Məlum olduğu kimi, Azərbaycanda məişət tullantılarının, xüsusən də tütün məmulatlarının ətraf mühitə atılmasına görə cərimələr artırılacaq. Hətta bəzi ekspertlər və fəallar tələb edirlər ki, başqa sahələrdəki pozuntulara görə də cərimələr tətbiq edilsin və ya artırılsın. Lakin bir qisim insan düşünür ki, bu problemləri cərimələrlə yox, maarifləndirmə yolu ilə həll etmək mümkündür.
Görəsən, sözügedən problemləri maarifləndirmə yolu ilə həll etmək nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan sosioloq Yusif Nəbiyev sözügedən məsələdə fikir ayrılıqlarının yaşandığını deyib:
“Qeyd olunduğu kimi, Azərbaycanda məişət tullantılarının, xüsusən də tütün məmulatlarının ətraf mühitə atılmasına görə cərimələr artırılacaq. Lakin bəzi vətəndaşlar düşünür ki, bu dərəcədə qeyri-proporsional cərimə hədləri ədalətli deyil. Başqa bir qrup insan isə əksini tələb edərək digər pozuntulara görə də sərt cəzaların tətbiq edilməsini tələb edirlər. Məsələyə fundamental yanaşma sərgiləyib cərimələrə qarşı çıxanlar da var. Onlar düşünürlər ki, problem maarifləndirmə yolu ilə həll oluna bilər. Belə bir şey mümkündürmü? Baxın, ideal dünyada yaşasaydıq, qeyd etdiyim fikirlərin hansınınsa doğru, yerdəqalanların isə səhv olduğunu demək olardı. Təəssüf ki, biz ideal dünyada yaşamırıq”.
Mütəxəssis bildirib ki, cərimələr sadəcə cəmiyyətin islahı üçün nəzərdə tutulmayıb:
“Belə demək mümkündürsə, cərimələrin bir neçə rolu var. Bura cəzalandırma, mədəniyyət formalaşdırma, büdcəyə gəlirin və sosial əldalətin təmini, iqtisadiyyatın tənzimlənməsi və s. məsələləri daxil etmək olar. Bu cəza mexanizminin maarifləndirmə işlərinin alternativi kimi göstərmək doğru deyil. Maarifləndirmə cərimələrin hədəfi deyil. Sadəcə olaraq cərimələrin hədəflərindən bəziləri var ki, onu maarifləndirmə ilə də təmin etmək mümkündür. Məsələn, mədəniyyət formalaşdırmaq, sosial ədalət və təhlükəsizliyin təşviqi”.
Müsahibim bu zaman da bəzi sualların ortaya çıxdığını vurğulayıb:
“Maarifləndirmənin tətbiqi zaman sual yaranır: söhbət hansı müddətli hədəfdən gedir? Əgər 20-30 il sonrası üçün nələrisə dəyişmək istəyiriksə, bəli, maarifləndirmə prosesi mütləqdir. Lakin hədəfimiz 2 il sonradırsa, bu zaman maarifləndirmə ilə nə dərəcədə effektiv nəticə əldə edə bilərik. Sual olunur, hansı ictimai miqyaslı problem bu yolla həllini tapıb? Görəsən, avtobus zolaqlarından qanunsuz istifadəyə görə 100 manat və 2 bal cərimə tətbiq olunmasaydı, həmin yolları belə boş görə bilərdik? Və yaxud, radarlar olmasaydı, “sürət məsafəni yox, ömrü qısaldır” yazılı plakatlarla sürücülərin sürət həddinə nəzarət edilməsini təmin etmək olardımı? Nə qədər istəməsək də, ictimai nizamı qoruyub saxlamaq üçün cərimələr şərtdir”.
Ekspert cərimələrin həddi ilə bağlı da məsələyə münasibət bildirib:
“Bu barədə müzakirələr qlobal səviyyədə də gedir. Qanunvericilik orqanları, sosial institutlar, araşdırma mərkəzləri bu mövzu barədə fikir mübadiləsi aparırlar. Lakin ortaq məxrəcə gələ bilməyiblər. Çəkindiricilik nəzəriyyəsini mənimsəmiş fərdlər düşünürlər ki, yüksək məbləğli cərimələr vətəndaşların arzuolunmaz davranışlardan uzaqlaşmasını təmin edir. Lakin bir çox sosioloq qeyd edir ki, bu, yalnız orta və aşağı təbəqənin rasional fərdləri üçün keçərlidir. Yəni gəlirlərini və xərclərini hesablayıb və qərarlarını buna görə verirlər. Müəyyən edilmiş miqdarın cüzi xərc kimi görən yüksək təbəqə üçün isə bu cəza mexanizmi çəkindirici rol oynamır. Və ya kriminalizmə meyilli olan aşağı təbəqə fərdi özünü heç bir şeydən məsul saymır və hər cür davraşına əl atır”.
Yusif Nəbiyev mövzuya sosial ədalət prizmasından da yanaşıb:
“Məsələn, aylıq gəliri 5000 manat olan vətəndaş üçün 100 azn-lik cərimə onun maaşının cəmi 2 faizidir. Amma əmək haqqısı 500 olan biri üçün bu cərimə maaşının 20 faizidir. Bu halda sosial ədalətdən danışa bilmirik. Düşünürəm ki, cərimələr ədədlərlə yox, faizlərlə tətbiq olunmalıdır. Məsələn, bir pozuntuya görə maaşın 5 faizi dəyərində cərimə. Bu halda hansısa ədalətdən danışmaq olar. Düzdür, qeyri-rəsmi fəaliyyət göstərən insanların cərimələrinin hesablanmasında qeyri-müəyyənlik ola bilər, ancaq düşünürəm ki, bunu da tənzimləmək olar. Ən effektiv metod cərimələrin tətbiqi, bunun paralelində həm bu cəzanın özü, həm də niyə təyin olunması barədə mütəmadi maarifləndirmə işləri aparılmalıdır. Cərimələr neştərdir, ani və lokal cərrahi müdaxilə üçündür. Maarifləndirmə isə sağlam pəhrizdir. Ümumiyyətlə, o problemlərin baş verməməsi üçündür. Biz iddia edə bilmərik ki, yalnız “neştərlə”, ya da yalnız “pəhrizlə” sağlam olmaq mümkündür. Yerinə və zamanına görə fərqli vasitələrə ehtiyac duyula bilər”.
Məlik Məlikov,
KONKRET.az