Azərbaycanda qəzetlər internet mediası ilə mübarizəni belə apara bilərbackend

Azərbaycanda qəzetlər internet mediası ilə mübarizəni belə apara bilər

Yüz dəfə qaranlığı söyməkdənsə, bir dənə şam yandırmaq yaxşıdır!

KONFUTSİ

Məlum olduğu kimi, XXI əsr yeni texnologiyalar, internet, sürət əsridir. Bu əsrdə insanın Ayda kosmik stansiya yaradacağı və Marsa uçacağı şübhə yaratmır. Amma XXI əsr tarixə həm də çap mediasının qürub əsri kimi düşəcək. Problem yeni əsrin ilk günlərindən sürətlə, artan təcillə irəliləyir, artıq bizim qapıdadır. Çap mediası sürətlə öz mövqelərini itirməkdə, internet mediası sürətlə irəliləməkdədir.

Bu gün Bakıda, elə bütün Azərbaycanda qəzet alanların, paralel olaraq qəzetlərə reklam verənlərin sayı sürətlə azalır. Aydındır: hər bir reklam sahibi əvvəlcədən kiçik bir araşdırma aparır, qarşı tərəfin yayım imkanlarını – qəzetlərin tirajını, saytların baxılma sayını araşdırır. Seçim bir qayda olaraq, qəzetlərin xeyrinə olmur. Çap mediası isə artıq öz məğlubiyyəti ilə barışır, gələcəyə hazırlaşır – hər bir qəzet özünün internet variantını hazırlayır. Amma burda da qatar artıq gedib, internet mediası bütün meydanı zəbt edib. Odur ki, bu gün ayaqda olan, çap olunan qəzetlər varsa, biz həm də Medianın İnkişafı Agentliyinə, onun layihələrinə minnətdar olmalıyıq.

Təbii ki, burda obyektiv və subyektiv səbəblər var. Əsas obyektiv səbəb əsrimizin sürət əsri olmasıdır. İnsanlar gecikmək, bugünün xəbərlərini sabahkı qəzetlərdən oxumaq, eşitmək istəmirlər. Onlar bu gün olanları saatında, anında görmək, bilmək istəyirlər. Məsələn, mən səhər internetdə gördüyüm xəbəri axşam telekanaldan eşidəndə köhnə xəbər hesab edirəm. Çap mediasının isə imkanları məhduddur, yalnız operativlikdə deyil, həm də yeni texnologiyaların tətbiqində internet mediasına uduzur. Nə qədər qəribə olsa da, biz çap mediası olaraq, internet mediası ilə mübarizəni axırıncının öz meydanında – xəbər məkanında aparmağa çalışırıq və məğlub oluruq. Düşünürəm ki, bu, əsas subyektiv səbəblərdən biridir. İnternet media xəbər məkanının sahibidir, yeni xəbəri almaq və operativ yaymaq onun əsas silahlarından biridir. Qəzetlər də xəbəri məhz burdan götürür və deməli, gecikməklə bərabər, həm də plagiata yol vermiş olurlar. Bunların da birincisi xəbər məkanında (bütün hallarda) məğlubiyyət, ikincisi isə (istinad olmadıqda) oğurluq sayılır. Demək, çıxış yolları axtarmaq lazımdır. Çıxış yolları və seçim imkanları isə həmişə var.

Böyük qonşumuz və mətbuat sahəsində, sözün əsl mənasında böyük olan Rusiyada çap mediası artıq keçən əsrin axırlarından bu reallığı dərk edib və mübarizənin, fəaliyyətin meydanını dəyişib. Rusiyanın “Komsomolskaya Pravda”, “Arqumentı i faktı”, “Kommersant” kimi populyar nəşrləri artıq 15-20 ildən çoxdur ki, siyasi-iqtisadi analizlərə, proqnozlara, sosial-elmi araşdırmalara üstünlük verirlər. Odur ki, nəinki öz mövcudluqlarını qoruyub-saxlayır, hətta yüz minlərə tirajla çıxır və gəlirli biznes strukturlarına çevrilirlər. Onların təcrübəsi bir daha göstərir ki, bu, problemin həllinin, doğrudur çətin, amma sivil yoludur. Çap mediası internet mediası ilə mübarizəni siyasi-iqtisadi analizlər, sosial-elmi araşdırmalar meydanında aparmalıdır. Təbii ki, bütün müqayisələr kimi, bu müqayisə də qüsurludur və burda Rusiyanın böyük ölkə olması, oxucu bazasının, reklam bazarının imkanları da öz sözünü deyir. İndinin özündə də, səhər Moskva metrosuna girəndə, orta nəslin nümayəndələrinin (gənc nəsil bizdəki kimi telefonla oynayır) əksəriyyətinin qəzet oxuduğunu müşahidə etmək olar. Doğrudur, bu, başqa yaşayış tərzi, fərqli mədəniyyətdir, amma çap mediasının müsbət təcrübəsini ki öyrənmək və tətbiq etmək olar. Yeri gəlmişkən, Azərbaycanda da bu təcrübədən faydalanmağa çalışan qəzetlər var. Ad çəkmək istəmirəm, barmaqla sayılası nəşrlər var ki, siyasi, iqtisadi araşdırmaları, sosil problemləri qabardan müəllif yazıları, araşdırmaları ilə oxucuların diqqətini cəlb edir.

