Çin haqqında gizli məktub, güllələnmiş kitab və ya əbədi zərrəyə çevrilən Dəmirçizadəbackend

Çin haqqında gizli məktub, güllələnmiş kitab və ya əbədi zərrəyə çevrilən Dəmirçizadə

    Qəzənfər Kazımov,
    filologiya elmlər doktoru, professor

Sular elə bulanıb, başımız elə qarışdırılıb ki, az qala, varlığımızı da unutmuşuq… 7 aprel – şənbə günü sağ-salamat yola saldıq, 9 aprel – bazar ertəsi dəfn olundu.

Şənbə günü saat 15-də komunnistlərə Çin haqqında MK-nın gizli məktubu oxunurdu. Professor ön çərgədə qapıya yaxın oturmuşdu. Məktubun oxunuşu çox çəkmədi, çıxdıq. Nə isə bir halsızlıq hiss edirdim professorda:

– Maşınla gedək, – dedim.

– Yox, hava yaxşıdır, Bilal ilə söhbət edə-edə gedəcəyik, – dedi.

Yol boyu durub dincəlir, parkda otururlar, parkdan qalxıb evə gəlir, televizora baxa-baxa halı pisləşir, təcili yardım gəlsə də, kömək edə bilmirlər: – “Bax, dayandı… Dayandı…” – deyə-deyə ürəyini tutub gözlərini əbədi yumur. Qədim veqalarda günəş şüalarının tərkibindəki zərrələrlə müqayisə edilən can bədəni tərk edənə qədər şüuru özündə olur.

O vaxtdan professor tez-tez yuxuma girərdi. Bəzən qış papağı ilə yalnız sifəti yadımda qalardı. Bəzən gülrəngi yarımqol köynəkdə. Nədənsə yuxularımda professoru həmişə bir qədər yüksəkdə görürəm –  Ekranlarda olduğu kimi…

Elə adamlar var ki, yuxuma girəndə mütləq zərər çəkirəm. Bilirəm ki, gündüz sözsüz bir qan-qaralıq olacaq. Lakin Ə.Dəmirçizadə ilə yuxuda görüşlərim ən ümidli, inamlı günlərə çevrilib. Yuxuda olduğum ən rahat və xoş dəqiqələrdə professorla görüşmüşəm. Ayılanda da xoş təəssüratla ayrılmışam və düşünmüşəm ki, gündüz nə isə fərəhli bir hadisə baş verəcək.

Xeyli vaxt idi, professorla “görüşmürdüm”. Avqustun ilk gecələrindən biri idi. Səhərə yaxın… Yenə professor bir qədər yuxarıda dayanmışdı. Mən onu sinədən yuxarı görürdüm. Çox qəribədir –  mən onunla heç vaxt danışmadığım kimi danışdım:

– Çoxdandır görmürəm sizi, evdə nə var, nə yox?

– Suyumuz yaman bulanır, – dedi. Deyəsən, bu sözləri bir də təkrar etdi. Hiss elədim ki, nə isə bir çarə axtarır. Amma yenə də gülümsəyirdi. İstədim deyəm ki, suyu durultmaq üçün təzə cihaz ixtira ediblər. Amma könlümdə vuruşdurdum ki, bu cihaz çox bahadır, həm də suyu durultmaq üçün tam etibarlıdırmı?

Ayıldım və fikrə getdim: “Suyumuz yaman bulanıb”. Nəyə işarə edirdi professor, indiki şəraitdə nəyi nəzərdə tutmamaq olar ki?! Geyinən kimi professorun biblioqrafiyasına baxdım. Mən onun vəfat tarixini bilirdim, doğum tarixini unutmuşdum: Halbuki unutmamalı idim. 60 illiyində yalnız Azərbaycan alimlərinə deyil, ittifaqın görkəmli türkoloqlarına, bir sıra xarici alimlərə dəvətnaməni mənim xəttimlə yazdırmışdı. Baxdım: Doğum tarixi 7 iyul, 1909-cu il. Anlamağa başlayırdım: Professorun anadan olmasının 85, vəfatının 15 illiyi idi və apreldə vəfatını qeyd etmədiyimiz kimi, iyulda da 85 illiyini yada salmamışıq. Sular o qədər bulanıb, başımız o qədər qarışıb ki, tərbiyə və təhsil verənimizi unutmuşuq. Professor bütün iyulu da dözüb, səbr edib, avqusta keçəndə əbədi zərrə qəlbimizə daxil olub, bizi oyadıb.

