Dağlıq Qarabağda müharibə qaçılmazıdır – Sürətli silahlanma davam edir – MÜSAHİBƏbackend

Dağlıq Qarabağda müharibə qaçılmazıdır - Sürətli silahlanma davam edir - MÜSAHİBƏ

Son günlər Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu istiqamətində yaşanan gərginliyin heç də təsadüfi olmadığı məlumdur. Təbii ki, istər Azərbaycan cəmiyyətində, istər Ermənistan tərəfdə bu proseslər birmənalı qarşılanmır, hər iki cəbhədə müharibə çağırışları da səslənir, cəbhədə döyüş əməliyyatlarının əleyhinə olanların aktivliyi də diqqət çəkir. Uzun illərdir müxtəlif formalara düşməsinə rəğmən dəyişməyən bu vəziyyətə 20 ildən çox cəbhə bölgəsində jurnalist kimi fəaliyyət göstərən Teymur Zahidoğlunun münasibətlərini öyrənəcəyik. 

Xatırladaq ki, 1994-cü ilin yanvarında ali hərbi təhsilini yarımçıq qoyub cəbhəyə yollanan müsahibimiz ordu sıralarından tərxis edildikdən sonra jurnalist kimi Ağdam, Beyləqan, Tərtər, Füzuli, Goranboy rayonlarında, qısa müddət ərzində isə Ağstafa, Tovuz və Qazax rayonlarında fəaliyyət göstərib. Cəbhədə baş verən hadisələr haqda operativ xəbərlərlə müxtəlif KİV-lərdə çıxış edib. Eyni zamanda Qarabağ müharibəsi haqda çoxsaylı məqalənin, jurnalist araşdırmasının, sənədli, sənədli-bədii filmin müəllifidir.

– Teymur bəy, cəbhədə nə baş verir?

– Cəbhədə ya sərhəddə? İndiki halda bizdə ikili anlayış mövcuddur… Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni ordusu ilə Azərbaycan Ordusunun üzbəüz mövqeləri hərbi-hüquqi baxımdan sırf cəbhədir. Amma Ağstafa-Qazax istiqamətində müəyyən yerlər sərhəd, müəyyən yerlər isə cəbhədir. Məsəlçün, Qazaxın işğal altında olan Aşağı Əskipara, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Sofulu, Yuxarı Əskipara  və Xeyrimli kəndləri istiqamətində döyüş mövqeləri cəbhədir, çünki orada işğal faktı var, dövlət sərhədimizin pozulmadığı istiqamətlər isə indiki halda sərhəd-döyüş postu kimi qəbul olunmalıdır.

– Yaxşı, sualı daha konkret qoyaq, sərhəddə nə baş verir və niyə baş verir?

– Bu suala dəqiq, obyektiv cavab vermək hərbi nöqteyi-nəzərdən, həmçinin obyektiv və subyektiv amilləri nəzərə almaqla, olduqca çətindir. Amma şəxsi qənaətimə gəlincə, Ermənistan ordusunun pozduğu Azərbaycan dövlət sərhədləri nəyin bahasına olursa olsun, bərpa edilməlidir və mütləq belə olacaq. Bunu yaxşı bilən ermənilər Qazax istiqamətində gərginlik yaratmaqla beynəlxalq aləmin diqqətini ora yönəltməyə çalışdıqlarını hesab edirəm.

– Bəs işğal altındakı torpaqıarımız?

– Gəlin, detallı yanaşaq. Qazax istiqamətində söhbət Azərbaycanın dövlət sərhədindən gedir. Həmçinin Qarabağ bölgəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da dövlət sərhədlərimiz ermənilər tərəfindən pozulub və işğal edilib. Amma burda çox incə bir fərq var. Ermənistan Qazax istiqamətində sərhəd kəndlərimizi dövlət səviyyəsində işğal etdiyini gizlədə bilmir. Buna da cavab verməlidir beynəlxalq aləm qarşısında… Qarabağ və onun ətrafındakı rayonlarda isə Ermənistanın işğalçılıq siyasəti Qarabağ ermənilərinin guya öz müqəddəratını müəyyən etmək adı altında qələmə verilir. Belə çıxır ki, Azərbaycan vətəndaşı olan ermənilər öz talelərini həll etmək üçün silahlı mübarizə aparmaqdan ötrü milli elementləri əsas götürərək Ermənistandan hərbi, maddi, canlı qüvvə baxımından dəstək alır. Əslində isə burada da Ermənistan ordusu və siyasi hakimiyyəti əsas faktordur. Düzdür, illər əvvəl, müharibə dövründə Azərbaycanın ictimai-siaysi mühitində baş verən proseslər ermənilərin müəyyən mənada öz istəklərinə de-fakto nail olmasına şəriat yaratdı, amma de-yure ermənilər özlərini də çıxılmaz vəziyyətə saldılar.