Amma təəssüf ki, bir çox qəzetlərin baş redaktorları bunu istəmirlər və ya bacarmırlar. Çünki sanballı müəllif yazılarının, günün tələbinə cavab verən siyasi, iqtisadi araşdırmaların qəzet səhifəsinə çıxması üçün talantlı rəhbərin, peşəkar kollektivin olması vacibdir. Peşəkar kollektivin yığılması, saxlanması üçün isə redaksiyada normal maaş, iş şəraiti olmalı, jurnalist aldığı maaşla ailəsini dolandırmağı bacarmalıdır. Bu da bir qayda olaraq, redaksiya rəhbərliyindən, onun məqsədindən və peşəkarlığından asılıdır. Burda təbii ki, haşiyə çıxmaq və peşəkarlıq kriteriyasına aydınlıq gətirmək lazım gəlir. Mətbuat sahəsində peşəkarlıq təhsildən, təcrübədən, savaddan başqa yazmaq məharəti, öz üzərində işləmək qabiliyyəti kimi şəxsi, ictimai maraqları özəl maraqlardan üstün tutmaq, özünə rəva görmədiyini özgəsinə də rəva görməmək kimi ali dəyərləri özündə ehtiva edir. Eyni zamanda, mətbuat işçisi, jurnalist üçün ən mühüm dəyərlərdən biri qanuna hörmətdir. Təbii ki, “Media haqqında” və “İnformasiya azadlığı haqqında” qanunlar birinci yerdədir. Bundan başqa, mətbuatda yazılmamış qanun-qaydalar, ənənələr də var. Məsələn, hər hansı yeni informasiya ən azı iki-üç müstəqil mənbədə yoxlanmalı və ancaq təsdiqini tapdıqdan sonra qəzet səhifəsinə çıxarılmalıdır. Qeyd etmək lazımdır ki, bu gün bəzən çap və internet media orqanları bu qaydanı pozur, hətta bu yolla yalançı reytinq qazanır.

Bəzi baş redaktorlar isə maddi problemləri həll etmək və ayaqda qalmaq üçün daha asan yol seçirlər, məsələn, sarı mətbuata keçirlər. Bu, qeyri-qanuni olmasa da, hər halda qeyri-sivil bir yoldur və problemin aradan qaldırılmasına yox, dondurulmasına xidmət edir. Sarı mətbuatın silahı da klassik jurnalistikada deyildiyi kimi, sensasiya, seks və qalmaqaldır. Azərbaycan reallığı isə elədir ki, bunların birincisi yox dərəcəsindədir, ikincisi qəbul edilmir, üçüncüsü də təhlükəlidir, ən azı məhkəmə qarşısında cavab vermək lazım gəlir. Odur ki, sarı mətbuat bir qayda olaraq, internet materiallarından sui-istifadə edir, bəzən hətta bu materialları müəllif yazısı kimi qələmə verir, yəni açıq plagiata yol verir. Qeyd etmək lazımdır ki, bu, birbaşa qəzet redaktorlarından, onların peşəkarlığından asılı olan məsələdir. Yəni onlar istəsələr və bacarsalar, bu problemləri yuxarıda deyildiyi kimi, sivil yolla həll edə bilərlər.

