Gələn ay Bakıda BMT-nin İqlim Dəyişikliyi COP29 Konfransı start götürəcək. Bu mühüm tədbir öncəsi Ermənistan və onun havadarları ölkəmizə qarşı böhtan kampaniyasına başlayıb. Azərbaycan isə düşmənin hiyləsini anlayır və kampaniyaya qarşı bütün mövcud üsullardan istifadə edir. Sosial şəbəkələrin təkcə erməni seqmentində deyil, digər seqmentlərdə də Azərbaycan hədəf götürülür və ölkəmizə qarşı çirkin təbliğat aparılır. Düzdür, onların bir çoxu şikayətlər əsasında bağlanıb.
Azərbaycanla bağlı böhtan kampaniyası təkcə sosial şəbəkələrə deyil, müxtəlif Qərb ölkələrinin parlament divarlarının arasına, media orqanlarına da sızır. Onilliklər ərzində erməni yalanlarının əsirinə çevrilən Qərb auditoriyası populist demokratiya və ədalət şüarlarına bürünmüş yalançı təbliğata inanır. Ölkəmizin COP29-a ev sahibi seçilməsi Azərbaycanın beynəlxalq nüfuzundan, səmərəli beynəlxalq münasibətlər sistemi qurmasından, üstəlik, ekoloji problemlərin həllində iradə nümayiş etdirməsindən xəbər verir. Konfransın mühüm məqsədlərindən biri ümumi ətraf mühitin qorunması məqsədi ilə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin maraqlarını uzlaşdırmaqdır. Ən çətin geosiyasi şəraitdə suverenliyinin və ərazi bütövlüyünün tam bərpasına nail olan Azərbaycan praktiki fəaliyyətlərdə strateji düşüncə nümunəsini nümayiş etdirdi. Məhz ölkəmizin bu keyfiyyəti iqlim dəyişikliyi ilə bağlı qlobal forumun keçirilməsini düzgün və unikal məkana çevirir. Bu cür irimiqyaslı tədbirin keçirilməsi ev sahibi ölkə üçün təkcə qürurverici deyil. Həm də təşkilati və intellektual resursların səfərbər edilməsini tələb edən böyük problemdir. Lakin forumun keçirilməsi ilə bağlı vəzifələri həll edərkən Azərbaycan siyasi xarakterli əlavə çağırışla üzləşib. Bu ilin yayından başlayaraq ölkəmizə qarşı qara piar kampaniyası başlayıb. Düşmənçilik fəaliyyətləri müxtəlif üsullarla həyata keçirilir. Kampaniya əsasən X sosial şəbəkəsində aparılır. Bu şəbəkədə kampaniya iyun ayından başlayıb və onun istər erməni əsilli, istərsə də ermənipərəst mövqedə dayanan şəxslər tərəfindən həyata keçirildiyini müşahidə etmək o qədər də çətin deyil. Onlar qlobal ictimaiyyəti COP29-u boykot etməyə çağırırlar. Kampaniyanın əsas məqsədi ölkəmizin reputasiyasını ləkələmək, COP29-un Bakıda keçirilməsinin qarşısını almaq, Azərbaycana siyasi təzyiq göstərmək, xüsusən də həbsdə olan erməni hərbi cinayətkarların azad edilməsinə nail olmaqdır.
Məqsədlərinə çatmaq üçün kampaniyanı aparanlar öz postları üçün COP29-un əsas brend heşteqindən istifadə edir və ona artıq öz heşteqlərini əlavə edirlər. Bunlar StopGreenwashGenocide, FreeArmenianHostages, FreePoliticalPrisoners heşteqləridir.
Bu kampaniyanın əsas ideya müəllifi dünya erməniliyinin əsas təşkilatı – Erməni Milli Komitəsi və onun Amerika şöbəsidir. Məhz bu kampaniyaları sonuncular maliyyələşdirir. Bununla belə, Erməni Milli Komitəsi birbaşa ünsiyyət vasitələrindən daha çox istifadə edir. Bu təşkilatların siması özlərini “azadlığın və ədalətin təbliğatçıları” kimi təqdim edən, əslində isə yuxarıdakı təşkilatların onlara verdiyi maddi faydadan yararlanan adamlardır.
Dünyada Azərbaycan əleyhinə təbliğat tezislərini yaymaqda mahir olan Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo bu işin əsas təşkilatçılarından hesab olunur. 2024-cü il sentyabrın 6-da Armenianweekly.com saytına verdiyi müsahibəsində Okampo etiraf edib ki, Argentinanın erməni diasporunun üç tanınmış nümayəndəsi ilə bu məsələni dəfələrlə müzakirə edib. Bunlar hakim Leon Karlos Arslanyan, sosioloq Xuan Qabriel Tokatliyan və Sosialist Beynəlmiləlləşdirmənin vitse-prezidenti Nazla Nazlyan olub. Amma keçmiş prokuror erməni “vətənpərvərlərin” ona nə qədər pul təklif etdiyini deməyib. Bundan sonra Okampo fəallaşıb və antiazərbaycan fəaliyyətinə start verib.
