“Cibindəki şəklini hərbçi yoldaşına verib deyib ki…” – Hulusi Akarın təltif etdiyi tankçımız – VİDEObackend

“Cibindəki şəklini hərbçi yoldaşına verib deyib ki...” - Hulusi Akarın təltif etdiyi tankçımız - VİDEO

Vətən müharibəsində qəhrəmancasına şəhid olan hərbçilərimizdən biri də baş leytenant, tank komandiri Valeh İsbat oğlu Məmiyevdir. Valehin bu qəhrəmanlığından isə Türkiyənin müdafiə naziri Hulusi Akar şəxsən özü çıxışı zamanı danışıb. 

KONKRET.az xəbər verir ki, moderator.az-a danışan şəhid zabitimizin qardaşı Vüsal Məmiyev Valehin uşaqlıqdan hərb sənətinə həvəsi olduğunu bildirib:

“Valeh uşaqlıqdan hərb sənətinə çox həvəsli idi. Bibim oğlu hərbçi idi, evə gəlib-gedəndə Valeh onun formasını görəndə maraqlanırdı. Onun papağını götürüb geyinərdi. Daha sonra ona bir hərbçi forması aldıq. Valeh çox savadlı insan idi, istədiyi universitetə qəbul ola bilərdi. Amma o Ali Hərbi Məktəbi seçdi. 2011-ci ildə ali məktəbə qəbul olundu. 2015-ci ildən isə leytenant kimi xidmətə başlayıb”.

“Düşmənin üç tankını, 35 nəfər canlı qüvvəsini məhv edib…”

“Bir müddət tağım komandiri və daha sonra bölük komandiri olub. Valeh evə çox gec-gec gəlirdi. Müharibədən əvvəl ancaq təlimlərdə idi. Türkiyədə və ölkəmizdə təlimlərdə iştirak edirdi. O, oktyabrın 5-də döyüşlərə qoşulub və çox böyük qəhrəmanlıqlar göstərib. Döyüş yoldaşlarının dediyinə görə, düşmən Cəbrayıla əks-hücuma keçib və Valehin bu hücumun qarşısının alınmasında böyük xidmətləri olub. O, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanın işğaldan azad edilməsində iştirak edib. Təkbaşına düşmənin üç tankını vurub, 35 nəfər şəxsi heyətini məhv edib. Qubadlı-Laçın istiqamətində şəhid Milli Qəhrəman Şükür Həmidovun komandanlıq etdiyi döyüşlərdə ağır yaralanıb. Oktyabrın 23-də isə hospitalda dünyasını dəyişib”.



“Hulusi Akarla çəkdirdiyi şəkil Valehin cibində olub…”

“Hulusi Akarla görüşü isə müharibədən bir ay əvvəl, avqust ayında Türkiyədə keçirilən təlimlərdə baş tutub. Təlimin sonunda Hulusi bəy Valehi və bölüyünü təltif edib. Orda deyib ki, “sizin ən böyük vəzifəniz işğal altındakı torpaqlarınızı azad etməkdir”. Valeh də deyib ki, “biz Ali Baş Komandanın əmrini gözləyirik. Şəhid olsam belə, torpaqlarımızı işğaldan azad edəcəyik”. Hulusi Akarla çəkdirdiyi şəkil Valehin cibində olub və yaralanandan sonra onu çıxarıb hərbçi yoldaşlarından birinə verib və deyib ki, “hörmətli Hulusi bəyə deyərsiniz ki, mən sözümü tutdum”.  Hulusi Akar Azərbaycana gələndən sonra o fotonu görüb kövrəlmişdi. Özü bizə zəng vurub hamımızla danışdı, başsağlığı verdi.

Yardımlı rayonunda küçələrdən birinə Valehin adı verilib. Özümüz isə bir Şəhid bulağı tikmişik. Bizim Kürəkçi kəndinin ümumilikdə 6 nəfər şəhidi var. Ona görə də ayrıseçkilik etmək istəmədim və onların fotolarından ibarət bir bulaq tikdik”.

Valeh ölümündən sonra ölkə başçısı tərəfindən “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*