Gitada deyilir ki, “mötəbər şəxslərlə hesablaşmadan görülən iş özbaşına fəaliyyətdir” və özbaşına fəaliyyət çox zaman səmərəsiz olur. Tələbəlik illərini nəzərə almasaq, 1962-ci ildən 1979-cu ilədək Əbdüləzəl Məmməd oğlu Dəmirçizadənin rəhbərliyi altında onun qeyd və göstərişlərini dinləyərək, bilik və təcrübəsindən, davranış tərzindən öyrənərək fəaliyyət göstərmişəm. Ona görə də mən bu mötəbər şəxsi heç vaxt unutmamalıyam, 18 il müddətində, demək olar ki, hər gün görüşdüyümüz bu böyük şəxsiyyət haqqında bir neçə məqalə yazsam da, yenə bəzi xatirə-detalları yada salmağa borcluyam.

Ə.Dəmirçizadə qüsursuz şəxsiyyət idi. Həqiqi alim, gözəl müəllim, yorulmaz təşkilatçı, təvazökar insan idi.

Ə. Dəmirçizadə dilçiliyin dialektologiya müstəsna olmaqla, bütün sahələrinə dair ilk ən yaxşı tədqiqatların müəlliifi idi. Dil tarixi, fonetika, morfologiya, sintaksis, etimologiya, üslubiyyat, ədəbi tələffüz məsələlərinə dair geniş tədqiqat aparan şəxs onun tutarlı yazılarını nəzərə almadan keçinə bilməz. Bədii dil sahəsində tədqiqləri bir məktəb idi. Lakin bizim bu cəhalət dünyasında hər yeni əsəri meydana çıxarkən paxıllıq, həsəd və riyakarlığın müqaviməti ilə qarşılaşırdı. “Azərbaycan dilinin tarixi” adlı monumental əsəri 1948-ci ildə “güllələnmişdi”. Elə bil professor belə şeylərə alışmışdı. Bütün türkologiyada yeni hadisə kimi qiymətləndirilən “Azərbaycan dilinin üslubiyyatı” kitabı meydana çıxan kimi (1962) ilk cümləsində məntiqsizlik və qərəz aşkar olan iftira dolu məqalə buraxdılar.

Professor eşitdi, söhbət zamanı kafedrada dedi: “Mən yazmışam. Kim necə başa düşür-düşsün”. Və məlum oldu ki, professor o məqaləni heç oxumayıb, oxumaq fikrində də deyil. “Müasir Azərbaycan dili” dərsliyi çapdan çıxanda da zorla qüsurlar axtaranlar vardı. Tərkib hissələri zəncir kimi bağlı olan fonetika hissəsi nitq zəncirinin həlqəciklərini başa düşməyə geniş imkan verən bu kitab haqqında mən də rəy çap etdirmişdim. Avtobusla yol gedirdik. Görkəmli dilçi alim İsmayıl Əfəndiyevin dəfn günü idi. Professorla diz-dizə oturmuşduq. Danışmırdıq. Nə düşündüsə, birdən: “Sən elə başa düşürsən, onlar da elə” dedi. Rəyləri deyirdi, dünyanın xırdalıqlarına bələd olan müdriklər kimi xəfif güldü. Amma buna gülüş demək olmazdı.

Vəziyyət yavaş-yavaş dəyişirdi. Sovet hökuməti zəiflədikcə, daxildən çürüdükcə əyri yollarla dirçələnlər çoxalır və “bu yolda” əngəl olan ağır şəxsiyyətləri yoldan götürməyə çalışırdılar. Professoru yüz dəfə haqlı ola-ola akademik olmağa qoymadılar. İmzasız məktublar yazdılar – özünə yaxın adamlar: müxbir üzv seçiləndə bir neçə ay üzvlük haqqını verməyib! – yazdılar və bundan da istifadə etdilər. Kitablarının çapına mane də olurdular. “Azərbaycan ədəbi dilinin tarixi” kitabının nəşrini xeyli gecikdirdilər. O böyüklükdə alim, o böyük insan elə acizləşmişdi ki, tez-tez mənə deyirdi: “İmrana de, o kitabı çap eləsin”. Elə bil nə isə duymuşdu. Mən o vaxt İmran Abbasovla (“Maarif” nəşriyyatında şöbə müdiri) tez-tez görüşürdüm. Hər dəfə İmrana dedikcə bildirirdi ki, kitabın çapı ondan asılı deyil, amma ikinci hissəni versin ki, onu da şöbə çapa hazırlasın. Bu sözləri çatdıranda professor deyirdi ki, birinci hissəni görməyincə, ikinci hissəni işləyə bilməyəcək. Əslində isə ikinci hissəni işləmək professor üçün çətin deyildi – illərdən bəri toplanmış zəngin yazılarını sistemə salıb makinaya verməli idi. Professor aşkar görürdü ki, kitaba mane olurlar. Əsəbiliyi hiss olunurdu. Axır ki, heç o kitabı əməlli görmədi, əliuzalı getdi…