Okamponun Qarabağ separatçılarını dəstəkləməsi barədə çoxlu faktlar var. Maraqlıdır ki, Okamponun ödənişli fəaliyyətinin ilk hədəfi Azərbaycan deyil. Əvvəllər o, antisemitizm və anti-İsrail kampaniyasının da fəallarından olub. İndi məlum olur ki, bu kampaniyanın iştirakçıları Fransada Makronun və Amerikada Demokratların tərəfdarlarıdır.
Okamponun media eşalonuna erməni diasporu bir sıra jurnalistləri də cəlb edib. Bunlar amerikalı Lindsey Snell, alman Yonatan Spangenberg, eləcə də erməni əsilli iki şəxs- Naru Maslany və Naru Armanidir. Yeri gəlmişkən, sonuncu Fransanın “France 24” telekanalının müxbiridir. Bu fakt Fransa hökumətinin kampaniyada iştirakı ilə bağlı əsaslı şübhələri artırır.
Böhtan xarakterli təbliğat texnologiyası isə belə qurulub. Mütəmadi olaraq, müəyyən saatlarda verilmiş heşteqlər və tezislər X sosial şəbəkəsində peyda olur ki, bu da sistemli yanaşmanın əsas sübutudur.
Şəbəkədə erməni diasporunun maliyyə sxemi ilə məşğul olan çoxlu “fəallar” var və bunlar, ilk növbədə, əvvəllər haqqında danışdığımız jurnalistlərdir. Məsələn, Spangenberg və Okampo qarşılıqlı olaraq bir-birlərinin yazılarını dəstəkləyirlər. Sistemli və şəbəkəli yanaşmanın digər açıq sübutları da aydın görünür. Okamponun hər hansı “X” yazısını bəyəndiyiniz zaman sizə avtomatik olaraq təşəkkür mesajıyla yanaşı, dünya erməniliyinin işinə daha necə kömək edə biləcəyiniz barədə ətraflı təlimat gəlir.
“Daşnaksütyun” partiyasının gənclər qanadının “X” hesabında isə hansı nömrə, hansı saat, hansı materialların və hansı heşteqlərin paylaşılması barədə məlumat var. Bundan əlavə, erməni istifadəçilər arasında COP29-a qarşı kampaniyaya dair təlimatların yer aldığı Telegram mesajının yayıldığı aşkarlanıb. Təlimatda COP29-a qarşı kampaniyanın əsas heşteqləri, başlama tarixi və əsas məqsədi qeyd edilib.
Şəbəkə piramidasında bir qrup saxta profilləri də aşkar etmək olar. Bu şəbəkədə erməni diasporunun müxtəlif nümayəndələrindən olan 100-150 nəfər var. Bu tip profillər öz yazılarını yaradır, əvvəllər sadalanan “fəalların” yazılarını şərh edir, bəyənir və paylaşaraq statistikada görünməyə çalışırlar. Bu profillərin sahibləri nə qədər öz şəxsiyyətlərini gizlətməyə çalışsalar da, onların gündəlik paylaşımlarından hansı mərkəzə aid olduqlarını və hansı maraqlara xidmət etdikləri aydın görünür. Bu profilləri bir neçə qrupa bölmək olar.
Birinci qrup Amerika diasporasından olan ermənilərdir. Bu profillərdə əsasən Azərbaycan əleyhinə materiallar, həmçinin ABŞ-ın daxili vəziyyətinə həsr olunmuş statuslar dərc olunur. Bundan əlavə, paylaşımlarda Türkiyə əleyhinə və terrorçu RPK-ya dəstək verən materiallar da yer alır.
İkinci qrup Fransadakı erməni diasporasına aiddir. Bu profillərdə əsasən Azərbaycan əleyhinə yazılar, həmçinin Fransanın siyasi həyatına həsr olunmuş statuslar dərc olunur. Bundan əlavə, Amerika profillərində olduğu kimi, yazılarda da Türkiyə əleyhinə çağırışlar var.
Bəzən şəbəkə fəaliyyətini gizlətmək üçün birinci və ikinci qrupun nümayəndələri gündəlik aidiyyatı olmayan yazılar dərc edirlər.
Üçüncü qrup isə sistem vasitəsilə daxil olan tezislər əsasında avtomatik olaraq Azərbaycan əleyhinə yazılar yaradan botların profillərindən ibarətdir.
Vəli Həsənoğlu,
KONKRET.az