Vətən müharibəsinin başlanmasına bir aydan az vaxt qalır. Yaxınlaşan təhlükənin labüdlüyünü, yan keçməyəcəyini hiss edən əmimin məktublarında lirik, qəmli, kədərli notlar sezilir… İlk dəfə bütün bacı və qardaşlarını, ata-anasını sadalayaraq, elə bil ki, vidalaşır..

Bu da son məktub: “Möhtərəm olan qardaşım Möhvət! Üz və iki qara gözündən öpüb salamlaşıram… Əziz qardaş, mən Almaniyanın sərhəddində, Belorusiyadayam… Əziz qardaş, mən istəmirəm sənə pis xəbər yazmaq. Ancaq, bəlkə dünya işidir, mən sizlə görüşməyəcəyəm. Bacar ki, çalış ki, mənim axırıncı adresimi həmişə saxlayın. Sizə lazım olacaq. Əgər mən tələf olsam, onda hökumət gərək ki, sizə yardım etməlidir. Hökumətdən mənim axırıncı adresimi tələb edərsiniz. Əziz qardaşım, fikrinizə bir şey gətirməyin. Allah qoysa, görüşərik. Mən elə yazıram ki, bəlkə işdir, nə olub olmaması, sizə məlum olsun. Siz bilmirsininz bəlkə bu işləri…5.6.1941.”

Bildik bu işləri, əziz mərhum əmim. Çünki sənin olum-ölüm xəbərin gəlməmiş, məktub ünvanladığın qardaşını da Sovet hökuməti atasının əlindən alıb bu öz xalqına düşmən xislətli vətəni “qorumağa” göndərdi. Bildik bu müharibənin Almaniya tərəfindən qəflətən, xəyanətkarcasına olmadığını. Çünki sən iki ay qabaq müharibənin labüdlüyünü yazırsan. Müharibəyə hazırlıq gedir artıq. Şükür ki, o qardaşın sağ qayıtdı. Yoxsa bu sətirləri yazan, sənin bu son məktublarını oxuyan olmazdı.

Sən həmişəlik getdin, əziz əmim Şövkət. Nişanəsiz, məzarsız yox oldun. 70 il bizə qənim kəsilən yalançı, xəyanətkar bir vətən üçün.

Vətən uğrunda həlak olanlara şəhid deyirlər. Ancaq, sənin ölümünü, şəhidliyini SSRİ adlanan bu yalançı vətənə halal etmirəm.

Sənin yox olmağından (ölümün demirəm) 80 il keçir. Ancaq indi də bütün nəsilin dilində ən müqəddəs and yeri sənsən. İndiyənəcən səni gözləmişik, sənin yoxluğuna inanmamışıq.

Yerin nurla dolsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*