Bu gün isə mənzərə dəyişib. Bəzi məqamlara diqqət yetirək: Ermənistan rəhbərliyi beynəlxalq tribunalarda Qarabağ məsələsini burada yaşayan ermənilərin problemi kimi qələmə verir… Amma Qarabağ müharibəsi ilə bağlı danışıqlarda kim iştirak edir? Rəsmi İrəvan, Ermənistan Prezidenti və ya Baş naziri, yaxud da xarici işlər naziri! Bu faktın özü hüquqi məntiqlə Ermənistanın işğalçı ölkə olduğunu təsdiqləyir.

Digər tərəfdən isə, Qazax istiqamətində sərhəddə baş verəcək istənilən miqyasdakı hərbi əməliyyata müharibə, Qarabağ istiqmətində isə hərbi əməliyyata silahlı münaqişə donu geyindirilir. Bu da təbii ki, müharibəyəqədərki uzun illər ərzində erməni diplomatiyasının fasiləsiz zəhmətinin məhsuludur. O da var ki, dünya ölkələri Azərbaycanın haqlı mövqeyini tanıyıb dəstəkləyənə qədər uzun və çətin diplomatik bir yol keçildi… Söz yox ki, bu müharibənin həllinə vasitəçilik edən dövlətlərin, konkret desək, ATƏT-in Minsk Qrupu ölkələrinin-Amerika Birləşmiş Ştatları, Fransa və Rusiyanın öz daxilində anoloji hal yaransa, bu vəziyyəti ən sərt şəkildə hərbi yolla həll edərdilər. Necə ki, ən yaxın keçmişdə baş verən Çeçenistan müharibəsini xarakterizə eləsək, buna tam əmin olarıq.

Amma Cənubi Qafqazda indiki halda müharibənin başlamasını hər yolla əngəlləyirlər. Təbii ki, bu da geopolitik məsələdir – arxasında çoxlu faktlar dayanır.

Bir yandan da nəzərə alaq ki, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətindəki dövlət sərhədlərimiz də daxil olmaqla Azərbaycan dövləti işğal altndakı torpaqlarını son qarışına qədər azad etmək hüququnu özündə saxlayır, deməli, bu günkü sülh danışıqlarının fövqündə müharibənin aqibətinin hərbi yolla həll edilməsi variantı aktual olaraq qalır.

– Bəs müharibə niyə olmur?

– Bu sual bu gün cəmiyyətin əksər hissəsini düşündürür. Gəlin belə danışaq, müharibə onsuz da qapımızı kəsdirib, qovsaq da, uzaqlaşan deyil. Həm də, istənilən halda savaş qismən passiv müstəvidə davam edir. Erməni tərəfdən də itkilər var, bizdən də. Bu dəqiqə döyüş əməliyyatları başlasa, onun nə qədər sürəcəyini heç kim proqnozlaşdıra bilməz. Bu müddət ərzində də itkilərimizi hesablamaq mümkün deyil. Bəs Azərbaycan və Ermənistan hər ikisi bu itkiləri qarşılamağa hazırdırmı? Təbii ki, bu sual ermənilər üçün açıq qalır. Azərbyacan tərəfdə isə situasiya tamamilə fərqlidir. Ən yaxın keçmişdə baş verən aprel döyüşlərində məlum oldu ki, Azərbaycan cəmiyyəti bir qarış torpağının işğaldan azad olunması üçün hər şeyi göz altına alır. Amma bir həqiqət var: itkilər xalqlar arasında qarşılıqlı nifrəti artırır, hər iki dövlətə müxtəlif təsir göstərməyə çalışan qüvvələrə yeni imkanlar yaradır ki, azərbaycanlılar və ermənilər arasında milli qarşıdurmanı daha da dərinləşdirsinlər. Bu qarşıdurmanın daha 30 il bundan sonra da aktual olması azərbaycanlılar və ermənilərdən başqa hamının marağına uyğundur.

Xatırlamağa çalışaq, 2014-cü ilin avqusta ayında, 2016-cı ilin aprel ayında cəbhədə yaşanan gərginlik zamanı sosial şəbəkə və müxtəlif media qurumlarında yayılan informasiya və xəbərlərin mənşəyi, xarakteri göstərdi ki, hər iki tərəfdə beşinci kolon ciddi fəaliyyət dairəsinə malikdir.

