CƏSUR DÖYÜŞÇÜ, UNUDULMAZ ZİYALI VƏ İCTİMAİ XADİM – Heydər Əliyev Heybət Şikarov haqqında nə demişdi?backend

CƏSUR DÖYÜŞÇÜ, UNUDULMAZ ZİYALI VƏ İCTİMAİ XADİM – Heydər Əliyev Heybət Şikarov haqqında nə demişdi?

1941-1945… Tarixin ən qanlı-qadalı və insanların şücaətini, dəyanətini, mübarizə əzmini və sonsuz fədakarlığını özündə ehtiva edən əsrin ən ağır və şanlı səhifəsi… Bu səhifədə kimlərin izi qalmadı?! Mərd və mübariz oğullarımızın, cəsur əsgərlərimizin, qəhrəman ulu babalarımızın… O insanların ki, indi də adları çəkiləndə böyük bir nəsil dərin ehtiramla, qürurla ayağa qalxır, başını uca tutur.

Haqqında söhbət açacağımız Heybət Şikarov da özündən sonra qoyub getdiyi böyük Şikarovlar nəslinin tarixdə dərin iz buraxan şəxsiyyətidir. Elə bir şəxsiyyət ki, öz zəngin həyat yolu ilə gələcək nəsillərə əsl örnəkdir.

HAŞİYƏ: Heybət Məzi oğlu Şikarov 1921-ci ildə Şamaxı rayonunda dünyaya göz açıb. O, 1929-1933-cü illərdə Təklə kəndində fəaliyyət göstərən 4 illik məktəbi bitirərək, təhsilini Quba heyvandarlıq texnikumunda davam etdirib. 1938-ci ildə APİ-nin fizika-riyaziyyat fakültəsinə daxil olub.

1940-cı il… Tarixə qara hərflərlə yazılan o ağır ildən etibarən Heybət Şikarovun ömrünün ən keşməkeşli dövrləri başlayıb. O, Sovet Ordu sıralarına qatılaraq, II Dünya müharibəsində Almaniyanın Magdenburq, Düsseldorft, Rudolfştat şəhərlərində çətin döyüş yolu keçib. Döyüşlərin birində ağır yaralansa da, bu, Heybət Şikarovun əzmini qıra bilməyib, əksinə onu daha da mətinləşdirib. Və bütün məhrumiyyətlərə baxmayaraq, o, 1945-ci ilin sentyabrında SSRİ-yə qayıdıb. Müharibədə qardaşı Şikar Şikarovu və bacısının həyat yoldaşı Ənvər Ağayevi itirən Heybət Şikarov bu acılara rəğmən dəyanətini itirməyib, 1946-cı ildə Azərbaycana dönərək, zəngin fəaliyyəti ilə xalqının ən ləyaqətli övladı kimi adını tarixə əbədi həkk edib.

 

Təsadüfi deyil ki, bu gün el-obasında, yurd-yuvasında bu mətin, dəyanətli, zəhmətkeş və əsl ziyalı insanın adı fəxarətlə çəkilir, icimai-mədəni və təhsil sahəsindəki fəaliyyəti böyük məmnunluqla yad edilir.

Mübaliğəsiz demək olar ki, Azərbaycan təhsili üçün böyük ziyalı, maarifpərvər Fürudin bəy Köçərli nə iş görürdüsə, Qobustan rayonunun Təklə məktəbi üçün Heybət Şikarov da eyni missiyanı yerinə yetirmişdi. Yəni məhz Heybət Şikarovun əvəzsiz xidmətləri nəticəsində rəhbərlik etdiyi Qobustan rayon (keçmiş Şamaxı rayonunun) Təklə kənd orta məktəbində böyük bir intellektual nəsil yetişmişdi.

Hazırda həmin məktəbin direktoru işləyən Tahir Səbzəliyevin də qeyd etdiyi kimi, onun yetişdirdiyi,  zəka verdiyi kadrlar bu gün müxtəlif sahələrdə öz töhfələrini verməkdədirlər:

“Görkəmli ictimai xadim və maarifpərvər şəxsiyyət Heybət Şikarov ömrünün təxminən 30 ildən artıq bir hissəsini Təklə kənd tam orta məktəbinin rəhbəri kimi fəaliyyət göstərərək, kənddə təhsilin inkişafı istiqamətində mühüm işlər görmüşdür. Onun təhsil sahəsində həyata keçirdiyi uğurlu layihələr həmçinin rayon təhsilinin inkişafına da böyük təkan vermişdir. Bütün bunların nəticəsidir ki, Təklə kənd məktəbindən məzun olmuş onlarla ziyalı hazırda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Sevindirici haldır ki, məktəbi bitirmiş 15 nəfərə yaxın elmlər doktoru, professor, elmlər namizədi müxtəlif elm sahələrində səylə çalışırlar”.