Sarı mətbuatın qalmaqal problemləri də var. Məsələn, tanınmış bir fiziki, ya hüquqi şəxs haqqında yoxlanmamış, bəlkə də qəsdən uydurulmuş məlumatı səhifəyə çıxarır və skandal yaradırlar. Sonrakı nömrədə isə həmin şəxsin fikrini, faktiki olaraq, öz yazısının təkzibini verir və ikinci dəfə sensasiya yaradırlar. Amma qəbul olunmuş normalara görə, qəzet bu informasiyanın dəqiqliyini bir neçə müstəqil mənbədə yoxlayıb, sonra səhifəyə çıxarılmalıdır. Məlumat artıq tirajlandıqdan və ictimai fikirdə yayıldıqdan sonra düzəliş, ya təkzib etmək isə, istənilən nəticəni vermir, “daldan atılan daş”a bənzəyir. Yalançı skandal yaratmağın daha bir yolu da “xəbər bazarlığı”dır. Deməli, sarı mətbuat özlərinə, öz sahiblərinə sərf edən xəbəri uydurur və öz kanalları vasitəsilə xarici nəşrlərə ötürürlər. Bu xəbər bir müddətdən sonra çap olunur və yayımlanır. Sarı mətbuat da dərhal bu xəbəri götürür və artıq xarici mənbələrə istinadən öz səhifələrində yerləşdirir. Bir qayda olaraq, bu nəşrlərin hər nömrəsində “xaricdə çap olunan” bir neçə informasiya verilir.

Sarı mətbuatının daha bir spesifik problemi daim kompromat axtarışında olmasıdır. Sanki hər gün kimsə bunlara kompromat tapmaq, olmasa, uydurmaq göstərişi verir. Düşünürəm ki, kompromat axtarışı yalnız qəzetin və onun rəhbərliyinin siyasi, iqtisadi maraqlarından irəli gəlmir. Burda konkret müəllifin də şəxsi maraqları var. Əvvəla, ən çox təhqir-böhtan yazan, kompromat tapan müəlliflər məlum xarici təşkilatlar tərəfindən yaxşı mükafatlandırılır. Kimlərin mükafatlandırılması göz qabağındadır. Axı bu təşkilatların nə marağı var ki, bu mükafatları belə səxavətlə paylayır, məgər bu pullar göydən yağır?! Sonra şər-böhtan yazan müəlliflər fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini alçatdıqlarına görə məhkəməyə verilir və qanuna uyğun olaraq cəzalandırılırlar. Əsas məsələ də bundan sonra başlanır. Həmin şəxslər ABŞ və Avropa səfirliklərinə müraciət edir, Azərbaycanda təqibə məruz qaldıqlarını deyir və xaricə mühacirət edirlər.

Göründüyü kimi, sarı mətbuatın da yolu çətin, daşlı-kəsəklidir, sözün əsl mənasında əziyyət çəkmək lazım gəlir. Odur ki, sarı mətbuatın bəzi radikal nümayəndələri maddi problemlərin həllinin tam qeyri-qanuni, təhlükəli yolunu seçirlər. Bunların niyyəti başqadır, hansı yolla, nəyin bahasına olursa-olsun, məqsədə çatmaq – pul qazanmaqdır. Bu yolu tutanlar hər yoldan keçəni kiçik maaşla (bəzən hətta maaşsız) müxbir vəzifəsinə götürür, əlinə qırmızı “PRESS” vəsiqəsi verir və “özgə qapıları”na göndərirlər. Burda artıq peşəkarlıq yox, həyasızlıq əsas kriteriya sayılır, kim nə cür bacarırsa, o cür də “qazanır”. Kimi dilənçilik, kimi reketçilik, kimi də başqa vasitələrdən istifadə edir. Bir sözlə, kimin nəyi varsa, bazara çıxarır. Bəzi qəzet rəhbərliyi isə bir qayda olaraq, bazarlıq “vasitələri”nə biganədir, onu yalnız nəticə – pul maraqlandırır. Bəzən hətta qəzet rəhbərliyi də mafioz qruplara qoşulur və şantaj yolunu tutur. Müxtəlif imkanlı, tanınmış adamları məlum üsullarla şantaj edir və külli miqdarda pul tələb edir. Məlum olduğu kimi, hüquq-mühafizə orqanları “şantajçı mətbuat”la sərt mübarizə aparır.

Təbii ki, üçüncü yol da var, bu da sakitcə media aləmini tərk etməkdir, üzüsulu getməkdir. Ayaqda qalmaq üçün sivil yolu seçmək, mübarizə etmək üçün imkanı olmayanlar, “reket qəzetçilik” səviyyəsinə düşmək istəməyənlər, bir qayda olaraq, bu yolu seçirlər. Amma bu da “çətin” yoldur…

Qalib ARİF,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*