– Deməli, müharibə gözlənilir?…

– Ortada aydın görünən bir həqiqət var: Onsuz da, sülh danışıqları baş tutmayacaqsa, müharibə variantı qaçılmazdır və Azərbaycan tərəfi öz torpaqlarını erməni silahlı birləşmələrindən təmizləmək üçün çoxlu sayda hüquqi üstünlüklərə malikdir. Qarabağ məsələsi Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövüyü çərçivəsində daxili məsələsidir, dünyəvi humanitar hüququn tələbləri pozulub, insanlar öz dədə-baba yurdlarında yaşamaq hüququndan məhrum edilib, azərbaycanlılar qədim məskənlərində milli-etnik təmizləməyə məruz qalıb. O cümlədən, dünyaya məlumdur ki, ermənilər işğal altındakı torpaqlarda beynəlxalq aləmin əsas probleminə çevrilmiş narkotik vasitələrin qanunsuz istehsalı və dövriyyəsi, həmçinin nüvə qaçaqmalçılığı ilə məşğuldur, Qarabağ və ətraf yeddi rayonda terrorçu qruplara formalaşmaq üçün şərait yaradılıb, burada meydana gələn qanunsuz silahlı birləşmələr regionun siyasi-iqtisadi, hərbi və mədəni təhlükəsizliyinə ciddi təhdiddir və s.

– Demək istəyirsiniz ki, sülh variantına ümidlər tükənir?

– Müharibəylə bağlı bir məqamı diqqətdən qaçırmayaq: Əgər sülhə böyük ümid olsaydı, tərəflər silahlanmanı var gücü ilə davam etdirməzdi. Günümüzün reallığıdır ki, hər iki tərəf öz silahlı qüvvələrinin silah-sursat təchizatını müasir texnologiyalarla möhkəmləndirir, informasiya və psixoloji  müharibələrin üsul və metodlarından aktiv şəkildə istifadə edir, öz ordusunun gücünü artırmağa böyük məbləğdə maliyə vəsaiti xərcləyir. Hansı ki, bu pullara regionun inkişafı və Avropa səviyyəsinə çatdırılması üçün saysız-hesabsız layihə gerçəkləşdirmək olardı. Əgər böyük həcmdə pul silaha yönəldilirsə, deməli, müharibənin hər an başlamaq  ehtimalı istisna olunmur. Əks təqdirdə, ən azından gələcək 10-15 illik fəaliyyətini bu gün planlaşdıran dövlət silahlanmaya bu qədər xərc yatırtmazdı. Ən pis halda mövcud gücünü yeni texnologiyalarla təmin və təchiz etməyi düşünərdi.

Aprel hadisələri necə baş verdi? Erməni tərəfinin davamlı kəşfiyyat-diversiya hərəkətləri sonda dörd günlük müharibəyə çevrildi. Nəzərə alaq ki, insanlar 30 ildir müharibə əhval-ruhiyyəsi ilə tərbiyə alır. Həm də cəmiyyət müharibədən cana doymuş haldadır. Bu gün ordunu təmsil edən yaş nəsli əsasən Qarabağ müharibəsi dövründə və ondan sonra dünyaya gələnlərdir. Hamısı düşmənə nifrət ruhu ilə böyüyüb. İndi hamının nəinki əli, hətta düşüncəsi də tətikdədir.

Ona görə də, indiki məqamda problemin sülh yolu ilə həllini tapmaq an məsələsidir. Düzdür, danışıq üçün limit tükənməyib, amma bu imkan çox da deyil… Onu da nəzərə alaq ki, həm Azərbaycan, həm də Ermənistan ciddi təsir altındadır. Biz emosiyalara qapılıb qəbul etsək də, etməsək də, dünyada hegemon ölkələr arasında baş verən, yerləşdiyin regionda cərəyan edən prosesləri nəzərə almadan döyüş aparmaq mümkünsüzdür. Supergüclərin müharibə aparan tərəflərə münasibətləri istənilən halda nəzərə alınır. Baxın, NATO-ya üzvlük məsələsinin bir addımlığında olan Gürcüstanın ərazi bütövlüyü məsələsində problem varmı? Var! Cənubi Osetiya və Abxaziya problemi küncə atılıb qalmış problem kimidir. Birləşmiş Ştatlardan və NATO-dan hər cür yardım alan Ukraynanın ərazi bütövlüyü problemi varmı? Var. Moldovanın Dnestryanı problemi varmı? Var.. eləcə də, kifayət qədər belə faktlar saymaq mümkündür… Nüvə silahına malik Pakistanın Hindistanla Kəşmir problemi var, dünyaya silah ixracatında ikinci-üçüncü yeri tutan İsrailin hələ ki, muxtariyyət statusu daşıyan Fələstinlə problemi varmı? Var. Ən yaxın tərəfdaşımız olan Türkiyənin daxilində PKK kimi problemi var. Deməli, dünyanın siyasi düzənində oturuşmalı proseslər gedir və bütün bunlar bir-birilə zəncirvari əlaqəlidir. Eləcə də Qarabağ müharibəsinin aqibəti bu proseslərin yönəldiyi istiqamətlərdən ciddi şəkildə asılıdır. Hadisələr isə o qədər dəyişkəndir ki, proqnozlaşdırma aparmaq üçün dünyanın ən üst qatında cərəyan edən informasiya axınının içində olmaq gərəkdir…