Qeyd edək ki, alman və rus dillərini mükəmməl bilən məhz bu uzaqgörən insanın təşəbbüsü ilə sovet dönəmində rus dilini öyrənmək məqsədilə məktəbin şagirdləri Ukraynanın müxtəlif məktəblərinə göndərilərək təcrübə-bilik mübadiləsini genişləndirir, bu üsulla Təklə məktəbinin şagirdləri rus dilini mükəmməl mənimsəyirdilər.

Eyni zamanda, Heybət müəllimin bacarığı nəticəsində məktəbin nəzdində zəngin təsərrüfat sahələri yaradılmışdı. Və həmin sahələrdən əldə olunan gəlirlər hesabına məktəbin iqtisadi problemləri həll olunurdu: məktəb üçün mədəniyyət evi, yeməkxana, respublikada o vaxt analoqu olmayan 6 yaşlılar üçün sinif otaqları tikilmişdi. Həmçinin, 6 yaşlılar məktəb hesabına pulsuz yeməklə təmin olunurdular. Hətta bu vəsaitlər hesabına Şamaxının bəzi kəndlərində məktəb binası və klublar da inşa olunmuşdu.

1958-ci ildə rayon rəhbərliyinin onu ən geridəqalmış təsərrüfatlardan biri olan Təklə (ovaxtkı Leninabad) kolxozuna sədr təyin etməsi isə Heybət Şikarovun zəngin idarəçilik bacarığına ən böyük etimad idi. Müharibədən sonra əhalinin maddi vəziyyətinin çox ağır olduğu dövrlərdə onun bir sədr kimi işgüzar fəaliyyəti, insanlara və onların əməyinə qayğı ilə yanaşması nəticəsində ətrafına böyük zəhmətkeş ordusu toplamağa səbəb oldu. Tezliklə dolanışıq ucbatından başqa yerlərə gedənlər də kolxoza üz tutdular. O, rayondan kolxoza zəruri texnika və avadanlıqlar gətirməklə, hər kəsə bacardığı iş tapşırmaqla, eyni zamanda, o özü gecə-gündüz əkin sahələrində, fermalarda can qaymaqla bol məhsuldarlığa və böyük heyvandarlığa nail oldu ki, bununla da evlərə, ailələrə ruzi-bərəkət gəldi, insanların üzü güldü.

Beləcə, Heybət müəllim 4 il kolxoza rəhbərlik etdi. Əvvəllər geridə qalmış, sakinləri çox yoxsul vəziyyətdə olan kolxoz respublika miqyasında ən inkişaf etmiş təsərrüfatlardan birinə çevrildi. Kolxozun maddi-texniki bazası genişləndirildi, çoxlu sosial, inzibati və təsərrüfat binaları inşa olundu. Kolxoza cins mal-qara gətirildi, heyvandarlıq sahəsi – maldarlıq, qoyunçuluq, quşçuluq görünməmiş dərəcədə inkişaf etdirildi, camaatın həyat səviyyəsi yüksəldildi. Kənddə stasionar dizel elektrik stansiyaları quraşdırıldı. İnsanlar yeni-yeni evlər tikməyə başladılar.

1968-ci ildə Heybət müəllim yenidən Təklə kənd məktəbinə direktor təyin edildi. Məktəb yenidən öz əvvəlki şöhrətini qaytararaq nəinki respublikada, hətta keçmiş SSRİ-də nümunəvi məktəblərdən biri oldu. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan SSR Müəllimlərinin I Qurultayında belə bir cümlə işlətmişdi: “Deyirlər belə bir məktəb var – Leninabad məktəbi, direktoru Şikarov”. Dahi Heydər Əliyevin Qurultayda Heybət Şikarovun adını çəkməsi onun fəaliyyətinə diqqət göstərməsi demək idi. Və Ulu Öndərin məhz bu sözlərindən sonra Heybət müəllim SSRİ Ümumittifaq Müəllimlərinin I Qurultayına nümayəndə seçildi, ona “Qabaqcıl maarif xadimi” Fəxri adı verildi, həmçinin  Qırmızı Əmək Bayrağı Ordeni ilə təltif edildi.

Heybət müəllimin mədəniyyətə, incəsənətə, poeziyaya böyük önəm verməsi, rəhbərlik etdiyi məktəbin nəzdində musiqi məktəbini yaratması, Təklə kənd orta məktəbində zəmanəsinin çox tanınmış simaları, görkəmli elm və mədəniyyət xadimləri Bəxtiyar Vahabzadə, Məmməd Araz, Anar, Əzizə Cəfərzadə, Xudu Məmmədov, Sara Qədimova, Lütfəli Abdullayev və b. ilə görüşlər təşkil etməsi onun dünyagörüşlü və intellektli gənc nəslin yetişməsində əvəzsiz rol oynamışdı. Onun rəhbərliyi ilə məktəbdə təhsillə bərabər, şagirdlərə əmək təliminin aşılanması, kənd təsərrüfatının sirlərinin və texnikalardan istifadə qaydalarının öyrədilməsi məktəbi bitirən hər bir gənci zəhmətə, əməyə hazırlayırdı.