Professor son dərəcə namuslu, təmiz, saf bir insan idi. 18 il müddətində bir şəxsin əleyhinə onun bir kəlmə yersiz sözünü, qeybətini eşitmədim.

Akademik M. Şirəliyevlə tez-tez görüşməli olurdum və o, hər dəfə Dəmirçizadədən narazılıqla danışırdı. Deyirdim: “Professor, sizi aldadırlar, yaltaqlar sizə düz məlumat gətirmirlər, mən hələ bir dəfə nə evdə, nə də işdə Dəmirçizadənin sizin əleyhinizə, Muxtar müəllimin əleyhinə bir söz dediyinin şahidi olmamışam. Sizi aldadırlar. Dəmirçizadə ümumi yığncaq və müzakirələrdə nəyi tənqid edirsə, onunla kifayətlənir”.

Doğrudan da belə idi. Professor yalnız elmi müzakirə zamanı bu və ya başqa alimi tənqid edərdi, qiybətlə işi yox idi.

Sonralar M. Şirəliyev Dəmirçizadə haqqında danışmaq istədikdə dərhal üzümə baxar, “İndi sən etiraz edəcəksən”, – deyərdi. Və daha sonralar bir dəfə həqiqi peşmanlıqla: “Biz Dəmirçizadə kimi alimi akademik olmağa qoymadıq”. – dedi.

Gec idi. Dəmirçizadə akademik olsa da, olmasa da, onu gələcəyə titulları yox, əsərləri aparır və onun əsərləri dövrün dil və təfəkkür mənzərəsinin nümunəvi ifadəçiləridir.

Dəmirçizadə təbiətən bir qədər utancaq idi. Mən bir fədə onun dilindən ədəbdənkənar bir ifadə eşitmədim. Bərkdən danışmazdı. Bərkdən gülməyini görməmişdim.  Ən gülməli hallarda iki dəfə xəfif gülüşü eşidilərdi. Yığıncaqlarda danışdıqdan dərhal sonra boğaz damarlarına qan gələr, damarlar bir qədər qızarardı. Amma həmişə şirin yumor qatardı danışığına. Üzü daim təbəssüm saçardı.

Professor zəhmətlə böyümüşdü, ağır, əzablı, lakin fərəhli bir yol keçmişdi, övladdan, uşaqdan yarımasa da, kitablarını övlad kimi sevir, onlarla fərəhlənirdi. Və çox şükür ki, hər şeyin, o cümlədən kitabların da qiymətdən düşdüyü indiki dövrü görmədi. Öz işində son dərəcə səliqəli idi. Zəhmətdən yorulmazdı. 70 yaşına aprel-iyul arasındakı üç ay qalırdı, amma professor bir dəfə dərsini başqasına tapşırmamış və ya dərsdən qalmamışdı. Elmi işləri vaxtında və səbirlə müzakirə edərdi. Hər şeyin pozulduğu indiki dövrdə kafedra müdirlərinin dərslərə getdiyi yadıma gəlmir, amma professor tez-tez açıq dərslər təşkil edər, özü təklikdə dərslərə gedərdi.

  • Bir dəfə praktik məşğələ dərsimə gəldilər. Necə oldusa, az sonra mühazirəmə gəlmişdilər. Müzakirə zamanı yoldaşlardan biri qeyd etdi ki, mən praktik məşğələdə oturmuşam, mühazirə zamanı axıradək gəzmişəm. Professor dedi ki, “Fel hərəkət deməkdir”, – mövzum feldən idi. Professor rəsmi açıq dərslərlə kifayətlənmirdi. Yenə həmin günlərdə bir gün dərsə gedirdim, dedi: “Mən də gedim, qulaq asım”. Axıra qədər qulaq asdı. Mövzu “Xüsusiləşmələr” idi. Mən bir azda həvəslənib daha çox məlumat verməyə çalışdım. Çıxanda professor dedi ki, çox kənara çıxırsan. Mən bu sözlərlə xeyli müddət razılaşmadım. Amma indi başa düşürəm ki, biz hər şeyi birdən tələbələrin başına yeritmək istəyirik, bildiyimizin hamısını birnəfəsə öyrətmək istəyirik.