– Son günlər sərhəddə baş verənlər bir neçə hərbiçimizin həlak olması ilə nəticələnib… 

– İtkisiz müharibə aparmaq mümkün deyil. Ermənilər də canlı qüvvə itkisinə məruz qalır. Həm də nəzərə alaq ki, dövlət sərhədinin Qazax istiqamətində qarşı tərəfdəkilər qaçaqmalçı və ya hansısa məqsədlə hərəkət edən sərhəd pozucuları deyil. Azərbaycana qarşı işğalçılıq siyasəti aparan bir dövlətin ordusudur. İtkilər hər iki tərəfdən bundan sonra da olacaq. Mümkündür ki, qısamüddətli döyüşlər də qeydə alınsın. Çünki erməni tərəfini narahat edən bir neçə məqam var ki, onlar vəziyyətdən çıxış yolu kimi qısamüddətli və kiçikmiqyaslı döyüş apamağa üstünlük verə bilərlər. Bu həm də onlara bu gün Qarabağ müharibəsinin həlli istiqmətində aparılan danışıqlarda dirəndikləri dalandan çıxmaqdan ötrü vaxt udmaq üçün də lazım ola bilər.

– Azərbaycan cəmiyyətində bu hadisələrə münasibət çox qarışıqdır… 

– Əvvəla, yaş nəsilləri dəyişikdir… Sovet düşüncə tərzi, müstəqillik illərinin düşüncə tərzi və ən yeni düşüncə tərzi… Hər dövrdə də müharibə texnologiyaları və müharibəyə baxış fərqli olub. Təhsil sistemləri də başqa-başqadır. Ona görə də bu gün ictimai-siyasi baxışlar yetərincə çoxşaxəlidir. Amma bir həqiqət var: Aprel hadisələrində nə baş verdi? Hamı döyüşə hazır idi. Deməli, münasibətlər dəyişik ola bilər, amma istək eynidir. Kim necə düşünürsə düşünsün, müharibə onlardan doğmalarını eyni cür alır… İtirən cəmiyyət olur, ayrı-ayrı fərdlər yox…

– Sosial şəbəkənin Azərbaycan seqmentində ehtiyyatda olan hərbiçilər arasında, aktiv şəbəkə istifadəçiləri arasında müzakirələr bəzən intiriqa həddinə gəlib çatır.

– Normal haldır. Bayaq dediyimiz kimi, yaş nəslinə görə düşüncələr fərqlidir. Müstəqillik illərinin ilk illərində cəmiyyətin qütbləşməsinə səbəb olan proseslərdən yığılıb qalmış intiriqa maraqları, həmin dövrün ictimai-siyasi fiqurları arasında yarımçıq qalmış “hesablaşmalar”, kin-küdurət və s. amillər də burada mühüm rol oynayır. Hamı özünü haqlı sayır. Heç kim real qiymətləndirmə üçün bir-birini dinləmək istəmir. Qütbləşmə sosial şəbəkələrdə də mövcuddur. Burada çox vaxt ölkəyə yad qüvvələrin marağı da özünü göstərir.

– Daha çox keçmiş hərbiçilər, hərbi sferaya yaxın olan adamlar arasında sosial şəbəkə üzərindən ciddi ittihamlar səsləndirilir…. 

– Bu kütləvi haldadır, deməzdim… Baxın, sosial şəbəkələrdə qızğın mübahisə edən adamların bir masa arxasında oturub sakit polemika apardığını az görmürük. Deməli, bu mübahisələr bir tərəfdən də cəmiyyətin xeyrinədir.