Həmin illəri xoş xatırlayan, Heybət Şikarovdan sonra Təklə mətəbinin direktoru işləmiş Gülbala Bayramov qeyd edir ki, bütün bu nailiyyətlərə və inkişafa qeyri-adi istedada, kəskin təfəkkürə malik olan Heybət müəllimin böyük təşkilatçılıq və idarəetmə qabiliyyəti sayəsində nail olunmüşdu:

“O dövrdə respublikada üç tanınmış kənd məktəbi var idi. Tovuz rayon Bozalqanlı kənd məktəbi, Ağdaş rayon məktəbi və bizim Təklə kənd məktəbi ən tanınmış təhsil ocaqları idi. Hər üç məktəb o vaxt SSRİ Xalq Nailiyyətləri Sərgisində yüksək medallara layiq görülmüşdü. Onun 1969-cu ildən sonra rəhbərlik etdiyi Təklə kənd orta məktəbi 15 alim yetişdirə bilmişdi. Heybət Şikarov nəinki yaxşı rəhbər, həmçinin nüfuzlu, sözükeçən şəxsiyyət idi. O, istənilən situasiyada tez düşünüb qərar vermək bacarığına malik bir insan idi”.

Heybət Şikarov istər sovet, istərsə də müstəqillik dönəmində məktəb direktoru kimi fəaliyyəti dövründə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsini də diqqət mərkəzində saxlayırdı. Buna misal olaraq, onun öz şəxsi və məktəb kollektivinin iməcilik vasitəsilə qazandığı vəsait hesabına Böyük Vətən Müharibəsində həlak olmuş təkləlilərin xatirəsinə ucaldılmış abidəni, həmçinin, Təklə kəndinin girişində Qarabağ şəhidlərinin xatirəsinə ucaltdığı şəhid Elşən Hüseynovun abidəsini göstərmək olar. Məhz Heybət müəllimin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində gördüyü təbliğati işlər nəticəsində hazırda Milli Ordumuzun sıralarında Təklədən olan xeyli sayda zabit qulluq edir.

Onun humanist və qayğıkeş bir insan kimi yaddaşlarda əbədiyaşarlıq qazanması da müasirləri tərəfindən xoş anılır. 1993-cü ildə Kəlbəcər rayonundan qaçqın düşərək, Şamaxıya üz tutan şair Əlövsət Saldaş bildirir ki, böyük insan Heybət Şikarovun qayğısı olmasaydı, o və digər köçkünlər ağır mənəvi və maddi çətinliklər məngənəsində dərin sarsıntılar yaşayardılar:

“Heybət müəllim unudulmaz şəxsiyyətdir. Onun yüksək mənəvi keyfiyyətləri insana ruh verirdi. Mən Heybət müəllimin el-obasını itirən bir insan kimi qaçqın və məcburi köçkünlərə göstərdiyi dəstəyi heç vaxt unuda bilmərəm. O, Azərbaycanımızın  ictimai həyatında, təhsil, mədəniyyət sahəsində iz qoymuş şəxsiyyətdir”.

Qürurla demək olar ki, bu gün dövlətçiliyimizin möhkəmlənməsində Heybət Şikarov nəslinin layiqli övladları da şərəflə xidmət göstərirlər. Bu nəslin bilikli, intellektli, vətənpərvər nümayəndələri babalarının yolunu davam etdirərək, ölkəmizin ictimai-siyasi həyatında xüsusi xidmətləri ilə seçilirlər.

Əvəzsiz şəxsiyyət Heybət Şikarovun yaxından tanıdığım nəvəsi, Daxili İşlər Nazirliyinin Qazaxıstandakı nümayəndəsi Nəsimi Şikarovun timsalında bu nəsilin təcrübəli diplomat, peşəkar hərbçi, pilot və digər sahələrdə çalışan oğulları dövlətimizin daha da qüdrətlənməsinə öz layiqli töhfələrini verməkdədirlər. Onlar mərd babaları kimi Vətənimizin bütövlüyü naminə Ali Baş Komandan İlham Əliyevin hər bir əmrinə müntəzir olaraq doğma Qarabağımızın bütün yaşayış məntəqələrində Qələbə Bayrağımızı sancmağa hazırdırlar!

Hazırladı: Sevinc Paşayeva

  • Zakir Binnətli
    May 9, 2020 - 12:32

    Çağdaş Azərbaycanın tarixini bu nəsilin timsalında vərəqləmək mümkündür. Ölənlərə rəhmət, indiki nəslə isə bundan sonra da, Vətənə sevgi və sədaqətlə xidmət etməyi arzulayıram. Hərçənd ki, elə də var.

Zakir Binnətli üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*