Türkiyənin “CNN Türk” kanalı Ermənistanın humanitar atəşkəsi pozması barədə süjet təqdim edib.
KONKRET.az xəbər verir ki, işğalçı Ermənistanın Gəncədə mülki vətəndaşlara qarşı raket hücumunun səbəbləri politoloqlar tərəfindən müzakirə olunub.
Gürsel Tokmakoğlu qeyd edib ki, Ermənistan ordusu cəbhədə zəif olduğu üçün belə addım atıb: “Cəbhədə zəifdirlər, orada müqavimət göstərmədikləri üçün mərmiləri mülki şəxslərə atırlar”.
Abdullah Ağar bildirib ki, ermənilər növbəti dəfə soyqırımı törətmək eşqinə düşüblər: “90-cı illərdə Qarabağda etdiklərinin bir bənzərini reallaşdırmaq istəyirlər. Yəni, müharibənin dəhşətindən uzaq olan və buna müqavimət göstərməyən mülki şəxsləri qorxuya, təşvişə salmaq istəyirlər”.
Güngör Yavuzaslan isə söyləyib ki, Ermənistan mülki şəxsləri vurmaqla Azərbaycanı təxribata sövq edir: “Ermənistan bunu qəsdlə edir. Ermənilər Azərbaycanın onların öz ölkələrinə hücum etməyini istəyir. Beləliklə, üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMK) ilə müqaviləsini reallaşdırmaq niyyətindədir. Bununla da, bölgəyə rus əsgərlərinin sülh məqsədilə gəlməyini istəyir”.
Coşkun Bağbuğ vurğulayıb ki, Ermənistan Qafqaz bölgəsini problemli bir region kimi dünyaya təqdim etmək niyyətindədir: “Ermənistanın hücum etməkdə məqsədi gərginliyi daha da artırmaq istəməsindədir. Niyyəti bölgəni beynəlxalq problemli bir əraziyə çevirməkdir”.