Professor elmi seminarlar keçirir, başqa ali məktəb və institutların əməkdaşlarını dəvət edirdi. Bu müzakirələr adətən mübahisəli keçirdi, lakin professor axırda müzakirəni təmkin və ustalıqla yekunlaşdırardı. Özü də başqa şəhərlərə konfranslara gedirdi. Gərək ki, 62-ci il idi. Leninqrada konfransa getmişdi. Gəldi, kafedra təəssürratını danışdı. Dedi ki, Stalinin “Marksizm və dilçilik məsələləri” kitabını müzakirə edirdilər, tənqidə çalışırdılar (yuxarıların göstərişi ilə), amma elə bir şey tapa bilmədilər, əsas nöqsan onu göstərdilər ki, Stalin lüğət tərkibini iki hissəyə bölür, birinə “Əsas lüğət fondu”, o birinə ad tapmayıb.

Amma bu konfrans professorun özünə təsir etmişdi, o, bundan sonrakı yazılarında lüğət tərkibindən danışarkən onu “lüğət tərkibinin əsas hissəsi”, “lüğət tərkibinin əlavə hissəsi” kimi iki hissəyə ayırırdı.

Professor bir də Mirəli Seyidovun bu konfransdakı məruzəsindən danışır, Mirəlinin erməniləri necə ifşa etdiyini ləzzətlə qeyd edirdi. Professorun dediklərindən aydın oldu ki, Mirəli məruzəsində hansı məsələdəsə erməniləri ifşa edir. Ermənilər düşürlər Mirəlinin üstünə, lakin Mirəli bunu gözləyirmiş, ona görə də əsas faktları gizlətmişdi. Axırda yenidən çıxış edir, yeni kəskin faktlarla erməniləri susdurur.

Biz professorla pərdəli dolanırdıq, artıq söz, artıq hərəkət mümkün deyildi. Hər dəfə kafedraya girəndə şagird kimi ayağa durardıq və bu ehtiramı axıra qədər davam etdirmişik. Professor özü hazırcavab idi, hazırcavablığı sevirdi. Böyük yığıncaqlarda arabir replikası eşidilərdi. Arabir kafedrada mən də sərhədi aşırdım, lakin acığına gəlməzdi. Bir dəfə sentyabrın axırı və ya oktyabrın əvvəli idi – elmi işlərin qrafikini hazırladı, kafedrada bir-bir məruzə vaxtımızı elan etdi. Tez idi, sözünü qurtaranda dedim: – Professor, bizim mövzularımızı yadımıza salsa idiniz, yaxşı olardı.

Elə bil yoldaşlar himə bənd imişlər – bir gurultu, bir şaqqıltı qopdu, professor özü də gülümsəyə-gülümsəyə bizə qoşuldu. Amma gələn həftə birinci öz əsərini gətirdi.

Bir dəfə kafedra iclasının sonunda dedim:

– Professor, bəs deyirdiniz, “Trafaret Şura qızları” (“Ədəbiyyat” qəzeti, 1936) adlı məqalə sizindir, onun müəllifi “Zyebil” imiş ki?! Sualımın bir zarafat olduğunu anlamamış deyildi. Yenə gülümsədi. “Zyebil” italyanca “dəmirçi” deməkdir, – dedi.

Mən arxivdə işləyərkən rast gəldiyim bu məqalənin üzünü çıxartdırmışdım. Bir nüsxə professora verdim. Yazısına heyrətlə baxdı: Yəqin ki, keşməkeşli 30-cu illər, Çobanzadəli günlər yadına düşdü…

Professorda güclü dil duyumu var idi. Yüksək nəzəri hazırlıqla yanaşı, faktların təhlilində böyük ustalıq qazanmışdı. Birdən kafedrada mübahisə düşəndə sintaksisin bu və ya digər məsələsi ilə bağlı elə mühakimələr yürüdürdü ki, heyrətdə qalırdım. Halbuki professor sintaksisdən çoxdan ayrılmışdı və həmin sahələrin tədqiqatçıları artıq başqaları idi.