– Keçmiş hərbiçilər arasında bəzən indi vəzifədə olan həmkarları haqqında ittihamlar səsləndirənlər də olur…

– Keçmiş hərbiçi olmur, bu fikri əvvəlki sualda da ifadə elədiniz…Xidmətdə və ya ehtiyyatda olan hərbiçi olur… (Gülümsünür) Bu da normal haldır… Hərbiçilər yaxşı bilirlər, döyüşmək başqa şeydir, döyüşü idarə etmək başqa, döyüşə kənardan baxmaq isə tamam başqa…  Bunlar çox fərqli amillərdir. Eləcə də döyüşdə strategiya, taktika və hədəf anlayışları var… Strategiya və taktika bəzən dəyişə və ya dəyişdirilə bilir… Hədəf isə yox. O həmişə məhv edilir. Bax bu məhvetmənin icra edilməsi əsas şərtdir… Necə, nə ilə, nə zaman məhv etmək sualları meydana çıxır. Bu sualların cavabı isə həmişə yenilənən hərb elminə, dövrə uyğun texnologiyalara və müasir silah imkanlarına, bir də döyüşdüyün tərəfin davranış və səylərinə görə dəyişir. Hərbiçilər arasındakı qarşılıqlı ittihamların kökündə dayanan ən əsas amillərdən biri də dövrü dəyişkənlik, texniki inkişaf və başqa formalarda tətbiq olunan metodlardır. 15 il bundan əvvəl quru qoşunlarının kəşfiyyat bölmələri ciddi struktur idi. O vaxt bir qrup peşəkar kəşfiyyatçının bir həftəyə gətirə bildiyi informasiyanı indi bir saat ərzində balaca bir uçan aparatla əldə etmək olur… 5 ildən sonra bu günkü müasir texnologiyalar köhnəlmiş hesab ediləcək… Deməli, beş ildən sonra hərbi strukturlarda çalışanların bu gün orduda xidmət aparanlarla fikir ayrılığı da labüd olacaq…

– Sonuncu sualı vermək istəyirəm. Amma bir az çətindir  bunu səsləndirmək… 

– Buyurun…

– Sosial şəbəkələrdə Azərbaycan Müdafiə Nazirliyi ilə Sərhəd qoşunlarının arasında müqayisələr getdikcə çoxalmaqdadır. Sizin fikriniz maraqlı olardı… 

– Deyim ki, bu müqayisənin olması da normal haldır… Bu qurumların təyinatına diqqətlə fikir verək. Sərhəd Qoşunlarının işi müdafiə və mühafizədir. Yalnız zərurət yarandığı halda Ali Baş Komandan tərəfindən verilən əmr və ya göstəriş əsasında, Müdafiə Nazirliyinin, yaxud silahlı qüvvələrin digər bölmələri ilə hücum əmliyyatına qoşula bilər.

Müdafiə Nazirliyinin təyinatı isə sırf müdafiə və hücum əməliyyatını icra etməkdən ibarətdir. Baxın, hər iki qurumun silahlanmasında oxşarlıq olduğu kimi kəskin fərqlər də var. Amma Azərbaycan Silahlı Qüvvələrinin dörd vahid nizamnaməsi var ki, bu sənədlər bütün silahlı qüvvələrin hamısında xitmətin aparılmasını əhatə edir. Deməli, döyüş zamanı hər iki qurumun öz sahəsinə uyğun tapşırıqların icrasında işin təşkili fərqli olacaq-lakin eyni məqsədə xidmət göstərəcək… Burada da mühüm rol oynayan çoxlu amil var. Məsələn, təchizat və təminatdan tutmuş şəxsi heyətin döyüş hazırlığının səviyyəsinə qədər hər şey xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, bunları qısa bir müsahibə ilə aydın şəkildə izah eləmək müşkül məsələdir. Həm də oxucuların hamısı peşəkar hərbiçi və ya hərbi biliklərə tutarlı səviyyədə malik olmadıqlarına görə, qısa cavablar onlar üçün yetərli hesab olunmayacaq. Ona görə də hesab edək ki, müqayisə edilməsi də normal haldır. Ancaq bir şərtlə ki, müqayisə, müzakirə və mübahisə predmeti olan informasiyaların xaraketirnə yaxından bələd olmaq lazımdır… Əks halda, beşinci kolonun fəaliyyəti üçün münbit şərait yaradarıq…

Müsahibəni aldı: Fəqan Muxtar

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*