Soçidə Robson kimi tanınan nüfuzlu erməniəsilli iş adamı Ruben Tatulyanın ofislərində axtarış aparılıb.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, axtarışlar Tatulyanın dostu Andronik Mumjyanın ofislərində və evlərində də aparılıb.
Qeyd olunub ki, təhlükəsizlik qüvvələri əməliyyat zamanı gülləkeçirməz jilet və dəbilqədən istifadə edib.
Məlumata görə, evlərində axtarış aparılan iş adamları hazırda Ermənistandadır. Onlar çoxmilyardlıq mənimsəmə işi üzrə axtarışa verilib.
Belə ki, hər iki iş adamı Soçidə ticarət mərkəzləri və yaşayış komplekslərinin tikintisində dələduzluqla bağlı cinayət işində ittiham olunur. İstintaq başlamamış dostlar çoxmilyonluq bizneslərini qoyaraq Rusiya ərazisini tərk ediblər.
Qeyd edək ki, Tatulyan kriminal avtoritetlərin yanında 90-cı illərdə diqqət çəkməyə başlayıb. O, fotolarda dövrün ən nüfuzlu qanun oğrusu, Ded Xasan ləqəbli Aslan Usoyanla bərabərdir. Özü də bu statusunu heç vaxt inkar etməyib.
Tatulyanın qohumları məsələyə şərh verməyə tələsmir.
İqbal Rzayev,
KONKRET.az