Professorun ümumi imtahan götürmə metodundan başa düşürdüm ki, tələbəni imtahanla imtahana çəkmək lazım deyil. Tələbə mühazirəni dinləyibsə, məşğələlərdə iştirak edibsə, ümumi anlayışı varsa, deməli, mənbə və materiallara bələddir, incəlikləri öyrənmək üçün imkanları vardır. Çox zaman sualı özü danışar, tələbəyə axırda “yaxşı” yazardı və soruşanda: “İmtahanda da öyrənməsi gec deyil” deyərdi. Bir dəfə imtahanıma gəlmişdi. Tələbələr yaxşı qiymətlər alardılar. Kəsillən yox idi. Xeyli oturdu, çıxanda hər ehtimala qarşı yenə dedi: – Qəzənfər, bilirsən də Sovet hökuməti üçlük buraxır (barmaqları ilə üç göstərdi), ikilik buraxmır.

Mən professoru başa düşürdüm və o tərbiyə ilə indi də biıməyəni saxlamaqda çətinlik çəkirəm.

Professor ömrü boyu heç kimə borclu qalmamış, elmi mübahisələr prosesində, elmi yazılarında bilik, istək və iradəsini həyata keçirməkdən çəkinməmişdir. “Azərbaycan dilinin üslubiyyatı” əsərinin əlyazması nazirliyin tədris-metodiki şurasında  geniş müzakirə olunur, kitabın əleyhinə hazırlanmış bu müzakirədə elə məruzəçi 40 dəqiqəyə qədər kitabı “tənqid” edir, sonra başqaları da düşür üstünə və kitabın çapını məsləhət bilmirlər. Professor durub araxçınını düzəldir: “Özünüz bilin, mən yazmışam”, -deyib çıxır. Şura üzvləri də çıxırlar. Köhnə Marks bağında “Maarif” nəşriyyatının direktoru Hamid Qasımzadə təsadüfən onlara rast gəlir: – Sizi təbrik edirəm, dilə dair bir yaxşı kitabda çap etdik, – deyib “Azərbaycan dilinin üslubiyyatı” kitabının ilk nüsxəsini onlara göstərir. Beləcə professor çox zaman öz əleyhdarlarını qabaqlayardı. Bu hal canlı müzakirə və mübahisələrə də aid idi.

Son vaxtlar əzgin və tutqun görünürdü. Dərdini heç kimə deməzdi. Aprelin 3-də elmi konfransda da bir qədər əsəbi danışdı.

Çıxanda dedim:

– Yaxşı havadır, yəqin gəzə-gəzə gedəcəksiniz?

– Bəs sən nəyinən gedirsən?

– Maşınla, – dedim.

– Onda gedək, – dedi

Oturduq. Əvvəllər etdiyi bir zarafatını təkrar elədi:

– Hələ yaxşı sürücü olmamısan (“Sürücü” sözünü qəsdən eyhamla tələffüz etdi), – qabaq şüşənin altını göstərdi: – Buraları şəkillərlə bəzəməmisən.

Maşından düşüb, söhbət edə-edə mənzilinə – ikinci mərtəbəyə qalxdıq. Oturmadım. Xudahafizləşib ayrılanda bir xahiş də elədim:

– Professor, Yunis müəllimin bir kitabı var, çap eləmək istəyir, utanır sizə deməyə (hərdən yoldaşlar mənə ərk eləyərdilər).

– Redaktə et, burax, – dedi. Ayrıldıq.

Demə, bu, bizim ondan son xahişimiz imiş. Professor, çox güman ki, həmin günlərdə mikro infarkt imiş və bunu mədə-bağırsaq ağrıları zənn edib ayaq üstə keçirərmiş. 7 apreldə Çin haqqında məktub oxunandan sonra onu yola salarkən daha üzgün gördüm. Professor “Azərbaycan ədəbi dilinin tarixi” kitabı üzərində sürətlə işləmişdi. Bərk yorulmuşdu. Belə yorğun günlərində ağır bir hadisə ilə üzləşməli olur: üst mərtəbəyə od düşür və alov peçin bacasından professorun kitabxanasına soxulmağa başlayır. Professor “Bəs mənim kitablarım?” deyə-deyə həyəcan içində ora-bura zəng vurur. Yanğını söndürürlər, amma yorğunluq və həyəcan öz işini görür, əbədi zərrənin çıxması üçün ürək damarlarını zədələyir, parçalayır…

Professor yenə yüksəklərdə görünür. Onun müqəddəs ruhu yenə bizim fəaliyyətimizə nəzarət edir.

1994-cü il, avqust

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*